Kobileti, Qara Dənizlə meşələrin qucaqlaşdığı məkan...
Onlarla ölkədən gələn turistlər dənizdə belə, telefonlardan əl çəkə bilmirlər. Bəlkə də telefon onları dinc buraxmır.
Bu mənzərə insanlıq üçün çox üzücüdür.
***
Əvvəllər müsəlmanlar məscidə, xristianlar kilsəyə gedərdi, dua edərdilər.
İndi müsəlman da, xristian da əlində telefon tutan hər kəs elə bil “ibadət” edir.
Sağ əli ilə düyməni basır, sol üzü ilə poz verir.
Hər şəkil çəkilən anda sanki yeni bir ibadət tamam olur.
“Şəkil çəkdim, paylaşdım, deməli, varam”, - bu düşüncə sanki günümüzün fəlsəfəsidir.
Adam əvvəl dənizin qırağına gedəndə suyun səsini dinləyərdi, indi kameranın səsini önə çəkir.
Adam əvvəllər yeməyin dadını çıxarardı, indi yeməyin şəklini çıxarır.
Uşaq doğulur, həkimdən qabaq telefon gəlir.
Ölü qəbiristanlığa aparılır, molladan qabaq telefon çıxarılır.
Bir vaxtlar yaddaş dəftərlərdə, beyinlərdə olurdu.
İndi yaddaş telefon kartındadır.
İnsan artıq xatırlamır, sadəcə “qalereyaya baxır”.
Çox şəkil xatirə deyil ki...
Çox şəkil beyinləri boşaldır, yaddaşı süniləşdirir.
İnsan telefonunu itirsə, ömrünü itirimiş olur.
Baxın, toydan bəy-gəlinlə şəkil paylaşılır, vallah, burada sevgi arxa plandadır, nümayiş var.
Rəhmətə gedənlə şəkil paylaşılır, burada dərdə şəriklik unudulub, kontent var.
Qurban bayramında qoyunun boğazına qırmızı bağlayıb şəkil paylaşılır, burada ibadətdən söhbət gedə bilməz, "instastory" var.
Xəstəxanadan xəstə ilə şəkil paylaşılır, burda dua edilmir, "like" var.
Kitabla şəkil paylaşılır, burada oxumaq əsas deyil, poz vermək var.
Qəza yerindən şəkil paylaşılır, burada insanlıq qeybə çəkilib, şou var.
Nə yazıq ki, indi insan nəyi görürsə, qarşısına nə çıxırsa onunla şəkil çəkdirir; it, pişik, qurbağa, gözünə görünən hər şeylə,
Fərqindəsinimzi, niyə belə edir?
Hər kəs “məni görsün” istəyir.
Gözə görünmək, xatırlanmaq, təsdiq olunmaq arzusu şəkillərlə doyuzdurulur.
Amma nə qədər çox şəkil çəkilirsə, insan daha çox görünməz olur.
Çoxluğun içində fərqlilik itib gedir.
İnsan bir şəkil qədər qalır, özü unudulur.
Dünya şəkillərin məzarlığına çevrilir.
Bu məzarlıqda toy, yas, sevinc, kədər, hər şey var...
Nə yazıq ki, heç biri gerçək deyil, hamısı pozdur.
Bilirsiniz hara gedirik?
Bir gün övlad ata-anasıyla qarşıalaşanda tanımayacaq, çünki onları şəkillərdən bilir.
Şəkil çəkmək, çəkdirmək həyat tərzidir.
Elə bil həyat çəkilmək üçün mövcuddur, yaşamaq yaddan çıxıb.
Bu vərdiş həyat tərzinə çevrilib.
Paradoks ondadır ki, şəkil çəkdiyimiz, çəkdirdiyimiz anın özünü də yaşaya bilmirik.
Toyda, dəniz kənarında, yemək süfrəsində, hətta yas mərasimində belə hamı telefonla məşğuldur.
Şəkil çoxaldıqca dəyər azalır.
İnsan özünü təsdiqləmək üçün başqasının baxışına ehtiyac duyur.
Şəkil yaddaş üçündür. Amma yaddaşın yerinə keçməyə başlayanda, insanın özünü əvəzləyir.
Şəkildə xoşbəxt görünmək, gülümsəmək insanın gerçək xoşbəxtliyi deyil.
Şəkil girovluğunun məcburiyyətidir.
Bəli, istəsək də, istəməsək də günümüz gerçəkliyi budur,
ŞƏKİL İNSANI GİROV GÖTÜRÜB...
Elşad Eyvazlı