Azərbaycanda cari ilin yanvar ayının 1-dən bu günədək açıq ərazilərdə 10 mindən çox yanğın faktı qeydə alınıb ki, onun 2 min səkkiz yüzdən çoxu iyul ayı ərzində baş verib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Sorğumuza cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında kütləvi maarifləndirmə işlərinin aparılmasına, o cümlədən yanğına qarşı tələbləri özündə əks etdirən çoxsaylı çağırışlara baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, sözügedən qrupa aid olan yanğın hadisələri təhlil olunarkən bəzi vətəndaşların odla ehtiyatsızlığı, qəsdən yandırma, siqaret çəkilməsi zamanı ətrafdakı yanğın təhlükəsizliyi vəziyyətinin düzgün qiymətləndirilməməsi, habelə ərazilərdə iməcilik adı altında tullantıların yandırılması, məişət tullantılarının yandırılması, hərəkət iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün söndürülmədən ətrafa atılması, texniki cəhətdən nasaz avtomobillərlə açıq sahələrdə hərəkət kimi səbəblərdən həmin yanğınların baş verdiyi aşkar olunub.
“Hazırki dövrdə yay mövsümü ilə əlaqədar ölkə ərazisində baş vermiş yanğınların əksəriyyətinə əsasən dağlıq, dağətəyi relyefdən ibarət yol kənarı, xüsusilə meşəətrafı, açıq və həyətyanı sahələrdə, o cümlədən əkin sahələrində təsadüf edilir. Qeyd olunan ərazilərdə, uyğun olaraq quru ot, kol-kos, bəzən ağac örtüyü, xüsusilə qurumuş ağac kötükləri, əkilən yaxud artıq biçilmiş bitki örtüyü və ya qalıqları, həmçinin məişət tullantılarının yanması halları müşahidə olunur”,- FHN-dən bildirilib.