Yəqin az adam tapılar ki, azlığından, çoxluğundan asılı olmayaraq cəfəridən istifadə etməsin. Təbii olaraq bir çoxlarımız da elə düşünürük ki, cəfəri yalnız xörəklərimizə və müxtəlif salatlara dad vermək üçündür. Bu fikirdə olanlar öz düşüncələrində yanılırlar. Çünki cəfəri hazırladığımız təamlara dad verməklə yanaşı həm də sağlamlığımız üçün olduqca faydalıdır. Cəfəri sözün əsl mənasında can dərmanıdır.
Cəfəri insan orqanizmi üçün vacib olan fosfor, kalium, selen, A və B qrup vitaminlərlə zəngindir. Cəfərinin tərkibində olan C vitamini limondan dörd dəfə çoxdur.
Bu dəyərli bitki orqanizmin immunitetini gücləndirir, maddələr mübadiləsini tənzimləyir.
Depressiya üçün ən effektli vasitələrdən biri olan cəfəri gərginliyi, stressi aradan qaldırmaqla yanaşı insanın gücünü və enerjisini bərpa edir.
Cəfəri kişilər üçün təbii afrodiziakdır. Müntəzəm olaraq cəfəridən istifadə edən kişilər cinsi zəifliyin nə olduğunu bilməzlər.
Qadınlar üçün də cəfərinin faydası çoxdur. Menstruasiya pozğunluğu zamanı və həmçinin menstruasiya dövründə ağrılar baş verərsə cəfəridən istifadə etmək məsləhətdir.
Gündəlik olaraq 20 qram cəfəri yeməklə orqanizmin kaliuma olan tələbatını ödəmək mümkündür. 50 qram səfəri isə insanın gündəlik C vitamininə olan tələbatını ödəyir.
Soyuqdəymə üçün cəfəri ən yaxşı vasitələrdən biridir. Əgər xəstəliyin başlanğıcında qida rasionunuzda cəfərini bol etsəniz soyuqdəymədən yaxa qurtarmış olarsınız.
Onkoloji xəstəliklərin profilaktikası üçün cəfəridən istifadə etmək lazımdır.
Cəfəri ödqovucu və sidikqovucu xassələrə malikdir.
Yüksək qan təzyiqindən əziyyət çəkənlər cəfəridən müntəzəm istifadə etsələr faydasını görərlər.
Kimin orqanizmində dəmir çatmırsa cəfəriyə üstünlük verməlidir.
Yuxusundan şikayəti olanlar yatmazdan əvvəl cəfəri yesələr səhəri gümrah və xoş əhvalla açarlar.
Cəfərinin orqanizmi toksinlərdən, zərərli maddələrdən təmizləmək xüsusiyyəti də var. Bunun üçün on-on beş cəfərini götürüb yaxşıca əzmək lazımdır. Sonra onun üzərinə bir-iki xörək qaşığı limon şirəsi əlavə etmək və qarışdırmaq gərəkdir. Alınan məhlul səhər yeməkdən bir saat əvvəl qəbul edilməlidir. Yeddi gün hər səhər bu məhlulu qəbul etdikdən sonra yeddi gün fasilə verib yenidən təkrarlamaq lazımdır.
Həzm prosesinin yaxşılaşması üçün, xüsusilə də çox yedikdən sonra cəfərini qaynar suda dəmləyib bir stəkan içmək rahatlıq gətirər.
Ağızdan gələn pis qoxunu aradan götürmək üçün cəfəri yarpağını çeynəmək kifayətdir.
Cəfəridən müntəzəm istifadə etməklə dərimizin də qayğısına qalmış olarıq. Cəfəri dərini təravətli saxlayır və vaxtsız düşən qırışların qarşısını alır.
Bu dəyərli bitkidən kosmetik vasitə kimi də istifadə etmək olar. Cəfəri suyunu dəriyə təpitmə (kompres) etməklə xanımlarımız daha sağlam dərili görünə bilərlər.
Kişilər elə düşünməsin ki, bu yalnız xanımlara aiddir. Saçları tökülən bəylər cəfəri suyunu saçlarını yuduqdan sonra baş dərisinə sürtsələr faydasını görərlər.
Kişilər üçün cəfərinin digər faydası isə siqareti tərgidən bəylər üçündür. Nikotin vərdişindən yaxa qurtaranlar cəfəri suyu içməklə bəlğəmi tez bir zamanda bədənlərindən xaric edə bilərlər.
Cəfəridən istədiyiniz kimi zövqünüzə uyğun istifadə edə bilərsiniz. Onun şirəsini çəkib içməklə yanaşı, həm də dəmləyib qəbul etmək olar.
Cəfərinin insan orqnizmi üçün saysız-hesabsız faydaları bunlarla bitmir. Ancaq digər faydalaı qida məhsulları kimi cəfəridən də normasında istifadə etmək lazımdır. Ən başlıcası isə can dərmanı olan cəfərini almağa hamının büdcəsi imkan verir. Belə olduğu halda biz ondan niyə imtina etməliyik?
İlham Cəmiloğlu