Modern.az

Erməni lobbisinin heç bir rıçağı QALMAYIB

Erməni lobbisinin heç bir rıçağı QALMAYIB

Aktual

14 Avqust 2025, 17:15

Erməni lobbisinin Azərbaycana qarşı növbəti siyasi oyunu İsveçrədə puça çıxdı. Belə ki, “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi İsveçrə Senatının Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən rədd edilib. Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində Komitə bu təşəbbüsü birtərəfli və əsassız adlandıraraq Federal Parlamentin səlahiyyətlərinə zidd olduğunu bəyan edib.

İsveçrədəki erməni lobbisinin tanınmış simaları vəziyyəti dəyişməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib ki, "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur və Azərbaycan 30 ilə yaxın erməni işğalında olan Qarabağ və Şərqi Zəngəzuru ilhaq yox, işğaldan azad edib:

“Bu, artıq bütün dünyanın qəbul etdiyi reallıqdır. Bu günlərdə Vaşinqtonda keçirilən görüşlər, əldə olunan razılaşmalar da göstərdi ki, dünyanın fövqəlgücü-ABŞ-da Cənubi Qafqazdakı mövcud reallıqları qəbul edir. Artıq erməni lobbisi, anti-Azərbaycan şəbəkəsi də iflasa uğramaqdadır. Onların rıçaqları demək olar ki, qalmayıb. Bu cür əsassız ittihamlar və üzdəniraq kağız parçalarına da yer yoxdur”.

Deputat vurğulayıb ki, Azərbaycan qanunları ilə mühakimə olunan şəxslərə gəlincə, burada rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərini qoruyur:

“Bu şəxslər sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər və onların barəsində olan cinayət işləri üzrə məhkəmə prosesi davam edir. Bu məsələdə heç kim Azərbaycanın daxili işinə qarışa, təzyiq göstərə bilməz. Azərbaycan sülhün ilk təşəbbüskarıdır, artıq sülh sazişi paraflanıb. Bakı ilə İrəvan arasında yekun sülhün imzalanmasına ciddi maneə yoxdur. Odur ki, qərəzli dairələrin ölkəmizə qarşı əsassız təşəbbüsləri bundan sonra da iflasa uğrayacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu