Modern.az

Azərbaycanın dəhlizlə bağlı mövqeyi heç vaxt dəyişməyib - DEPUTAT

Azərbaycanın dəhlizlə bağlı mövqeyi heç vaxt dəyişməyib - DEPUTAT

Aktual

8 Avqust 2025, 11:32

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O qeyd edib ki, dövlət başçımızın bu tələbi Ermənistan tərəfindən qəbul edilib. Artıq Zəngəzur Dəhlizi reallaşır. ABŞ-nın bu prosesdə qarant olması isə böyük perspektivlər vəd edir:

“Ötən gün ABŞ Prezidenti D.Tramp da bildirib ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.

Azərbaycanın dəhlizlə bağlı mövqeyi heç vaxt dəyişməyib. Son 5 ildə rəsmi Bakı bu istiqamətdə lazımi addımlar atır. Belə ki, Ermənistan və İranla sərhədin qovuşuğuna qədər dəmir yolunun tikintisi artıq başa çatmaq üzrədir. Hətta 3-cü Şuşa Qlobal Forumunda Prezident İlham Əliyev də bəyan etdi ki, bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Zəngəzur dəhlizi arteriya kimi bir çox ölkələri birləşdirəcək. Yəni söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Zəngəzur dəhlizinin reallaşması Şimal-Cənub dəhlizinin başqa istiqamətinin açılması deməkdir”.

Millət vəkili həmçinin əlavə edib ki, Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçid mütləq olmalıdır:

“Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Cənab Prezidentin də söylədiyi kimi, bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil.

Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar yaradacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Bu səbəbdən dəhliz həm geosiyasi, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görülür. Belə ki, Zəngəzur dəhlizinin açılışı həm də Orta dəhliz üçün strateji inkişaf olacaq”,- deyə N.Məmmədova bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir