Modern.az

Azyaşlıların erkən nikaha məcbur edilməsi – cinayət və cəmiyyətə xəyanət

Azyaşlıların erkən nikaha məcbur edilməsi – cinayət və cəmiyyətə xəyanət

Aktual

5 Sentyabr 2025, 08:53

Azərbaycanda uşaqların hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Buna baxmayaraq, bəzi ailələrdə hələ də azyaşlı yeniyetmələrin erkən nikaha məcbur edilməsi kimi acı reallıqla üzləşirik. Bu, sadəcə bir ailə məsələsi deyil – uşağın gələcəyinə, sağlamlığına, təhsilinə və bütövlükdə cəmiyyətin inkişafına ağır zərbədir.

Erkən nikahın fəsadları danılmazdır. Azyaşlı qızların təhsildən uzaqlaşdırılması, erkən ana olması, psixoloji və fiziki sağlamlığının risk altına düşməsi gələcəkdə həm fərdi, həm də sosial problemlərə yol açır. Bu, nəinki bir uşağın taleyinin məhv olmasıdır, həm də ölkənin gələcək potensialının zəifləməsidir.

Unutmaq olmaz ki, məsuliyyət birbaşa valideynlərin üzərinə düşür. Uşaqlarını erkən nikaha məcbur edən valideynlər həm maarifləndirilməli, həm də qanun qarşısında ciddi cavab verməlidirlər. Azərbaycanda hüquq mühafizə orqanları bu kimi hallarla rastlaşarsa, çox sərt tədbirlər görür. Qanunu pozan valideynlər və bu nikahları təşkil edən şəxslər ağır inzibati və hətta cinayət məsuliyyətinə cəlb olunur.

Lakin yalnız cəza kifayət etmir. Maarifləndirmə, xüsusilə bölgələrdə ailələrlə aparılan izahat işləri mühüm rol oynayır. Valideynlər başa düşməlidirlər ki, uşaqların gələcəyi savadla, təhsillə və sağlam mühitlə təmin olunur, vaxtından əvvəl qurulan ailə ilə yox.

Cəmiyyət olaraq hər birimiz bu hallara qarşı qətiyyətli olmalıyıq. Erkən nikahların qarşısını almaq, uşaqların təhsilini davam etdirməsini təmin etmək, onların hüquqlarını qorumaq həm dövlətin, həm də ictimaiyyətin borcudur.

Nəticə aydındır: azyaşlı yeniyetmələrin erkən nikaha məcbur edilməsi cinayətdir və cəmiyyətin gələcəyinə edilən xəyanətdir. Bu hallara göz yummamaq, sərt tədbirlər görmək və eyni zamanda ailələri maarifləndirmək hər birimizin vəzifəsidir.

V çagırış Milli Məclisin deputatı Dilarə Cəbrayılova

1459420

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular