İkinci Dünya Müharibəsindən sonra dövlətlərarası beynəlxalq münasibətlər sistemində əsaslı dəyişiklər baş verdi. Hitler Almaniyasını bərabər yıxan ABŞ-la SSRİ dünyada vahid güc uğrunda mübarizə apardılar. 1946-89-cu illəri əhatə edən soyuq müharibə isə bu mübarizənin ən əsas və əhəmiyyətli hissəsi idi. Lakin bu ideoloji-psixoloji müharibənin müəllifinin əsasını 10 səhifəlik strateji məktubla qoyan azərbaycanlını hələ ki, nə içimizdə, nə də çölümüzdə tanıyırlar.
Modern.az saytı yüksək əhəmiyyətə malik olan bu məktub və onun müəllifi barədə yazını sizlərə təqdim edir:
O, bütün sahələrdəki fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışıb. Həm II Dünya Müharibəsindən sonra yaradılan Azadlıq radiosunun Azərbaycan redaksiyasının, həm də, mühacirətdə iki dildə çıxan “Azərbaycan” qəzetinin baş redaktoru olub. Azərbaycanın istiqlalı uğrunda çoxlu sayda publisistik məqalələri və radio verilişləri var.
Haqqında danışılan şəxs Azərbaycanın ağır illərində onun müstəqilliyi uğrunda vuruşan, Almaniyada sovet ordusuna qarşı çıxan Azərbaycan legionerlərinin komandiri Əbdürrəhman Fətəlibəyli-Düdənginskidir.
Düdənginski barədə yazılan yeganə kitabın müəllifi araşdırmaçı Nəsiman Yaqublunun dediyinə görə, ondakı sovet nifrəti həyatının əsas bələdçisi olub. Belə ki, məhz, bu nifrət sayəsində Düdənginski II Dünya Müharibəsi zamanı almanlar tərəfə keçir. Sonradan Almaniyada Azərbaycan legionerlərini bir yerə yığaraq onlardan döyüşçü taborları formalaşdırır. Özü isə həmin hərbi birləşmənin komandiri olur. Müharibədə sonradan ikinci cəbhənin açılması və hər şeyin sovetin naminə həll olunması Düdənginskini əsaslı addımlar atmağa məcbur edir. Nəsiman Yaqublu bu barədə qeyd edir:
“1945-ci ildə müharibə sona çatarkən Düdənginski nəticənin onlar üçün ağır olacağını duyub legionerlərlə bərabər İtaliyaya gedir. Çünki həmin vaxt 1945-ci ildə ABŞ-la SSRİ və İngiltərə arasında imzalanan Yalta müqaviləsinə əsasən, dövlətlər əsirləri tutub bir-birinə təhvil verirdilər. Sovet əsirlərini də qaytardıqda onlar Stalinin göstərişi ilə güllələnirdilər. Ona görə də Fətəlibəyli-Düdənginski vətənə qayıtmamaqdan ötrü ciddi təbliğat apardı. Onsuz da gəlsəydilər onları güllələyəcəkdilər. Həmin vaxt Türkiyə dövləti 150-ə yaxın azərbaycan legionerini sovetə təhvil verəndən sonra sovet əsgərləri elə sərhəddəcə onları güllələmişdilər. Bu da Türkiyədə o zaman böyük skandala səbəb olmuşdu“.
Beləliklə, 1946-cı ildə Düdənginski öz mübarizəsinin başqa formasını seçir. Artıq o ideoloji yolla döyüşməyə başlayır. Meydanda tək qalmasına, İtaliyada gizlənən sıravi bir mühacir hərbçi olmasına baxmayaraq, əlindən gələn bütün lazımı işləri görür. İdeologiyasının mərkəzində isə Sovet rejiminin iflası və müstəqil respublikaların formalaşması idi. Bu yöndə İngiltərənin baş nazirinə strateji yöndə bir məktub yazır.
Tədqiqatçıların dediyinə görə həmin məktub soyuq müharibənin sonradan tətbiq olunacaq bütün prinsiplərini özündə əks edirdi.
Məktub 1946-cı ilin mart ayının 23-də İngiltərənin baş naziri Klement Etliyə yazılıb. Doğrudur, bundan əvvəl martın 6-da Çörçil Fultonda tələbələr qarşısında çıxış edib. Amma Nəsiman Yaqublunun sözlərinə görə, Düdənginskinin Fultondakı çıxışdan xəbəri yox idi. Həm də Çörçilin çıxışı ilə müqayisə edəndə Düdənginskinin məktubu daha geniş proqram xarakteri daşıyır. O, məhz buna görə də Əbdürrəhman Fətəlibəyli-Düdənginskini soyuq müharibə planının müəlliflərindən biri kimi qeyd edir:
“1946-cı ilin 23 martında Düdənginski İngiltərənin baş naziri Etliyə böyük bir məktub yazdı. Bu böyük tarixə malik bir məktubdur. O məktubda soyuq müharibənin prinsipləri göstərildi. Sovet rejiminə qarşı mübarizəni necə aparmağın konsepsiyasını verdi. Bu çox tarixi bir məktubdur. Məktub ciddi ictimaiyyət tərəfindən çox böyük maraqla qarşılandı. Məktub 1946-cı ildə martın 5-də Çörçilin Fultondakı çıxışından 18 gün sonra yazılıb. Amma Düdənginski bu məktubu yazarkən Çörçilin çıxışından xəbərsiz olub. Həm də onun məktubu Çörçilin çıxışından daha məzmunlu və daha strateji idi. Fultonda Çörçilin çıxışı o qədər də məzmunlu deyildi. Sadəcə kəskinliyinə görə fərqlənirdi. Amma Düdənginskinin 10 səhifəlik məktubu soyuq müharibənin bütün prinsiplərini özündə əks edirdi. Həm də burada imic məsələsi də var idi. Təbii ki, bir var Böyük Britaniya kimi nəhəng bir məmləkətin əsas siyasətçisi - baş nazirinin çıxışı, bir də var hələ də İtaliyada gizlənən bir mühacirin məktubu. Amma zaman keçəcək bu məktubun dəyəri tam bilinəcək. Zaman gələcək biz bu məktubun beynəlxalq statusunu ala biləcəyik. Biz bunu hələ ala bilməmişik. Dünyaya tanıda bilməmişik ki, bu məktubla soyuq müharibənin əsas prinsipləri qoyulub. Onu Avropa dillərinə tərcümə etdirib rəsmi sənəd statusu verməliyik”.
Elmin Nuri