Prezident İlham Əliyev “Xüsusi icra məmurları haqqında” Qanunu imzalayıb. Bununla Azərbaycanda məhkəmə və digər səlahiyyətli orqanların qərarlarının icrasını həyata keçirəcək xüsusi icra məmurları adlı yeni təsisatyaradılır.
Qanuna görə, xüsusi icra məmuru məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərini icra etmək üçün şəhadətnamə almış, peşəkar əsaslarla fəaliyyət göstərən fiziki şəxsdir.
O, məcburi icra orqanı statusuna malik olsa da, dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti sayılmır və yalnız qanuna tabedir.
Modern.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəisi Vidadi Məmmədov APA-ya açıqlamasında bildirib ki, “Xüsusi icra məmurları haqqında” Qanun məhkəmə və digər dövlət orqanlarının qərarlarının daha səmərəli, operativ və şəffaf icrasını təmin etmək məqsədilə hazırlanıb.
Onun sözlərinə görə, dövlət icra məmurlarının üzərinə düşən iş yükünün çoxluğu icra proseslərinin ləngiməsinə səbəb olurdu:
“Bu fonda xüsusi icra məmurları institutu icra mexanizminin çevikliyini və operativliyini artırmağı hədəfləyir. Bir sıra ölkələrdə tətbiq edilən bu model özünü doğruldub və məhkəmə qərarlarının icrasında effektivliyi artırıb. Azərbaycanda da bu institut dövlət icra məmurlarına əlavə dəstək kimi nəzərdə tutulur”.
Yeni mexanizm qarışıq icra modeli üzərində qurulacaq. Bu sistemdə qərarların icrasını həm dövlət, həm də özəl əsaslarla fəaliyyət göstərən icra məmurları həyata keçirəcək.
Gürcüstan, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Portuqaliya, Serbiya, İslandiya, İsveçrə və İrlandiya kimi ölkələrdə tətbiq olunan bu modelin üstünlükləri icra yükünün bölüşdürülməsi, qərarların daha çevik və məsuliyyətli şəkildə yerinə yetirilməsidir.
“Xüsusi icra məmuru göstərdiyi xidmətə görə birbaşa məsuliyyət daşıyır ki, bu da onu işinə daha məsuliyyətlə yanaşmağa sövq edir. Ölkə üzrə mərhələli tətbiq nəzərdə tutulur və dövlət icra sistemindəki ağır yük tədricən xüsusi icra məmurları ilə bölüşdürüləcək”, – V. Məmmədov vurğulayıb.
Xüsusi icra məmuru ali təhsilli Azərbaycan vətəndaşı ola bilər. Namizədlər test və müsahibədən ibarət müsabiqədən keçəcək, minimum üç aylıq icbari hazırlıq və stajkeçmə proqramına cəlb olunacaq. Müsabiqə komissiyasında Ədliyyə Nazirliyi, Xüsusi İcra Məmurlarının Palatası, Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və Notariat Palatasının nümayəndələri təmsil olunacaq.
Müsabiqə və təlim mərhələlərini uğurla başa vuran namizədə şəhadətnamə və xidməti vəsiqə təqdim olunacaq, andiçmədən sonra o, vəzifəsinin icrasına başlayacaq.
Xüsusi icra məmurları cinayət və inzibati xəta işləri, dövlət orqanlarının tərəf olduğu bəzi mübahisələr və uşağın mənafeyi ilə bağlı işlər istisna olmaqla, digər bütün qərarların icrasını həyata keçirə biləcəklər.
Uşağın mənafeyi ilə bağlı işlərdən yalnız aliment tələblərinə dair qərarların icrası onlara veriləcək. İlkin mərhələdə xüsusi icra məmurlarına əsasən pul tələbləri ilə bağlı işlər həvalə olunacaq.
Xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi, Xüsusi İcra Məmurlarının Palatası və məhkəmələr nəzarət edəcək. Nazirlik planlı və plandankənar yoxlamalar aparacaq, Palata etik davranış qaydalarına və daxili nizamnaməyə riayət olunmasına nəzarət edəcək, məhkəmələr isə müəyyən icra hərəkətlərinə icazə verəcək və şikayətləri araşdıracaq.
Bütün proseslər “Elektron icra” informasiya sistemi üzərindən izlənəcək. Qanun pozuntuları aşkarlandıqda intizam tədbirləri görüləcək, kobud pozuntular zamanı şəhadətnamə ləğv ediləcək.
Yeni institutun tətbiqi ilə aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir:
İcra proseslərinin sürətlənməsi;
Dövlət icra orqanlarının iş yükünün azalması;
Vətəndaş məmnunluğunun artması;
Hüquq sahəsində yeni peşə mühitinin formalaşması;
Dövlət aparatının optimallaşdırılması və xərclərə qənaət.
Hazırlıq mərhələsi, yəni şəhadətləndirmə, təlim, hüquqi aktların qəbulu və institusional işlər başa çatdıqdan sonra xüsusi icra məmurları 2026-cı ildən fəaliyyətə başlayacaq.