Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin Azərbaycan vətəndaşlarının işə götürülməsinə qadağa qoyması, müasir beynəlxalq münasibətlər tarixində görünməmiş dərəcədə açıq irqçilik, milli ayrı-seçkilik və düşmənçilik nümunəsidir.
Modern.az-ın məlumatına görə, bunu deputat Azay Quliyev bildirib.
O qeyd edib ki, bu, təkcə siyasi təzyiq vasitəsi deyil, həm də Kreml rəhbərliyinin beynəlxalq hüququ, insan haqlarını və oturuşmuş beynəlxalq praktikanı heçə saydığının növbəti göstəricisidir:
“Moskva düşünür ki, bu kimi cılız qərarla və ya SOCAR-ın Ukraynadakı müəssisələrinə hücum etməklə Azərbaycana təsir göstərə, xalqımızı qorxuya sala və milli həmrəyliyi poza bilər. Amma Kreml ciddi şəkildə yanılır. Azərbaycan xalqı nə qorxur, nə geri çəkilir, nə də özünə olan hörmətsizliyi cavabsız qoyur. Bizə yaxşı bəllidir ki, bu, addım Rusiyada çalışan minlərlə azərbaycanlını kütləvi şəkildə Vətənə qaytarmağa və bununla da, ölkəmizdə sosial-siyasi sabitliyi pozmağa hesablanıb. Lakin Moskvanın anlamadığı bir həqiqət var: Azərbaycan dövləti və xalqı həm 44 günlük Vətən müharibəsində, həm də 1 günlük antiterror əməliyyatlarında və ondan sonrakı dövrdə “Dəmir Yumruq” ətrafında necə sıx birləşdiyini bütün dünyaya nümayiş etdirib və bundan sonra bu birliyi qorumağa və istənilən təxribatın öhdəsindən gəlməyə hazırdır və qadirdir”.