Son illərdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regional və qlobal siyasətdə daha fəal və təsirli aktor kimi çıxış edir. Ölkəmizin balanslaşdırılmış və çoxvektorlu xarici siyasəti Şərq və Qərb arasında etibarlı körpü rolunu möhkəmləndirir, iqtisadi-ticari, nəqliyyat və enerji sahələrində çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Bu baxımdan Çinlə strateji tərəfdaşlıq və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas amillərdən hesab olunur.
Çinin Tiencin şəhərində keçirilən ŞƏT və “ŞƏT Plus” formatında 25-ci sammit son onilliklərin beynəlxalq diplomatiya tarixində geniş iştirakçı tərkibi ilə seçilir. Sammitə 20 dövlətin lideri, 8 beynəlxalq təşkilatın rəhbəri və nüfuzlu siyasətçilərin qatılması tədbirin qlobal gündəlikdəki əhəmiyyətini nümayiş etdirir. Bu onu göstərir ki, qlobal məkanda geosiyasi gərginliklərin və iqtisadi çətinliklərin artdığı bir vaxtda dövlətlər çoxtərəfli əməkdaşlıq platformalarına xüsusi önəm verirlər.
Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın diplomatik nüfuzunu artırmaqla yanaşı, ŞƏT çərçivəsində yeni təşəbbüsləri reallaşdırmaq imkanlarını da genişləndirir. Azərbaycan uzun illərdir ŞƏT çərçivəsində fəal iştirak edir və dialoq tərəfdaşı statusunu qoruyur. Son tədbirlər çərçivəsində ölkəmizin “ŞƏT tərəfdaşı” statusu qazanması ölkəmizin regional lider mövqeyini daha da gücləndirir. Bu status Azərbaycanın ticarət, enerji və investisiya imkanlarını artırır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edilən 23 milyard kubmetr qaz və Bakı-Tbilisi-Qars dəmir yolunun illik 5 milyon ton yükgöndərmə tutumu Azərbaycanın ŞƏT üzv dövlətləri ilə iqtisadi əməkdaşlığının bu günkü nəticəsidir. ŞƏT tərəfdaşlığı Azərbaycana bu nəticələri dəfələrlə artırmaq imkanları yaradır. Limanlar, nəqliyyat dəhlizləri və rəqəmsal transformasiya layihələrində birgə təşəbbüslər ölkənin texnoloji və infrastruktur sahəsindəki perspektivlərini gücləndirir. Eyni zamanda, terrorizm, narkotik qaçaqmalçılığı və transmilli cinayətkarlıqla mübarizə sahəsində Azərbaycan fəal mövqe tutur.
Prezident Əliyev tərəfindən yürüdülən çoxşaxəli xarici siyasəti Şərq və Qərbi birləşdirən Azərbaycanın strateji körpü rolunu möhkəmləndirir. Ölkə ABŞ, Çin və digər qlobal güclərlə strateji tərəfdaşlıq əlaqələrini qoruyaraq qlobal güc mərkəzləri arasında regional balansı məharətlə tənzimləyir. Ermənistan-Azərbaycan sülh sazişi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Cənubi Qafqazda regional sabitliyi təmin edir, qlobal miqyaslı ticarət və nəqliyyat imkanlarını genişləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələri, Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Bir Kəmər, Bir Yol” layihəsində strateji rolu, həmçinin ŞƏT çərçivəsindəki fəal iştirakı ölkəmizi yalnız öz milli maraqlarını qoruyan tərəfdaş deyil, həm də beynəlxalq əməkdaşlıq və inteqrasiya təşəbbüskarı kimi təqdim edir. “Bir Kəmər, Bir Yol” təşəbbüsü və ŞƏT platformasında fəal iştirak Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, diplomatik nüfuzunu da yüksəldir. Beləliklə, Azərbaycan regionda stabilliyin təminatçısı, regional inteqrasiya təşəbbüskarı və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi qlobal siyasi məkanda öz mövqeyini möhkəmləndirir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı