8 avqust Vaşinqton görüşündə razılaşdırılan məsələlərdən biri də Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması ilə bağlı olub.
Bu tarixi olaydan sonra quru sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib.Regiona sülh gəlməsi və kommunikasiyaların açılması səbəbindən quru sərhədlərindəki məhdudiyyətlərin də aradan qaldırılmasını düşünənlər var.
Modern.az-a açıqlamasında Milli Məclisinin deputatı Azər Badamov bildirib ki, quru sərhədlərinin bağlı qalması təkcə Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ deyil:
"Regionumuzun digər qonşu ölkələrində hələ də sabitlik yoxdur. Bu baxımdan bütün riskləri hesablayıb sonra quru sərhədləri aça bilərik. Ancaq xalqımız gördü ki, quru sərhədlərimizin bağlı olduğu dövrdə qonşuluğumuzda nələr baş verdi. Dövlətimiz üçün əsas məsələ vətəndaşlarımızın rifahının və təhlükəsizliyinin təmin edilməsidir. Xarici təhlükələrin əksəriyyəti də əsasən quru sərhədlərdən daxil olur".
Deputat vurğulayıb ki, quru sərhədlərin açılmasına tələsməməliyik:
"Düzdür, quru sərhədlərin bağlı qalması vətəndaşlarımıza xaricə gedib-gəlməkdə böyük çətinliklər yaradır. Amma bu məsələyə hamının səbrlə yanaşmalı olduğunu hesab edirəm. Quru sərhədlərin açılmasından daha vacibi təyyarə biletlərinin qiymətlərinin qonşu ölkələrin qiymətlərinə uyğunlaşmasıdır. Eyni regionda yaşadığımızdan təyyarə biletlərinin qiymətlərində böyük fərq olmamalıdır. Düzdür, bu, xidmət səviyyəsindən asılıdır. Amma qiymətləri uyğunlaşdırmaq mümkündür. Bu baxımdan biletlər aşağı qiymətlə əldə olunarsa, bu, həm vətəndaşlarımız, həm xarici turistlər üçün əlçatan olar".