Avqustun 15-də Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə ilk köç oldu. Bu torpaqlar illər sonra doğma sakinlərini qarşıladı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilkin mərhələdə Kolatağ kəndinə 26 ailə – 89 nəfər, Vəngli kəndinə isə 22 ailə – 83 nəfər köçürüldü.
Modern.az xəbər verir ki, mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli sakinləri təbrik edib, onlara doğma yurdlarında firavan həyat arzulayıb.
T. Kərimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlətin prioritet istiqamətlərindən biridir və bu bütün keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına xidmət edir. “Bu gün biz tarix yazırıq. Burada atılan hər addım, yandırılan hər ocaq gələcəyin möhkəm təməlidir." T. Kərimli kəndlərdə içməli su, elektrik və qaz təchizatının, rabitə xəttinin tam bərpa olunduğunu da deyib. Bundan başqa küçələr abadlaşdırılıb, yol infrastrukturu yenilənib.ANAMA mütəxəssisləri də sakinlərin təhlükəsiz yaşamaları üçün şəraitin yaradıldığını deyib, sakinləri xəbərdar da etdilər.Tanımadıqları əşya görərkən əl vurulmasın, çay sularının gətirə biləcəyi minalardan da ehtiyatlı olsunlar. Doğma kəndlərinə qayıdan sakinlər də bu gün sevinclərini bölüşərək, bu günləri onlara yaşadanlara minnətdarlıqlarını bildiriblər.
***
Ağdərə rayonunun Vəngli kəndinə yola salınan ilk köç karvanı kəndə çatıb, açarlar sakinlərə təqdim olunub.
Modern.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər
Vəngli kəndinə ilk mərhələdə 22 ailə (83 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
***
14:14
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.
Modern.az xəbər verir ki, köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Vəngli kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.