Modern.az

Mnatsakanyanın ifadələri elan edildi

Mnatsakanyanın ifadələri elan edildi

Aktual

1 Sentyabr 2025, 21:52

Sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

 

Modern.az xəbər verir ki, o, ibtidai istintaqa ifadəsində 1992-ci ilin sentyabr ayında qondarma rejimin "ordusunda" tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başladığını bildirib.

 

Müxtəlif vəzifələrə təyin olunub, sonra 2007-ci ilin may ayından 2012-ci ilin noyabr ayınadək qondarma rejimin "müdafiə ordusu"nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun ayınadək Xankəndi şəhərində "Xilasetmə idarəsinin direktoru", 2019-cu ilin may-iyun ayından 2020-ci ilin iyun ayınadək "polis rəisi" olub. Təqaüdə göndərildikdən sonra heç bir yerdə işləməyib.

 

Qondarma qurumun "müdafiə ordusu"nun komandanı vəzifəsində xidmət etdiyi müddətdə "ordunun" maliyyələşməsi, silahlandırılması və sair bu kimi məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

 

1992-ci ilin sentyabr ayında qondarma qurumun "müdafiə ordusu"nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular