Modern.az

Dövlətlər korrupsiya ilə necə mübarizə aparır? - III HİSSƏ

Dövlətlər korrupsiya ilə necə mübarizə aparır? - III HİSSƏ

Aktual

30 İyul 2025, 15:30

Gəlin görək başqa xarici dövlətlərdə vəziyyət necədir? 

İngiltərə kimi dövlətdə korrupsiyanı nəzarət altına almaq üçün 100 ildən artıq vaxt lazım olmuşdur. Amma bunun əksinə olaraq Sinqapur və Honkonq kifayət qədər tez bir zamanda korrupsiyadan təmiz səviyyəyə keçmişdilər. Botsvana isə bunu 10 il ərzində etmişdir. Çili bir neçə ilə korrupsiyanın öhdəsindən gəlmişdir. Polşa və Uqanda qısa bir müddətdə korrupsiyaya nəzarət yolunda uğurlu irəliləyişə nail olmuşdular.

Bu müvəffəqiyyətlərin ümumi xüsusiyyətləri hansılardır? 

Korrupsiya ilə mübarizəni həyata keçirən hüquq-mühafizə orqanları, məsələn, Honkonqda korrupsiyaya qarşı müstəqil komissiya, Botsvana, Çili, Malayziya, Sinqapurda korrupsiyaya qarşı mübarizə aparan müvafiq qurumlar.

Honkonq dünyanın maliyyə paytaxtlarından biri hesab edilir. Korrupsiyaya qalib gəlmək istiqamətində hakimiyyətə 30 il vaxt lazım olmuşdur. 1970-ci illərin əvvəllərində Honkonq cinayətkarlığın mərkəzi sayılırdı. 1973-cü ildə korrupsiyaya qarşı mübarizə komissiyası yaradılmışdır. Həmin komissiya birbaşa Honkonqun general-qubernatoruna tabe oldu. Bu komissiyaya ən nüfuzlu universitetlərin məzunlarını və şübhəli əlaqələri olmayan mütəxəssisləri cəlb edildilər. Komissiya üzvləri beş il müddətinə təyin olunurdu.  

Uzun illər ərzində korrupsiya Honkonqda çoxşaxələnmiş sistemə çevrilmişdir. Bunu anlayaraq korrupsiyaya qarşı mübarizə komissiyası “iri balıqları” hədəf seçmişdir. Korrupsiyaya uğramış ən nüfuzlu vəzifəli şəxsləri dəmir barmaqlıqlar arxasına saldıqdan sonra, bu komissiya korrupsiyanı başsız qoydu. Güc aksiyaları ilə parallel olaraq hökumət problemə bütün cəmiyyəti qoşaraq təbliğat işi apardı. 

Honkonq korrupsiya ilə mübarizədə xidmətləri ilə öyünə bilər, əvvəllər ölkənin demək olar ki, bütün dövlət sektoru korrupsiya girdabında idi. Honkonq hakimiyyəti bir sıra təsirli tədbirlər sayəsində rüşvətxorluğu məğlub etməyi bacardı. Dövlət qulluqçuları sübut etməli idilər ki, bütün bahalı əşyalar, daşınmaz əmlak, lüks avtomobillər və s. halal qazanılan pulla əldə edilmişdir, əks halda onu həbsxana və əmlak müsadirəsi gözləyirdi. 

Nəhayət, korrupsiyaya qarşı mübarizə komissiyasına kömək məqsədilə Honkonqun sadə vətəndaşlarına və mediaya rüşvətxorlardan şikayət etmək üçün real imkan verildi.

Müntəzəm olaraq qəzet səhifələrində rüşvətxor məmurlar barədə yayılan xəbərlər öz işini gördü, əhali ölkədə həqiqətən rüşvətlə mübarizə aparıldığına inandı, rüşvətxorlar isə təhlükədən qurtularaq, şübhəli pullardan imtina etmək qərarına gəldilər.

Komissiyaya kifayət qədər geniş səlahiyyətlər verilmişdir. Faktiki olaraq komissiyanın əməkdaşları hərbi məhkəmələrin qanunları əsasında fəaliyyət göstərirdilər: kifayət qədər əsas olardısa, məmuru həbs edə, ittiham irəli sürmədən onu həbsdə saxlaya, bank hesablarını dondura bilərdi. Təqsirləndirilən şəxs pulun qanuni yolla əldə edildiyini sübut edərdisə, o, təqibə məruz qalmırdı.

Komissiyanın üzvləri özləri rüşvətxorlara çevrilməsinlər deyə, hökumət qabaqlayıcı tədbirlər gördü. Başqa məmurlardan fərqli olaraq onların əmək haqları artırıldı. Komissiyaya nəzarət sahibkarlardan ibarət “ictimai komitələr” və ictimaiyyətin nümayəndələri tərəfindən həyata keçirildi. Əgər 1974-cü ildə Honkonqun dövlət aparatının 90 faizi korrupsiya virusuna yoluxmuşdursa, bu rəqəm 2000-ci ildə 6 faizə enmişdir.

Çin korrupsiya ilə mübarizədə də əhəmiyyətli uğurlar əldə etmişdir. Onun antikorrupsiya strategiyası 2003-cü ildə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaradılmasından başlayaraq uzunmüddətli repressiv tədbirlərə əsaslanırdı. Bu quruma təkcə ölüm cəzasını nəzərdə tutan korrupsiya cinayətlərini araşdırmaq deyil, həm də icra və inzibati funksiyaları yerinə yetirmək səlahiyyəti verilmişdir. Bu qurum ölüm cəzası verilə bilən korrupsiya cinayətlərini araşdırmaq hüququna malik olmaqla yanaşı, həm də icra və inzibati funksiyaları yerinə yetirir. Hər il korrupsiyanın mənfi nəticələri Çin iqtisadiyyatına 86 milyard dollar ziyan vurur”. Mütəxəssislərin hesablamalarına görə, Çində korrupsiya nəticəsində iqtisadi itkilər hər il ÜDM-in 13-17%-ni təşkil edir, hökumətdən ayrılan vəsaitin təxminən 20%-i vicdansız məmurların cibinə axır, korrupsionerlərin köməyi ilə cinayətkarlar hər il təxminən 25 milyard dolları yuyurlar. 2000-ci ildən 10.000 məmur güllələnmiş, 120.000 məmur 10-20 il müddətinə həbs cəzasına məhkum edilmişlər. Qısa müddət ərzində 8000-dən çox vətəndaş Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin təqiblərindən qorxaraq ölkəni tərk etmişdir. ÇXR-də 30 il ərzində aparılan islahatlar nəticəsində bir milyondan çox insan korrupsiya cinayətlərinə görə məhkum edilmişlər. Son illər repressiv tədbirlərlə yanaşı, yüksək vəzifəli məmurların bizneslə məşğul olmasına qadağa kimi qabaqlayıcı tədbirlər də tətbiq edilməyə başlanılmışdır. Yeni Zelandiya, Finlandiya və bir sıra digər ölkələrdə olduğu kimi Çində qaynar xətt fəaliyyət göstərir ki, burada adi vətəndaşlar məmurlar tərəfindən rüşvət və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halları barədə anonim məlumat verə bilərlər.

Yeni Zelandiya təxminən on ildir ki, dünyanın ən yüksək antikorrupsiya reytinqi olan ölkələr sırasındadır. Ölkə korrupsiyadan azad siyasi sistem sayəsində bu cür yüksək nəticələrə korrupsiyaya qarşı mübarizədə geniş səlahiyyətlərə (məsələn, vəzifə və əmlak vəziyyətindən asılı olmayaraq vətəndaşların xərc və gəlirlərinə nəzarət etmək səlahiyyəti) malik olan Ciddi Fırıldaqlarla Mübarizə İdarəsinin yaradılması sayəsində əldə etmişdir.

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci il 4 aprel tarixdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır.

Ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənədin ─ Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının qəbul edilməsini şərtləndirir.

Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.

Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir.

Korrupsiyanın çiçəklənməsinə şərait yaradan amillərdən biri də qohumluq əlaqələridir. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Belə bir müddəa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsində öz əksini tapmışdır.

Nepotizm (latınca - nepos) – nəvə, qardaş oğlu, bacıoğlu, quda, qohumlara və öz adamlarına xidməti himayədarlıq kimi başa düşülür. Qədim dövrdə roma papaları uşaqlarının olmaması səbəbindən öz hakimiyyətlərini möhkəmlətmək naminə gəlirli vəzifələri, ali dini rütbələri, yüksək kilsə titullarını və torpaqları öz qohumlarına (ilk növbədə qardaşoğullarına) paylayırdılar. Hazırda nepotizm daha geniş şəkildə başa düşülür - dövlət hakimiyyəti sistemində inzibati vəzifələrə təyinat və xidmət yolu ilə təkcə qohumluq əlaqələrinə görə deyil, həm də digər şəxsi əlaqələrə (“qohumluq” anlayışı, şəxsi dostluq zəminində verilən xidmətdə üstünlük və ya güzəştlər mənasında) görə irəli çəkilmə kimi başa düşülür.

Bu termin, orta əsrlər kilsəsinin mənəvi tənəzzül dövründə, papaların kilsə vəzifələrini (imtiyazlarını) qohumlarına payladığı zaman istifadəyə verilmişdir. Nepotizm əsasən 15-16 əsrlərdə geniş yayılmışdır.

Nepotizmin bir çox nümunələrini misal gətirmək olar: Papa IV Yevgeniy (papalıq 1431–1447) Papa XII Qriqorinin (papalıq 1406–1415) qardaşı oğlu, II Pavel isə IV Yevgeninin qardaşı oğlu idi. Maraqlı fakt ondan ibarətdir ki, 1464-cü ildə II Pavel papa seçilərkən ona səs verən hər bir kardinala yayın istisindən qorunmaq üçün geniş villa verəcəyini təntənəli şəkildə vəd etmişdi. 1471-ci ildə Papanın beş qohumu kardinal olduğu üçün Müqəddəs Taxt-tac-ı ailə biznesinə çevirən IV Sikst onu Vatikanda əvəz etmişdir. 

Papa III Kallista (1378-1458) iki qardaşı oğlunu kardinal təyin etmişdir.

Əvvəlcə vəzifələr qardaş oğulları, xüsusilə 15-ci və 16-cı əsrlərdə isə qeyri-qanuni doğulmuş uşaqlar tərəfindən tutulmuşdu. Məsələn, VI Aleksandr oğlu Çezareni kardinal, Papa III Pavel isə nəvələrini kardinal rütbəsinə yüksəltmişdir. Papaların İtaliyanın şahzadələri olduqları və çoxsaylı nəsilləri üçün knyazlıqlar və hersoqluqlar əldə etməyə çalışdıqları zaman nepotizm intibah dövründə özünün pik nöqtəsinə çatmışdır.

Nepotizm 18-ci əsrdə məhv olmağa başladı, Papa XII İnnokentinin əmri ilə Kardinallar Kollecində yalnız bir qohumluq əlaqəsi ola bilərdi və 19-cu əsrə qədər kilsə iyerarxiyasında “qohumbazlıq” ənənəsi Papa XII İnnokentiy buna son qoyana qədər davam etmişdir.

Nepotizmə təkcə iş yerində və hökumətdə deyil, həm də arı, qarışqa, termit və meymun kimi heyvanlarda da rast gəlmək olar.

Nepotizm və ya qohumluq dövlət qurumlarına, hakimiyyət institutlarına inamı sarsıtmaqla, korrupsiya və səriştəsizliyə şərait yaratmaqla dövlət qulluğunun səmərəliliyinə mənfi təsir göstərir. Nepotizmin zərəri odur ki, insan peşəkar seçimdən keçmədən və çox vaxt yaxşı mütəxəssis olmadan vəzifəyə təyin olunur.

Hesab edin ki, hakimiyyətdə olan birisi işə götürmə və ya yüksəlişlə bağlı qərarlar qəbul edərkən ailə üzvlərinə, yaxın dostlarına və ya hansısa vəzifəli şəxsin xahişi ilə savadı və müəyyən səriştəsi olmayana üstünlük verir. Bu favoritizm insanın keyfiyyətlərinə və bacarıqlarına deyil, şəxsi münasibətlərə əsaslanır. İstər-istəməz belə qərarın qəbul edilməsi illərlə təcrübə toplamış, kifayət qədər hazırlıqlı mütəxəssisin layiq görüldüyü vəzifəyə kənardan ixtisassız işçilərdən birisini gətirib həmin vəzifəyə təyin edirlər. Dövlət vəzifələri ixtisasa görə deyil, əlaqələrə görə verildikdə, bu vəzifələrə peşə və mənəvi meyarlara cavab verməyən işçilərin təyin edilməsi səbəbindəm ən istedadlı və ixtisaslı insanlar layiq olduqları imkanları əldə edə bilmirlər. 

Belə qərar vəzifəli şəxs tərəfindən qəbul edildikdə dövlətin imicinə zərbə dəyir və peşəkar işçidə işə maraq itir, bu da nəticədə dövlətin sütunlarını sarsıdır.

Qohumların mühüm vəzifələrə təyin edilməsi sui-istifadə, dələduzluq və çirkli pulların yuyulması üçün imkanlar yarada bilər.

Favorizm və qohumbazlıq rəhbər vəzifələr uğrunda sağlam rəqabətə, daha layiqli işçilərin karyera yüksəlişinə mane olur və xaricə “beyin axını”nın əsas səbəblərindən biridir. 

Gələcəkdə karyera yüksəlişinə nail ola bilməmələri səbəbindən həmin işçilər məcbur olub taleləri ilə barışmalı olurlar. Prinsipiallıq göstərən işçilər isə dövlət qulluğundan tutduqları vəzifələrdən imtina etməklə başqa ölkələrə üz tuturlar.

Müasir tədqiqatçıların əksəriyyəti nəpotizmin əməkdaşlara mənfi təsir göstərdiyinə inanmağa meyllidirlər: onların stressi, sədaqəti və motivasiyası. Ailə biznesi olsa belə, nepotizm hətta şirkətin məhsuldarlığına mənfi təsir göstərir. Lakin nüfuzlu qohumlarının olmasından asılı olmayaraq bütün işçilərə obyektiv, ədalətli və şəffaf qaydalar tətbiq edilərsə, qohumbazlıq əməllərinin mənfi təsirini azaltmaq mümkün olar.

Qohumbazlığın mənşəyi və əsasları sosial varlıq olan və yaxınlarına kömək etməyi və onlara dəstək olmağı özünün bilavasitə borcu hesab edən insanın təbii təbiətindədir. Belə dəstəyin heç bir problemi yoxdur, bu, normal qarşılıqlı əlaqə mexanizmidir. 

Lakin bu cür “özününkü”nə yardımlar ictimai rifahın zərərinə həyata keçirildikdə mənfi məna kəsb edir və mənfi sosial hadisə kimi “nepotizmə” – yəni qohumbazlığa çevrilir.

Məsələn, hökumət başçısı arvadının qardaşını və ya bacısını təhsil naziri təyin edirsə, peşə məktəbini çətinliklə bitirsə də, diplomunu metronun yeraltı keçidində alıb iki kəlməni belə birləşdirə bilmirsə aydın məsələdir ki, belə bir nazir ilə bu ölkədə təhsil tamamilə bərbad olacaq. Bunu istənilən sahəyə də aid etmək olar.

Vaxtı ilə belə hallar bir sıra ölkələrdə də olmuşdur.

Amerika prezidentləri Ruzvelt və Eyzenhauer hər biri öz oğullarını inzibati vəzifələrə təyin etmişdilər. Ruzvelt oğlu Ceymsi katib, Eyzenhauer isə oğlu Conu kadrlar katibinin köməkçisi vəzifəsinə təyin etmişdir.

Donald Tramp birinci prezidentlik dövründə qızı İvanka və əri Cared Kuşneri özünə məsləhətçi təyin etmişdir. 

Şimali Koreya qohumbazlığın səmərəsizliyə və korrupsiyaya necə gətirib çıxara biləcəyinin bariz nümunəsidir. Kim ailəsi hakimiyyətin irsi ötürülməsi, qohumlarını əsas vəzifələrə təyin etməklə ölkəyə nəzarəti saxlamışdır. Hakimiyyətin bir ailənin əlində bu cür cəmləşməsi ixtisaslı rəhbərliyin çatışmazlığına gətirib çıxarmışdır ki, bu da iqtisadi çətinliklərə və ölkənin beynəlxalq təcridinə səbəb olmuşdu. “Kim”lər dövründə idarəçilik insan hüquqlarının pozulması, iqtisadi səmərəsizlik və əhalinin ehtiyaclarını ödəməkdənsə, hakimiyyətin saxlanmasına diqqət yetirilməsi ilə xarakterizə olunur.

Başqa bir misal. Suriyanın Əsəd ailəsi 1971-ci ildən, Hafiz Əsəd və daha sonra oğlu Bəşər Əsəd qohumlarını əsas hərbi və hökumət postlarına təyin etdikdən sonra ölkəni idarə edirdi. Gücün bir ailə daxilində bu cür cəmləşməsi korrupsiyaya, vətəndaş iğtişaşlarına və ölkədə davam edən münaqişəyə səbəb olmuşdur. Müxtəlif baxışların və yenilikçi həll yollarının olmaması Suriyanın inkişafına mane olmuş və problemlərini daha da dərinləşdirmişdir.

Nepotizm tez-tez mənfi nəticələrə gətirib çıxarsa da, uğurlu milli liderliklə yanaşı mövcud olduğu hallar da var. Bu istisnalar adətən öz rollarında yüksək səriştəli və effektiv olan qohumların təyin edilməsini nəzərdə tutur.

Amerika prezidenti Franklin D. Ruzveltin həyat yoldaşı Eleonor Ruzveltə güvənməsi diqqətəlayiq bir nümunədir. Eleonor sosial islahatlar və vətəndaş hüquqlarının müdafiəsində təsirli bir şəxs olmuşdur. Nepotizmin tənqidinə baxmayaraq, onun töhfələri sosial siyasətləri əhəmiyyətli dərəcədə inkişaf etdirmiş və Böyük Depressiya və İkinci Dünya Müharibəsi zamanı ictimai əhval-ruhiyyənin qorunmasına kömək etmişdir.

Eynilə, Con Kennedinin qardaşı Robert Kennedini baş prokuror təyin etməsi əvvəlcə tənqid atəşinə tutulmuşdur. Lakin Robert Kennedi vətəndaş hüquqlarının təmin edilməsi və mütəşəkkil cinayətlərin araşdırılması kimi əsas sahələrdə çox effektiv olduğunu sübut etmişdir. Onun sədaqəti və səriştəsi əhəmiyyətli dərəcədə qanunvericilik nailiyyətlərinə töhfə vermişdir.

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson kiçik qardaşı Co Consonu biznes, enerji və sənaye strategiyası üzrə katibin müavini təyin etmişdir. Bu addım Qərbi Avropa üçün qeyri-adidir və buna görə də diqqəti cəlb etmişdir.

Li Kuan Yu-nun Sinqapurdakı rəhbərliyi başqa bir nümunədir. Onun oğlu Li Syan Lun baş nazir olana qədər müxtəlif nazir vəzifələrində çalışmışdır. Onların rəhbərliyi altında Sinqapur inkişaf etməkdə olan ölkədən qlobal maliyyə mərkəzinə çevrilmiş və nepotizm ittihamlarına baxmayaraq, onların rəhbərliyi effektiv idarəetmə və iqtisadi artım nümayiş etdirmişdir.

Tarixi və müasir nümunələr qohumbazlığın ixtisaslı kadrların rəsmi vəzifələrə çıxışını necə məhdudlaşdıra biləcəyini, zəif idarəçiliyə və milli tənəzzülə gətirib çıxara biləcəyini göstərir. Nepotizmin uğurlu rəhbərlik üçün maneə olmadığı istisnalar olsa da, bu hallar adətən yüksək səlahiyyətli qohumların təyin edilməsini nəzərdə tutur. Ümumilikdə, qohumbazlıq təcrübəsi idarəetmə sistemlərinin effektivliyi və bütövlüyü üçün əhəmiyyətli risklər yaradır.

Yeri gəlmişkən, Rusiya dövlətinin bütün mövcudluğu dövründə yalnız Stalinin dövründə “qohumbazlıq” ağır cəzalandırılıb. Stalin heç kəsi bağışlamırdı: Molotovun və Xruşşovun böyük oğlunu, Kaqanoviçin arvadlarını həbs etdi. Öz oğullarına da üstünlük vermədi - general-leytenant Vasilini dəfələrlə vəzifəsindən uzaqlaşdırdı və əsir düşən Yakovu feldmarşala dəyişməkdən imtina etdi. Sovet nomenklaturasının bir çox arvadları, qardaşları, bacıları və uşaqları güllələnməsə də, həbs olundular.

Brejnev dövründə qohumbazlıq prinsipləri - dövlət və partiya hakimiyyətinin ən yüksək eşelonlarının yaradılmasında ümumi xarakter aldı. Brejnevin kürəkəni - SSRİ daxili işlər nazirinin müavini Çurbanovun və ya xarici ticarət nazirinin müavini olmuş Leonid İliçin oğlu Yurinin karyerasını xatırlayın. Brejnevin yaxın dostu Çernenkonun hakimiyyət zirvəsinə başgicəlləndirici yüksəlişini demirəm. Bəli, Yuri Andropov qohumbazlığa son qoymağa çalışdı, amma nəticəsiz qaldı - sovet sistemi nəhayət, qohumbazlığın “köməyi” olmadan xarabalığa çevrildi.

90-cı illərdə prezident Yeltsin və onun “Ailəsi” daxili qohumbazlıq tarixində yeni səhifə açdı. Onun yüngül əli ilə hakimiyyət dairələrində hər cür çaplı “nepotlar” peyda oldu...

ABŞ-ın qanunvericiliyinə görə nepotizm və digər bu kimi hallar dövlət mexanizminin fəaliyyətinə mənfi təsir göstərən amillər kimi tanınır. Federal və əyalət qanunvericiliyinə qohumbazlığın yaranmasının qarşısını alan qadağanedici xarakterli müddəalar daxildir, o cümlədən qohumbazlıq cinayət hesab edilir və ona görə cəza nəzərdə tutulur. Yalnız peşəkar keyfiyyətlərin qiymətləndirilməsinə əsaslanan işə qəbul və karyera yüksəlişi sistemi qanunla müəyyən edilir və fəaliyyət göstərir. Qohumbazlığın qarşısını alan müddəalara əməl olunmasına nəzarət ixtisaslaşdırılmış dövlət orqanlarına həvalə edilir.

 Belə halların qarşısını almaq üçün əksər Avropa dövlətləri öz qanunvericiliyində vəzifəli şəxslərin yaxın qohumlarına bilavasitə onların tabeliyində olan hər hansı bir vəzifə tutmağı qadağan edir.

 

Eldar Əsgərov (Şəkibəyov),
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

ardı var...

Məqalənin birinci hissəsi

Məqalənin ikinci hissəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir