Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Modern.az-ın məlumatına görə, söhbət zamanı Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub. Şeyxülislam A.Paşazadə yeni səfirə qarşıdakı fəaliyyətində uğurlar diləyib. QMİ sədri bildirib ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və inşallah, ölkələrimiz arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaqdır.
İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Şeyxülislam A. Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirdi və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.
İranlı səfir Şeyxülislam A. Paşazadəni Azərbaycan və bütün region üçün önəmli şəxsiyyət, Azərbaycanı dünya miqyasında, beynəlxalq müstəvilərdə yüksək səviyyədə təmsil edən nüfuzlu lider kimi dəyərləndirib və qəbula görə minnətdarlığını bildirib. QMİ sədrini ad günü münasibətilə təbrik edən cənab M.Dəmirçilu qeyd edib ki, İran İslam Respublikasında Şeyxülislam A.Paşazadəyə böyük ehtiram bəslənilir. O, İran İslam Respublikasında keçiriləcək benəlxalq konfransa dəvət məktubunu QMİ sədrinə təqdim edib, İslam Əməkdaşlıq Təşkilatı xəttilə Həzrəti Peyğəmbərimiz Mühəmməd Salavatullahın mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verib.