ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması və dövlətlərarası münasibətlərin qurulmasına dair mühüm birgə bəyanat qəbul edilib. Bu razılaşma, uzun illər davam edən münaqişəyə son qoymaq yolunda əhəmiyyətli bir addım olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik və regional əməkdaşlıq üçün yeni bir mərhələnin əsasını qoyur. Tərəflər qarşılıqlı etimadın gücləndirilməsi və siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Prezident İlham Əliyev təkcə Zəfərin deyil, həm də sülhün memarıdır
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib.
O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında imzalanan sənədlərin məzmunu və imzalanma konteksti göstərir ki, Vaşinqton görüşü təkcə diplomatik protokol tədbiri deyil, həm də Cənubi Qafqazda uzun illər davam edən münaqişədən sonrakı münasibətlərin yeni mərhələsinə keçid siqnalıdır:
“Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasına aparacaq Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu Bakı ilə Vaşinqton arasında münasibətlərin institusional çərçivəsini gücləndirir. Bu, hər iki dövlətin siyasi dialoqunu sistemləşdirərək əməkdaşlığı enerji, təhlükəsizlik, iqtisadiyyat və kommunikasiya sahələrində daha dərin və məqsədyönlü hala gətirəcək. Prezident İlham Əliyev və Donald Trampın şəxsi ünsiyyətindəki səmimilik isə münasibətlərin formal sənədlərlə məhdudlaşmadığını, liderlərin qarşılıqlı etimad qurduğunu göstərir. 33 illik sanksiyaların aradan qaldırılması faktı, ABŞ-ın Azərbaycanla əməkdaşlıqda daha açıq və qarşılıqlı faydaya əsaslanan kursa keçdiyinin nümunəsi kimi çıxış edir”.
Millət vəkili bildirib ki, Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan Birgə Bəyannamə postmüharibə mərhələsində sülh sazişinə aparan konkret yol xəritəsini ehtiva edir:
“Burada bir neçə kritik məqam ön plana çıxır. Birincisi, sülh sazişinin mətni parçalanması ilə bağlıdı. Bu, tərəflərin razılıq çərçivəsini artıq müəyyən etdiyini göstərir. İndi məsələ sənədin imzalanması və ratifikasiyası ilə bağlıdır ki, bu da prosesin dönməzliyini təmin edəcək faktor anlamına gəlir.
İkincisi isə, ATƏT Minsk Qrupunun və əlaqəli strukturlarının bağlanmasıdır. Münaqişə tarixində yeni səhifə açan bu addım, 30 ildən artıq davam etmiş, amma nəticəsiz qalan beynəlxalq vasitəçilik formatının rəsmi olaraq bitdiyini təsdiqləyir”.
O həmçinin əlavə edib ki, digər məqam, kommunikasiyaların açılması və “Tramp Marşrutu” layihəsi, yəni regiondaxili və beynəlxalq nəqliyyat xətlərinin açılması, o cümlədən Azərbaycan-Naxçıvan bağlantısının təmin edilməsi, yalnız ikitərəfli münasibətləri deyil, həm də Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirə biləcək potensiala malikdir.
“Ermənistanın ABŞ və üçüncü tərəflərlə əməkdaşlıq edərək TRIPP layihəsinə qoşulması, İrəvanın yeni iqtisadi reallıqları qəbul etməyə hazır olduğuna işarə edir. Burada daha bir mühüm məqam ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin təsdiqi ilə bağlıdır. Bəyannamə, güc tətbiq etməklə torpaq əldə etmənin yolverilməzliyini vurğulayaraq, gələcəkdə hər hansı revanşist cəhdlərin qarşısını almaq məqsədi daşıyır.
Bu proseslərin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutması, Amerika diplomatiyasının Cənubi Qafqazda yenidən fəal rol almaq niyyətini göstərir. ABŞ həm regiondakı yeni reallığı tanıyır, həm də Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün təmin olunmasına sadiqliyini nümayiş etdirir”.
Deputat vurğulayıb ki, Azərbaycan üçün bu sənədlər iki əsas strateji qazancla xarakterizə olunur:
“Geosiyasi mövqelərin möhkəmlənməsi baxımından, ABŞ-la strateji tərəfdaşlıq formatı Bakının beynəlxalq manevr imkanlarını genişləndirir, həm də onun balanslı xarici siyasət kursuna yeni dəstək verir.
Postmünaqişə dövründə regional inteqrasiyanın təşviqi müstəvisində, kommunikasiyaların açılması və sülh sazişinin imzalanması Azərbaycanın iqtisadi və logistika mərkəzi kimi rolunu gücləndirəcək”.
A.Kərimli onu da diqqətə çatdırıb ki, ümumilikdə, avqustun 8-də imzalanan sənədlər həm ikitərəfli, həm də üçtərəfli formatda Cənubi Qafqazın gələcək siyasi arxitekturasını müəyyən edən fundamental mərhələdir:
“Bu mərhələ, keçmişin gərginliklərini arxada qoyaraq, dövlətlərarası münasibətləri qarşılıqlı faydaya əsaslanan sülh və əməkdaşlıq modelinə yönəltməyi hədəfləyir. ABŞ-ın bu prosesdəki rolu isə həm regiondaxili, həm də qlobal güc balansında yeni düzən formalaşdıra bilər.
Və şübhəsiz ki, Vaşinqton görüşündə əldə olunan nəticələr Prezident İlham Əliyevin Zəfərə qədər və ərazi bütövlüyümüzün, suverenliyimizin təmin edilməsindən sonra həyata keçirdiyi siyasətin nəticədir. Prezident İlham Əliyev təkcə Zəfərin deyil, həm də sülhün memarıdır”.