Modern.az

Gəncədə ağaclar niyə nömrələnir? - Səbəb açıqlandı

Gəncədə ağaclar niyə nömrələnir? - Səbəb açıqlandı

Aktual

15 Avqust 2025, 15:55

Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir göstərən ağacların müəyyən edilərək nişanlanması işlərinə başlanılıb. Bu tədbirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə yaşıllıq sahələrinin sağlamlaşdırılması, şəhərin estetik görünüşünün yaxşılaşdırılması və bioloji müxtəlifliyin qorunması məqsədilə həyata keçirilir.

Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədri Amin Məmmədov bildirib ki, Gəncə şəhərində abadlaşdırma işləri çərçivəsində 500-ə yaxın ağacın yerinin dəyişdirilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun yenidən inventarizasiyası həyata keçirilir.

Onun sözlərinə görə, bu prosesin əsas məqsədi yaşıllıq fondunun vəziyyətini qiymətləndirmək və şəhərin ekoloji balansını qorumaqdır:

“Ağacların nömrələnməsi məhz inventarizasiya məqsədilə aparılır. Minlərlə ağac arasında mütəxəssislər tərəfindən qiymətləndirmə aparılır, qurumuş və bioloji ömrünü başa vurmuş ağaclar müəyyənləşdirilir. Qurumuş ağaclar aktlaşdırılır, yəni müvafiq sənədləşmə aparılaraq hər birinə fərdi nömrə verilir. Sonrakı mərhələdə həmin nömrələr əsasında ağacın köçürülməsi və ya kəsilməsi barədə qərar qəbul olunur”.

O həmçinin bildirib ki, şəhərin estetik görünüşünün yaxşılaşdırılması və yaşıllıq fondunun səmərəli idarə olunması məqsədilə mövcud ağacların hərtərəfli qiymətləndirilməsinə ehtiyac yaranıb:

“Qiymətləndirmə zamanı köküstə bitən ağaclar, onların arasında qurumuş və ya xəstəliklərə yoluxmuş, ətrafdakı digər ağaclara təhlükə yarada biləcək nümunələr də aşkarlanır. Belə ağacların ya yeri dəyişdirilir, ya da bioloji inkişafı tam dayanmışsa, kəsilərək yerində yeni ağacların əkilməsi təmin olunur”.

Amin Məmmədov əlavə edib ki, bütün bu tədbirlər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq aidiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir:

“Görülən işlər şəhərin ümumi inkişafına, ekoloji tarazlığın qorunmasına və yerli sakinlərin təbii sərvətlərdən daha geniş faydalanmasına xidmət edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu