Modern.az

İctimai nəqliyyatda yeni mərhələ: Bakı avtobus parkını necə modernləşdirir?

İctimai nəqliyyatda yeni mərhələ: Bakı avtobus parkını necə modernləşdirir?

Aktual

18 Avqust 2025, 15:25

Son illərdə şəhərdaxili ictimai nəqliyyat sistemində xüsusilə avtobus xidmətləri sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Dövlətin məqsədi həm sərnişinlərin gündəlik həyatını asanlaşdırmaq, həm də müasir şəhər idarəçiliyinin tələblərinə cavab verən, çevik və ekoloji baxımdan daha təmiz nəqliyyat şəbəkəsi qurmaqdır.

Bu istiqamətdə atılan addımlar arasında avtobus parklarının yenilənməsi, istismar müddətini başa vurmuş köhnə nəqliyyat vasitələrinin mərhələli şəkildə müasir modellərlə əvəzlənməsi, xüsusi avtobus zolaqlarının tətbiqi və xidmət keyfiyyətinin artırılması mühüm yer tutur.

Modern.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edib ki, avtobus parkının yenilənməsi son dərəcə vacibdir:

“Son bir ildə bu istiqamətdə atılan addımlar müsbət qiymətləndirilə bilər. Xüsusilə, Bakı şəhərində xüsusi avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyatın hərəkət sürətini artırmaqla yanaşı, daha çox sərnişin cəlbinə səbəb olub. Bu, səfər müddətinin qısalmasına, avtobusların daha operativ hərəkətinə və ictimai nəqliyyata marağın artmasına gətirib çıxarıb.

Avtobus parkının yenilənməsi də son dərəcə vacibdir. Sevindirici haldır ki, yerli istehsal üçün də artıq zəmin yaradılıb. Çin istehsalçıları ilə Azərbaycan arasında elektrobusların istehsalı üzrə razılaşma əldə olunub və zavod tikintisinə qərar verilib. Yaxın zamanlarda ilk yerli istehsal elektrobusları görəcəyimiz gözlənilir. Bununla yanaşı, digər xarici istehsalçılardan da müəyyən müddət ərzində yeni avtobus və elektrobusların alınması planlaşdırılır. Mövcud iqtisadi reallıqlar nəzərə alınaraq bu prosesdə daşıyıcılara dövlət dəstəyinin göstərilməsi olduqca vacibdir. Çünki avtobus parkı köhnə olduqda, sərnişinlərin ictimai nəqliyyatdan istifadəyə marağı azalır”.

Ekspert bildirib ki, müasir, aşağıgövdəli, inklüzivlik standartlarına cavab verən, səsləndirmə sistemləri, kondisioner və monitorlarla təchiz olunmuş avtobuslar daha keyfiyyətli və rahat daşınma təmin edir. Bu isə insanların ictimai nəqliyyata marağını artırır. Belə nəqliyyat vasitələri vaxt itkisinin azaldılması ilə yanaşı, sərnişinlərə komfortlu səfər imkanı yaradır:

“Son zamanlar bu istiqamətdə müsbət tendensiyalar müşahidə olunur. Artıq bir sıra marşrut xətləri üzrə yeni avtobuslar istifadəyə verilib. Xatırladaq ki, COP29 çərçivəsində 160 ədəd elektrobus ölkəyə gətirilmişdi. Bu prosesin davamlı şəkildə olması ictimai nəqliyyata keçidi sürətləndirəcək.

Digər mühüm məsələ isə dayanacaq infrastrukturudur. AYNA bu istiqamətə də diqqət yetirməlidir. Dayanacaqlar daha əlçatan məsafələrdə yerləşdirilməli, onlara gedən səki yollarının vəziyyəti təftiş olunmalı və mövcud baryerlər aradan qaldırılmalıdır. Bu sahədə yerli icra hakimiyyətlərinin üzərinə də ciddi vəzifələr düşür. İstər dayanacağa qədər, istərsə də dayanacaqdan iş və ya evə qədər olan yollar hamar, təhlükəsiz və baryersiz olmalıdır. Yəni ayrılmış avtobus zolağı, müasir avtobuslar və əlverişli piyadalar infrastrukturu kompleks şəkildə planlaşdırılmalı və tətbiq edilməlidir. Bu, insanların ictimai nəqliyyatdan daha rahat, sürətli və səmərəli şəkildə istifadəsini təşviq edəcək”.

Rauf Ağamirzəyev onu da əlavə edib ki, hazırda Bakı şəhərində təxminən 2200 avtobus fəaliyyət göstərir:

“Aparılan hesablamalara əsasən, mobilliyin tam təmin olunması üçün bu rəqəm 2800-ə çatdırılmalıdır. Şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən avtobusların bir hissəsi yenilənmiş olsa da, hələ də müasir tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələri var. Onların tez bir zamanda yenilənməsi zəruridir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu