Modern.az

Əliyev-Tramp-Paşinyan görüşünə dair sorğu: nəticə açıqlandı

Əliyev-Tramp-Paşinyan görüşünə dair sorğu: nəticə açıqlandı

Aktual

16 Avqust 2025, 10:34

Sosial Tədqiqatlar Mərkəzi (STM) ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş və imzalanan bəyannamələr, həmçinin, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri ilə bağlı ölkə ictimaiyyətinin fikirlərini öyrənmək məqsədilə sorğu keçirib.

Modern.az xəbər verir ki, sorğunun nəticələri sözügedən hadisələrin ictimai rəydə müsbət və strateji əhəmiyyətli addım kimi qiymətləndirildiyini müəyyən edib.

Sorğu nəticələri ölkə ictimaiyyətinin böyük hissəsinin görüşlə bağlı xəbərdar olduğunu göstərib. Belə ki, nəticələrə əsasən respondentlərin 87,3%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüş barədə məlumatlı olduğunu bildirib. Onların 65,2%-i bu barədə ətraflı məlumata sahib olduğunu bildirərkən, 22,1%-i qismən məlumatlı olduğunu qeyd edib. Məlumatsız olan respondentlər cəmi 12,7% təşkil edib.

Nəticələrə əsasən, respondentlərin böyük əksəriyyəti, yəni 77,2%-i ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşü və Azərbaycanla Ermənistan arasında imzalanan birgə bəyannaməni çox uğurlu diplomatik addım kimi qiymətləndirib. Başqa sözlə, əksəriyyət bu hadisəni ölçü üçün əhəmiyyətli diplomatik nailiyyət kimi qəbul edib. Respondentlərin 18,5%-i bu hadisəni orta səviyyəli nailiyyət kimi dəyərləndirib. Sorğu iştirakçılarının yalnız 3,5%-i görüşün gözləntilərini qarşılamadığını qeyd edib. 0,8% isə bu suala cavab verməkdə çətinlik çəkib. Ümumilikdə sorğu nəticələri keçirilən görüş və imzalanan sənədin ictimai rəy müstəvisində yüksək dəstək qazandığını deməyə əsas verib.

Nəticələr göstərir ki, sözügedən görüş ictimaiyyət tərəfindən pozitiv diplomatik addım kimi qəbul olunub və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı cəmiyyətdə nikbinliyi artırıb. Belə ki, respondentlərin böyük əksəriyyəti, ümumilikdə 89,3%-i ABŞ-nin vasitəçiliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı mövqeyindən çıxış edib. Onların 61,1%-i böyük irəliləyiş olacağı ilə bağlı, 28,2%-i qismən irəliləyiş olacağı ilə bağlı gözləntilərini bölüşüb. Digər tərəfdən, 4,6% respondent heç bir dəyişiklik gözləmədiyini, 3,8% isə bu vasitəçiliyin mənfi təsir göstərəcəyini ifadə edib. Sorğu iştirakçılarının 2,4%-i bu barədə rəy bildirməyib. Beləliklə, böyük əksəriyyət ABŞ-nin vasitəçiliyinə etimad göstərərək, bu vasitəçiliyin Azərbaycan və Ermənistan arasında münasibətlərdə irəliləyişə yol açacağı gözləntisini bölüşüb.

Sorğunun nəticələri görüşün əsas uğurlu sahələri, həm siyasi, həm də iqtisadi istiqamətlərdə prioritetləri barədə ictimai rəyi müəyyən etməyə imkan verib. Keçirilən görüş və imzalanan memorandumların əhəmiyyətli uğurları arasında respondentlər daha çox yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması (90,4%), Prezident İlham Əliyev və Donald Tramp arasında şəxsi münasibətlərin güclənməsi (90,1%), regionda dayanıqlı sülhə nail olunması (89,3%) və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması (89,3%) məsələlərini vurğulayıblar. Eyni zamanda, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı (83,9%), Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması (82,0%), Cənubi Qafqazda yeni siyasi dövrün başlanğıcı (78,0%) gözləntilər sırasında qərarlaşıb.

"Prezident İlham Əliyev müharibədə qalib gəldi, indi isə sülhü qazandı" fikri ilə sorğuda iştirak edənlərin 96,3%-i razı olduğunu, 3,2%-i razı olmadığını qeyd edib. 0,5%-i bu barədə rəy bildirməyib.

Respondentlərin 85,0%-i Vaşinqton zirvəsini Vətən müharibəsindəki qələbənin nəticəsi kimi dəyərləndirib.
Sorğunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 95,2%-i bu görüşün yekunlarını Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən bütövlük hadisəsi kimi şərh edib.

Respondentlərin 80,7%-i ABŞ-nin Cənubi Qafqazda nüfuzunun artdığı mövqeyini bölüşüb.
Ölkə ictimaiyyəti Vaşinqton zirvəsini ən çox Prezident İlham Əliyevin uğuru kimi dəyərləndirib. Bu mövqe sorğu iştirakçılarının 76,4%-i tərəfindən səsləndirilib. Respondentlərin 41,2%-i bu zirvəni eyni zamanda Prezident Donald Trampın uğuru kimi dəyərləndirib. Baş nazir Nikol Paşinyan isə yalnız 5,1% tərəfindən qeyd olunub. Eyni zamanda, sorğu iştirakçılarının 18,0%-i keçirilən görüşü regionda gedən proseslərin ümumi məntiqi nəticəsi kimi dəyərləndirib. 1,3% digər cavabları qeyd edib, 3,2% isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin sülh diplomatiyasına ictimai dəstəyin yüksək olduğunu və bu siyasətin milli maraqlar baxımından uğurlu, məqsədyönlü kimi qəbul edildiyini göstərib. Belə ki, respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin sülh diplomatiyasını ümumilikdə yüksək (92,8%) qiymətləndirib. Respondentlərin 66,8%-i bu siyasəti çox yüksək, 26,0%-i isə yüksək səviyyədə dəyərləndirib. Orta qiymətləndirənlər 5,4%, aşağı səviyyədə dəyərləndirənlər isə ümumilikdə 1,6% olub.

Respondentlərin əksəriyyəti (57,1%-i) ABŞ-la strateji tərəfdaşlığı Azərbaycanın milli maraqları baxımından istənilən halda vacib hesab edib. Sorğuda iştirak edənlərin 32,2%-i ABŞ-la tərəfdaşlığın vacib olduğunu, lakin eyni zamanda region ölkələri ilə münasibətlərin qorunmasının zəruriliyini vurğulayıb. Onların cəmi 6,2%-i ABŞ-la strateji tərəfdaşlığı ümumiyyətlə vacib hesab etmədiyini bildirib. 4,6%-i bu barədə rəy bildirməyib.

Azərbaycan ictimaiyyəti Cənubi Qafqazda həlledici mövqeyə malik ölkələr kimi ilk sırada Azərbaycanı (74,8%) və Türkiyəni (64,6%) görür. Növbəti sıralarda ABŞ (44,0%), Rusiya (19,6%), Çin (13,4%), İran (5,1%) və Ermənistanın (1,1%) adı qeyd olunub. Respondentlərin 1,9%-i digər ölkələrin adını səsləndirib. Respondentlərin 2,4%-i bu ölkələrin heç birinin həlledici olmadığı mövqeyini bölüşüb, 2,7% bu barədə rəy bildirməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu