Modern.az

Urmiya gölü quruyur: ciddi sayda insan köçü olacaq

Urmiya gölü quruyur: ciddi sayda insan köçü olacaq

Aktual

26 Avqust 2025, 12:18

İranın Ətraf Mühit Təşkilatının dəniz və bataqlıqlar üzrə direktor müavini Əhmədrza Lahicanzadə bildirib ki, yayın sonuna kimi Urmiya gölü tamamilə quruya bilər.

“İyul, avqust və sentyabr aylarında buxarlanmanın intensivliyini və ölkə üzrə yüksək temperaturu nəzərə alsaq, buxarlanmanın bu intensivliyi və gölün səthinə daxil olan suyun olmaması onu göstərir ki, biz çox güman ki, bu yayın sonuna kimi Urmu gölünün tamamilə qurumasının şahidi olacağıq", - o deyib.

Modern.az-a danışan Güney Azərbaycanlı fəal, beynəlxalq münasibətlər üzrə doktorant Məhsa Mehdili bildirib ki, yerli əhaliyə Urmiyaya göl yox, dərya deyirlər və onlar üçün bura çox önəmlidir:

“Mən Urmiya dəryasına 15-20 dəqiqəlik məsafədə böyümüşəm. Dəryanın quruması, həqiqətən psixologiyamızı da dərindən sarsıdan acı yaradır. Həqiqətən, bütün keçmişimiz, uşaqlığımız dərya ilə iç-içədir. Onun yox olmasına, illərdir ölüm halında olmasına, Tehran hakimiyyətinin zaman öldürərək vəziyyəti düzəltmək üçün nəsə etmədiyə şahidlik edirik. Sağlamlıq, iqlim məsələləri bir yana burada  sosiopsixolojik təsir də var. Torpağımızdan dəryamızı oğurlayıblar, onu öldürüblər. Nəsillər boyu bu bizə təsir edəcək. Hakimiyyət Urmiya dəryasını qəsdən qurutdu. Bu, Cənubi Azərbaycana qarşı illər öncədən planlaşdırılan cinayət idi. Bunu da unutmayaq ki, Urmiya dəryası ilə əlaqədar mədəni etirazlarda bəlkə, minlərlə insan saxlanılaraq, mühakimə edilib. Bir çoxu buna görə ölkədən çıxmaq məcburiyyətində qalıb, bəziləri işdən çıxıb. Cənubi Azərbaycanlılar bu məsələdə tək qalsalar da, dəryaları üçün böyük mübarizə apardılar. Tehran hakimiyyəti sanki o ərazilər bunların dədələrindən qalan torpağıymış kimi istədikləri kimi davrandılar. Etiraz edənlərin də həyatına zərər vurdular".

M.Mehdili vurğulayıb ki, Urmiya gölünün quruma təhlükəsi 2010-cu ildən bəri özünü ciddi şəkildə göstərirdi:

"İndi də mən gedib oranı yaxından görə bilmirəm. 13-14 ildir, ora getməmişəm. Amma bəli, təəssüf göl quruyur. Bu ekosistemə, iqlimə pis təsir edəcək. O bölgələr bağ-bağatı ilə məşhurdur. Mənim ata-babalarımın düz dəryanın yanında tarlaları vardı. Hamısı illərlə qurumaq üzrədir, indi tamamilə quruyacaq. Böyük əhali köçü olacaq. Cənubi  Azərbaycanın çox böyük bir hissəsini çöl etdilər. Bunun ciddi geopolitik və geostratejik təsirləri olacaq.Tehran hakimiyyəti bunu bilərək etdi. Oranı nüfusu boşalmış ölü bölgə etmək istədilər. Təəssüf ki, cənubi azərbaycanlıların bütün fədakarlıqlarına baxmayaraq biz bu prosesə şahidlik edirik".

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım