Doğma torpaqlara qayıtmaq – bu, hər bir insan üçün ən böyük arzulardan biridir. Amma təəssüf ki, o arzunu gerçəkləşdirməyə hər kəsin ömrü yetmir. İllərlə həsrət qaldığımız, yurd-yuvasını qəlbində daşıyan minlərlə soydaşımız bu həsrətlə dünyadan köçdü. O yurdlarda böyüyən, o küçələrdə gəncliyini yaşayan, hər daşında alın təri olan insanlar ən böyük arzularını doğma torpaqlarını bir daha görməyi gerçəkləşdirə bilmədilər.
Mənim atam Cəlil Əbdülhəsən oğlu Adıgözəlovda onlardan biri idi. Onun həyatının ən böyük arzusu Qarabağa, doğma Xankəndiyə qayıtmaq idi. Amma vaxtsız ölüm bu arzunun qarşısını aldı. Bərdədə köçkün həyatı yaşayan zaman 2007-ci ildə atam dünyasını dəyişdi. Mən isə hər dəfə Xankəndi adı çəkiləndə onun gözlərindəki həsrəti, danışarkən səsindəki yanğıyı xatırlayıram.
Atamın əlləri ilə tikib qurduğu ev vardı. Yeni tikdiyi o evdə cəmi 11 il yaşaya bildi. Hər daşında onun zəhməti, hər küncündə onun alın təri vardı. Amma işğal illərində o ev də ermənilər tərəfindən qismən dağıdıldı. Onun çəkdiyi əziyyətlər, qurduğu ocağın müqəddəsliyi düşmən tapdağı altında qaldı.
Atamın ən çox danışdığı yerlərdən biri də Xankəndi şəhərində bazarın qarşısında yerləşən yeməkxana idi. İllərlə işlədiyi bu məkan onun həm qazanc yeri, həm də şəhərin bir parçası idi. O yeməkxana bir çox insan üçün ümid qapısı idi. Əksər hallarda pulsuz yeməklə insanların qarnını doyurardı. Çoxları onu “Povir Cəlil” kimi tanıyırdı. Xankəndidə yaşayan köhnə kişilər bu gün də o yeməkxanadan, orada yaşanan xatirələrdən danışırlar.
Atamın şəhərdə qazandığı hörmət və xatirə bu gün də yaşayır. Mən harada “Xankəndidənəm, Cəlilin oğluyam” desəm, camaatın üzündə doğmalıq və hörmət hissi görürəm. Onların dediyi xoş sözlər mənim üçün ən böyük qürurdur. Bu, bir övlad üçün həm fəxarət, həm də məsuliyyətdir.
Bu gün Xankəndi azaddır. Mən inanıram ki, atamın ruhu da bu azadlığa sevinir. Onun ən çox sevdiyi torpaq artıq öz sahiblərinə qovuşub. İllərin həsrəti ilə gözlədiyimiz gün gəldi. İndi bu torpaqlarda həyat yenidən canlanır, insanlar müstəqil, rahat şəkildə ermənisiz Xankəndidə yaşayır.
Atamın görmək istədiyi Xankəndi indi yenidən qurulur. Onun arzusu indi bizim gözlərimizlə gerçəkləşir. Mən inanıram ki, hər addımda, hər daşda, hər tikilidə onun xatirəsi də yaşayacaq.
Bu gün biz Xankəndiyə qayıdarkən təkcə özümüz üçün deyil, həm də bu torpağı görmədən gedənlərin ruhu üçün dönürük. Onların arzuları bizim yolumuza işıq tutur.
Şamxal Adıgözəlov