2025-ci il 8 avqustda Vaşinqtonun siyasi səhnəsində Cənubi Qafqaz üçün dönüş nöqtəsi sayılacaq bir hadisə baş verdi. Ağ Evdə ABŞ Prezidenti Donald Trump, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan bir araya gələrək onillərlə davam edən Azərbaycan-Ermənistan münaqişəsini yekunlaşdıran sülh sənədinə imza atdılar. Bu görüş təkcə diplomatik uğur deyil, həm də bölgədə yeni siyasi, iqtisadi və strateji mərhələnin başlanğıcı kimi tarixə düşdü.
İmzalanan “Sülh və Əməkdaşlıq üzrə Vaşinqton Bəyannaməsi” Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsi idi. Sənədin əsas maddələri dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, sərhədlərin toxunulmazlığını və bütün düşmənçilik hərəkətlərinin dayandırılmasını təmin edir. Ən mühüm razılaşmalardan biri isə Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Trump Route for International Peace and Prosperity” adlı tranzit koridorunun yaradılmasıdır. Bu yol təkcə nəqliyyat əlaqəsini bərpa etmir, həm də regionun ticarət və iqtisadi inteqrasiyasına böyük töhfə verir. Prezident İlham Əliyev bu tarixi sənədi imzalayarkən, Azərbaycanın yalnız bu gününü deyil, gələcəyini də möhkəmləndirmiş oldu. Müharibə və gərginlik illərindən sonra ölkə üçün yeni imkanlar qapısı açıldı. İqtisadi əməkdaşlıq, enerji layihələri, texnologiya transferi və beynəlxalq bazarlara çıxış baxımından bu razılaşma Azərbaycanın mövqeyini regionda daha da gücləndirəcək.Bu görüş həm də Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilir. Çünki uzun illər davam edən danışıqlarda Azərbaycanın mövqeyi prinsipial olaraq qorunub və nəticədə əldə olunan razılaşma tam şəkildə milli maraqlara uyğun formalaşıb. İlham Əliyevin liderliyi ilə Azərbaycan yalnız ərazi bütövlüyünü təsdiqlətmədi, həm də regionda sülhün və inkişafın memarına çevrildi.
Vaşinqton görüşü göstərdi ki, düzgün strategiya, qətiyyət və milli maraqlara sadiqliklə hətta ən mürəkkəb münaqişələri də sülh yolu ilə həll etmək mümkündür. Bu, təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın gələcəyinə ümid işığı yandıran tarixi addım oldu. Prezident İlham Əliyev bu uğuru ilə bir daha sübut etdi ki, o, təkcə bu günün lideri deyil, həm də gələcək nəsillər üçün tarix yazan dövlət başçısıdır.
V çagırış millət vəkili
Dilarə Cəbrayılova