Modern.az

Rusiya Paşinyanı devirməyə HAZIRLAŞIR?

Rusiya Paşinyanı devirməyə HAZIRLAŞIR?

Aktual

30 İyul 2025, 17:41

Son həftələr Ermənistandakı 102-ci Rusiya hərbi bazasına çoxlu sayda hərbi texnika və sursat gətirilib.

"Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır.

Qəzet, həmçinin qeyd edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatına istinadən bu barədə məlumat yayıb. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır. Bildirilib ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.

2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 

Daha əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Modern.az-a açıqlamasında bildirib ki, Ermənistanda mürəkkəb daxili siyasi situasiya, təbii ki Rusiya tərəfindən diqqətlə izlənilir və Moskva proseslərdən mümkün qədər uduşlu tərəf kimi çıxmaq istəyir.

“Şimal qonşumuz yaxşı başa düşür ki, müharibədəki məğlubiyyətə baxmayaraq seçkilərdə bir neçə dəfə qalib gələrək hakimiyyətini qoruyan Paşinyanın devrilməsi sadə məsələ deyil. Üstəlik, Qərb konkret desək, Fransa və Avropa İtttifaqı strukturları, o cümlədən ABŞ-də çoxsaylı dairələr öz layihələri olan Paşinyan iqtidarına Ermənistanda alternativsiz dayaq kimi yanaşır. Bütün bunların fərqində olan Moskva, eyni zamanda kilsənin də güc və imkanlarını, o cümlədən Ermənistan daxilində və erməni diasporu üzərində təsirini görməzdən gələ bilməz”.

Deputat əlavə edib ki, bu mənada Rusiyanın istənilən ssenariyə hazır olmaq üçün Gümrüdəki hərbi bazasına silah-sursat və texnika daşımasına dair məlumatlar təsadüf hesab edilə bilməz. Onun sözlərinə görə, rəsmi Moskva proseslərdən istənilən halda uduşlu çıxmaq üçün ikitərəfli oynamaqda davam edir.

“Qərbin çoxsaylı sanksiyaları, Ukraynadakı böhran və Suriyadakı məğlubiyyətin ardınca Rusiyanın Cənubi Qafqazda mövqeyini itirməmək üçün qətiyyətli davranmağa çalışdığı müşahidə olunmaqdadır. Bu mənada əminliklə demək olar ki, Rusiya qüvvələrini daha çox qalib tərəflə tərəfdaşlıq üçün səfərbər edir və əgər Paşinyan hakimiyyətini qoruya biləcəksə, ona əks halda isə kilsəyə hərbi-siyasi dəstək verə bilər. Unutmamalıyıq ki, Paşinyan nə qədər Qərb layihəsi olursa-olsun, Rusiyanın sanksiyalardan yayınmasında önəmli rol oynayan fiqurlardandır və bu mənada pərdəarxası əməkdaşlıq Moskvanın qeyd olunan situasiyada hazırkı Ermənistan iqtidarına dəstəyi real görünür”.

O həmçinin söyləyib ki, qeyd olunanlar fonunda əminliklə demək olar ki, proseslərdən zərər çəkəcək Ermənistan və erməni xalqıdır:

 “Bu ölkənin qonşularla münasibətlərini nizamlamaması, xüsusən hərbi-siyasi məğlubiyyətinə baxmayaraq hələ də Azərbaycanla sülh müqaviləsini imzalamaması, qanunvericiliyində Azərbaycan başda olmaqla, digər qonşularına qarşı ərazi iddialarını, dövlət ideologiyasında isə təcavüzkar mahiyyətini qoruması nəticə etibarilə Ermənistanı qütblərarası ziddiyyətin toqquşma nöqtəsinə çevirməkdədir.

Əgər Ermənistan ən qısa müddətdə revanşist və mifik ideyalardan əl çəkərək qanunvericiliyindəki təcavüzkar mahiyyətli tezislərdən qurtula bilsə və beləliklə də Azərbaycanla sülh müqaviləsi imzalayaraq Bakı və Ankara ilə əməkdaşlığa başlasa, ərazisini toqquşma nöqtəsi olmaqdan qurtara, suveren dövlət kimi davranması üçün yaranan tarixi şansı reallığa çevirə bilər”,- deyə deputat bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!