Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.
Modern.az xəbər verir ki, bu barədə vəkil Muxtar Mustafayev məlumat yayıb.
O bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir:
"Üç aya yaxındır ki, kolleqam Elçin Usubla ərəb mənşəli Azərbaycan vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək, Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul idi.
Abu Nahleh Xaled Frankfurt hava limanından keçməklə səfər edən zaman Küveyt Dövlətinin elan etdiyi beynəlxalq axtarışa əsasən saxlanılmışdı və onun həmin dövlətə ekstradisiya edilməsi məsələsinə baxılırdı.
Abu Nahleh Xaled Azərbaycan və İordaniya Krallığının vətəndaşıdır. Ona qarşı Küveyt dövlətində irəli sürülmüş əsassız ittihamları sübuta yetirilməyən hesab etmiş həmin dövlətin birinci və apellyasiya instansiya məhkəmələri ona bəraət versə də, Küveytin Ali məhkəməsi Abu Nahleh Xaledin məhkum edilməsinə dair qərar qəbul etmişdi. Bu qərarlar Abu Nahleh Xaledin iştirakı təmin edilmədən qəbul edilmişdi.
Eyni zamanda ərazi yurisdiksiyası kobud surətdə pozulmuşdu. Alman qanunvericiliyinə gözəl bələd olan kolleqam Elçin Usub tərəfindən Almaniya Federativ Respublikasının vəkilləri Dr. Yannic Hübner və Manuel Operhalsky müdafiəyə cəlb edildi".
Vəkil bildirib ki, Azərbaycanın Xarici İşlər və Ədliyyə nazirlikləri bu işdə ciddi dəstək olublar:
"Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən vətəndaşımızın konsul müdafiəsi təmin edildi, Ədliyyə nazirliyi tərəfindən isə hazırkı işlə bağlı sorğularımıza əsasən bütün zəruri cavablar, sənədlər operativ surətdə təqdim edildi.
Abu Nahleh Xaledin həbs edilməsinin əsassızlığı və Küveyt dövlətinə verilməsinin Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının ratifikasiya etdiyi "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə əsasən mümkünsüz olmasına dair tərəfimizdən ətraflı rəy tərtib edilərək, təqdim edildi.
Uzun sürən mübarizəmiz uğurla bitdi, Almaniya Federativ Respublikasının Frankfurkt Mayn əyalətinin Yuxarı prokurorluğu tərəfindən Abu Nahleh Xaledin ekstradisiyası üçün əsasların olmadığı səbəbindən onun dərhal azad edilməsi barədə 22 iyul 2025-ci il tarixdə qərar qəbul edilib".