Rusiya tərəfi Cənubi Qafqaz dövlətləri ilə onların üç qonşusu, o cümlədən Rusiya arasında “3+3” formatında qarşılıqlı fəaliyyətin tezliklə bərpasına ümid edir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-nin müəllim və tələbələri qarşısında çıxışı zamanı deyib.
Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan IRNA-ya müsahibəsində bildirib ki, “3+3” formatında növbəti görüş İrəvan və ya Bakıda baş tuta bilər.
"Biz həqiqətən ümid edirik ki, Türkiyə və Azərbaycanın o zaman irəli sürdüyü təşəbbüs, yəni "3+3" platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi - Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu - İran, Türkiyə, Rusiya... İndi hesab edirik ki, bu formatı bərpa etməyin vaxtı çoxdan çatıb", - rusiyalı nazir bildirib.
Onun sözlərinə görə, İran bu prosesi dəstəkləyir və platformanın təşəbbüskarları Türkiyə və Azərbaycan olub. Bu kontekstdə Lavrov tez görüşə ümid etdiyini bildirib.
İndiyədək keçirlən görüşlərdə Gürcüstan iştirak etməyib, lakin digər iştirakçılar dəfələrlə bildiriblər ki, qapı Tiflis üçün açıq qalır.