Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Abbas Arakçi arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu, İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Arakçi Lavrova İranın nüvə proqramının nizamlanmasına dair Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə telefon danışığının nəticələri barədə ətraflı məlumat verib.
Rusiya tərəfi Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səylərə əhəmiyyətli töhfə verməyə hazır olduğunu təsdiqləyib. Qarşılıqlı maraq doğuran bir sıra digər aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli gündəliyin prioritet məsələlərinə, o cümlədən 2025-ci il yanvarın 17-də prezidentlər tərəfindən imzalanmış Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin icrası, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə dair əldə edilmiş razılaşmalara toxunulub.
Etibarlı siyasi dialoqu davam etdirmək və diplomatik xidmətlər arasında koordinasiyanı gücləndirmək üçün qarşılıqlı öhdəlik ifadə olunub.
Müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki müzakirə edilib.