Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə işlər həyata keçirilir.
Modern.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Sukanal İdarəsi tərəfindən istehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri müntəzəm icra olunur. Məqsəd sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirməkdir.
Rayon ərazisində içməli su şəbəkəsinin ümumi uzunluğu 348 kilometrdir. İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki, bundan 108244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılır.
Yasamal rayon Sukanal İdarəsinin rəisi Sərxan Orucov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, sukanal idarəsi tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094 paqon metr müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti isə təmir olunub.
Habelə yaşayış binalarının zirzəmisində 797 paqon metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos quraşdırılıb, 24 ədəd nasos və 1 ədəd elektrik mühərriki təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya olunub, ümumilikdə 109071 abonent su ilə təmin edilib.