Modern.az

Teleqram istifadəçilərinə XƏBƏRDARLIQ! - Hesabınız oğurlana bilər

Teleqram istifadəçilərinə XƏBƏRDARLIQ! - Hesabınız oğurlana bilər

Aktual

6 Sentyabr 2025, 09:39

Son zamanlar Telegram istifadəçiləri arasında şübhəli və təhlükəli keçidlərlə qarşılaşma halları artıb. İlk baxışda adi və ya etibarlı görünən bu tip mesajlar, əslində ciddi kibertəhlükələrin mənbəyi ola bilər.

Modern.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, Telegram üzərindən fişinq və zərərli proqram (malware) bağlantıları vasitəsilə təhdidlər mövcuddur.

“Keçid sizi Telegram və ya digər xidmətin saxta giriş səhifəsinə yönləndirə bilər. Orada daxil etdiyiniz istifadəçi adı/parol, OTP və ya 2FA kodları ələ keçirilə bilər. Həmçinin bu kimi keçidlər sizi zərərverici fayl və ya proqramı yükləməyə də istiqamətləndirməsi mümkündür. Bu malware cihazınızdan kredit kartı məlumatı, şəxsi sənədlər kimi gizli məlumatları toplamaq gücünə malik ola bilər”.

Ekspertin sözlərinə görə, giriş məlumatlarımızı ələ keçirən şəxs hesabımızı istifadə edərək mesaj göndərə, kontaktlarımıza keçidlər paylaşa və fişinq kampaniyasını davam etdirə bilər:

“Kredit/debet kartınızdan icazəsiz ödənişlər edilə və ya həmin məlumatlar darknet bazarında satıla bilər. Eyni zamanda, şəxsiyyət oğurluğu və ya şantaj üçün istifadə oluna bilər. Cihazınıza keylogger və ya uzaqdan idarəetmə proqramı da yerləşdirilə bilər”.

Tədqiqatçı onu da əlavə edib ki, ümumilikdə göndərilən məlumatın məzmununa diqqətlə baxmaq vacibdir:

“Bəzən sizə etibarlı kontaktdan "Şəkilləriniz" və ya digər reklam yönümlü məlumat və keçidlər göndərilə bilir. Ən doğru yol həmin şəxs ilə şifahi surətdə əlaqə saxlayıb vəziyyəti aydınlaşdırmaqdır. Keçidə toxunmadan, həmin mesajı oxumadan silmək məsləhətdir. Gələn mesaj və zənglərə isə daim ehtiyatla yanaşmalıyıq”,- B.Əliyev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular