Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə çıxışı zamanı bir sıra ciddi mesajlar verib. Ölkə başçısı müharibəyə hazır olmaqla bağlı da çağırış edib. O qeyd edib ki, şirin sözlərə aldanmaq olmaz, ayıq olmaq lazımdır.
"Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb”,- ölkə başçısı deyib
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsuiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı dost və düşmən üçün mesaj olmalıdır:
“Azərbaycanın apardığı daxili və xarici siyasət müstəqil siyasətdir. Bu siyasətin prioritet istiqaməti Azərbaycan torpaqlarının tam suverenliyi, eyni zamanda ərazi bütövlüyü və Azərbaycan xalqının rifahıdır. Cənab Prezidentin son Kəlbəcər səfərində verdiyi növbəti bəyanat dost üçün də, düşmən üçün də mesaj olmalıdır. Məlum məsələdir ki, regional, eləcə də beynəlxalq səviyyədə baş verən son hadisələr, sülhün bərqərar olması istiqamətində atılan addımların bir nəticə verməməsi çox ciddi müzakirə obyektidir. Azərbaycan tərəfinin Vaşinqtonda verdiyi bəyanat, paraflanan maddələr bir daha göstərdi ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu sülhü pozmaq istəyən müəyyən qüvvələr isə çalışırlar ki, öz vasitəçilik missiyalarını ortaya qoysunlar, bununla hər iki tərəfi müəyyən qədər özlərinə uyğun siyasət yürütməyə vadar etsinlər, lakin bu mümkün deyil”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi və hərbi baxımdan bu gün baş verə biləcək bütün hadisələrin təhlilini apararaq, istənilən təhdidin qarşısını almağa hazırdır:
“Buna görə də həm dinc quruculuq işləri aparırıq, həm ərazi bütövlüyümüzün, əldə olunmuş suverenliyimizin qorunmasına daim hazırıq. Bu prosesləri bütün dünya görür. Hər hansı qeyri-adekvat addımlar atmağa çalışan dövlətlər bilməlidirlər ki, bizim dönməz daxili və xarici siyasətimiz var. Qarabağ müharibəsindən sonra bütün Silahlı Qüvvələrin - suda, quruda və havada döyüşən ordunun inkişafına önəm veririk. Bu, çox mühüm məsələdir. Düşünürəm, bütün dövlətlər bunu ən yüksək səviyyədə dərk etməlidirlər. 44 günlük müharibədə bir daha bunun şahidi oldular”.
Deputat Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə dövlət təhlükəsizliyi ilə bağlı çox ciddi mesajlar verib:
“Təbii ki, bu mesajların ünvanları bəllidir və lazımı yerlərdə çox diqqətlə dinlənilib. Bəli, biz sülh istəyirik, Ermənistanla razılaşdırlmış sülh gündəliyin müəllifi də Azərbaycandır. Biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatırıq. Bu hədəflərə uğurla addımlamağımız Prezident İlham Əliyevin rəhbərliyi altında baş verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistanla münasibətlər normallaşıb. Amma xalqımızın yaşadığı qanlı tarixi unuda bilmərik. Torpaqlarımızın işğalını, soyqırımlarını, dini-milli abidələrimizin məhv edilməsini, yaşayş məntəqələrini viran qoymasını heç vaxt unuda bilmərik. Bu qanlı tarixi nəinki özümüz yaddan çıxartmamalı, həm də gələcək nəsillərimizə ötürməliyik. Qəhrəman Azərbaycan xalqının şücaəti haqqında gələcək nəsillər bilməlidir. Dövlət başçımızın bu məsələni bütün görüşlərdə gündəmə gətirməsi xalqımızın milli mənəvi dəyərlərinin gücləndirilməsi və milli birliyinin sarsılmaz etməsi üçün vacibdir. Çünki dövlətimizə təhlükə həmişə olacaqdır. Bizim müstəqil siyasətimiz, qazandığımız qələbə və yaratdığımız reallıq çoxlarının yuxusunu ərşə çəkib. Bu baxımdan dövlət təhlükəsiliyinin gücləndirilməsi hər zaman vacib məsələlədir".
Parlamentari vurğulayıb ki, dövlət başçısının təhlükəsizliklə bağlı mesajı bizimlə güc dilində danışmağa çalışanlara ən düzgün cavabdır:
"Ölkə başçımızın qeyd etdiyi kimi, dövlət təhlükəsizliyimizin qarantı ancaq güclü ordumuzdur. Ona görə də quruda və suda ordumuzun döyüş qabiliyyəti artırılır. Ordumuz ən müasir silahlarla təchiz olunur. Bəli, müasirləşdirilən silahların arasında təkmilləşən PUA-lar, Xəzərdə pilotsuz idarə olunan katerlər, müasir döyüş təyyarələri və s. var. Biz ordumuzu ancaq müasir texnikalarla təchiz etməklə kifayətlənmirik. Həm də peşekar komando ordu növünü formalaşdırmışıq və bu ordu növü qarşısına qoyduğu hər bir döyüş tapşırığını qısa zaman kəsiyində icra etməyə hazırdır. Dövlət başçımızın bu mesajları bizimlə güc dilində və təzyiq ritorikası ilə danışmağa çalışanlara ən düzgün cavabdır".