Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai prospektində təmir işlərinə başlanılıb.
Modern.az xəbər verir ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir.
Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir.
Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur: - Zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi, - Prospektə yeni asfalt-beton örtüyünün döşənməsi, - Yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi, - Yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması. Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir. Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsiz və nizamlı təşkili məqsədilə üfüqi nişanlama xətlərinin çəkilməsi təmin olunacaq.