Modern.az

Məktəbli və tələbələrə nəqliyyatda güzəşt edilsin! - Deputatlardan DƏSTƏK

Məktəbli və tələbələrə nəqliyyatda güzəşt edilsin! - Deputatlardan DƏSTƏK

Aktual

9 Sentyabr 2025, 16:56

Son günlər ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Beynəlxalq təcrübəyə nəzər saldıqda, bir çox ölkələrdə məktəblilər və tələbələr üçün güzəştli, hətta bəzən pulsuz istifadə imkanlarının yaradıldığını görmək mümkündür.

Azərbaycanda isə hazırda yalnız 5 yaşına qədər uşaqlar, eləcə də polis və hərbi qulluqçular gediş haqqından azaddır.

İctimaiyyət arasında isə məktəblilər və tələbələrin də bu kateqoriyaya daxil edilməsi ilə bağlı təkliflər səsləndirilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dəfələrlə bu məsələni gündəmə gətirdiyini, şagird və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunması ilə bağlı təkliflərlə çıxış etdiyini bildirib. Onun sözlərinə görə, Milli Məclisin Elm və Təhsil Komitəsinin iclaslarında da bu fikir üzvlər tərəfindən dəfələrlə səsləndirilib.

“Düşünürəm ki, Elm və Təhsil Nazirliyi ilə nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlar arasında bu istiqamətdə müzakirələr aparılarsa, müəyyən güzəştlərə nail olmaq mümkündür. Bu, əslində mürəkkəb məsələ deyil – razılıq əldə olunduğu halda tətbiqi realdır. Dünyanın əksər ölkələrində belə bir praktika mövcuddur və burada söhbət tamamilə pulsuz gedişdən yox, müəyyən qədər endirimlərin tətbiqindən gedir. Məsələn, qonşu Türkiyədə və digər ölkələrdə tələbə və şagirdlər üçün bu cür güzəştlərə rast gəlinir”.

Millət vəkili qeyd edib ki, bu addımı dövlətin gənclərə dəstəyi kimi də qiymətləndirmək olar:

“Belə bir güzəştin tətbiqi həm sosial, həm də iqtisadi baxımdan faydalı ola bilər. Çünki hazırda valideynlər, xüsusilə də çoxuşaqlı ailələr, ictimai nəqliyyatdan istifadə edərkən müəyyən çətinliklərlə üzləşirlər. Güzəştlərin tətbiqi onların yükünü azaldaraq gündəlik xərclərinə müəyyən qədər töhfə verə bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov da məsələyə münasibət bildirərək, məktəblilər və tələbələr üçün ictimai nəqliyyatdan güzəştli istifadə imkanlarının tətbiqini çox vacib saydığını vurğulayıb.

“Belə bir təcrübə çox ölkələrdə tətbiq olunur. Çünki, tələbə və məktəblilər sosial müdafiəyə ehtiyac olan kateqoriyadır. Bu kateqoriyadan olan şəxslər işləyib gəlir əldə edə bilmirlər. Yəni məktəblilərin və tələbələrin gündəlik ictimai nəqliyyatdan istifadə olunması xərci onların valideyinlərini müəyyən maliyyə çətinlikləri ilə üzləşdirir”.

Deputat onu da əlavə edib ki, bu baxımdan məktəblilərə və tələbələrə xüsusi güzəştli kartların verilməsi ilə bu məsələni həll etmək olar.

“Məsələn hər bir tələbəyə və ya da məktəbliyə  gündə iki dəfə bu kartdan istiafadə etmək limiti qoymaqla güzəşti tətbiq etmək olar. Bir sözlə desək, belə bir addımın atılması çox vacibdir”,- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?