“Əminəm ki, Türkiyə Ukrayna nizamlanmasında xüsusi rol oynamağa davam edəcək”.
Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğanla görüşündə deyib.
O, Türkiyəyə istirahətə gedənlərin sayına görə birinci yeri rusların tutduğunu da bildirib.
"Mənə elə gəlir ki, yeni tarixi rekord qeydə alınıb. Türkiyəyə 6,7 milyondan çox Rusiya vətəndaşı səfər edib. Bu, bir il əvvəlkindən 6,3% çoxdur", - Putin qeyd edib.
Prezidentlərin görüşündə bir sıra regional məsələlər, xüsusilə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz müzakirə edilib.
"Bizim diqqətimiz həmçinin Yaxın Şərq, Şimali Afrika və Transqafqaz kimi ümumi maraq kəsb edən məsələlərdir. Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı yaxşı qurulub, konkret, faydalı və deyərdim ki, etibarlı xarakter daşıyır", - Rusiya lideri bildirib.
Ərdoğan da öz növbəsində Putinin Türkiyəyə səfərini gözlədiyini bildirib.
"Cənab prezident, sizi Türkiyədə görməyi səbirsizliklə gözləyirəm. Bizim təklifimiz qüvvədə qalır", - Türkiyə lideri görüş zamanı deyib.
Son bir il ərzində Ərdoğan Rusiya liderini üç dəfə Türkiyəyə səfərə dəvət edib: 2024-cü ilin iyulunda Astanada ŞƏT sammiti çərçivəsində, 2024-cü ilin oktyabrında Kazanda BRİKS sammiti çərçivəsində və 2025-ci ilin fevralında Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edərkən.