Modern.az

Yəhudi sünnəti: uşaq anadan olduqdan 8 gün sonra kəsdirilir

Yəhudi sünnəti: uşaq anadan olduqdan 8 gün sonra kəsdirilir

Aktual

6 İyun 2014, 09:29


Sünnət ayini bəşəriyyətin hələ də böyük səylə icra etdiyi ən qədim adətlərdən biridir. Hazırda bu praktikanı dünyəvi dinlərdən İslam və iudaizm ardıcılları tətbiq edir. Bu isə təəccüblü deyil. Belə ki, İslam dinin dünyaya yayılmazdan əvvəl əsas özəyini təşkil edən ərəblər iudaizmə sitayiş edən yəhudilərlə qohum xalqlar sayılır. Onların hər ikisi dünyanın ən qədim xalqlarını birləşdirən semit dil ailəsinin üzvləridir. Bu qohumluğa dini əfsanələr də yer ayırır. Belə ki, bütün səmavi kitablar İbrahim peyğəmbərin qanuni arvadından İshaq (yəhudilərin əcdadı) və Misirli kənizindən İsmayıl (ərəblərin əcdadı) adlı övladı olduğunu təsdiqləyir. Bu qohumluq oxşar adət-ənənələrin, o cümlədən sünnət ayinin olmasına şərait yaradıb. Lakin tarixi boyu geniş arealda yayılan və müxtəlif xalqların sitayiş etdiyi İslam dinindən fərqli olaraq yəhudilər “tək xalq - tək din” prinsipi ilə hərəkət ediblər.

Dünya xalqları arasında adətlərin müxtəlifliyi və bolluğu ilə seçilən yəhudilərin sünnət mərasimi də bir sıra özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir.  

Modern.az
saytı iudaizmdə mövcud olan sünnət qaydalarını araşdırıb.

İlk növbədə onu vurğulamaq lazımdır ki, yəhudilikdə sünnət mərasimi “Brit mila” adlandırılır. Onlar hesab edir ki, bu mərasim İsrail xalqı ilə Allah arasındakı müqavilənin simvoludur. Ona görə mərasimi xüsusi təmtəraq və min illər boyu riayət edilən standart qaydalar çərçivəsində keçirirlər.

Yəhudilər üçün oğlan uşaqları anadan olduqdan 8 gün sonra “Brit mila” (sünnət) mərasimi keçirmək nəzərdə tutulur. Lakin ayin bütün yaşlarda həyata keçirilə bilər.

Yəhudilər hesab edirlər ki, sünnət həm sosial, həm də psixoloji funksiya daşıyır.

Sünnət olunmuş uşaq kişiyə çevrilir və cəmiyyətdə tam əsaslı sosial status qazanır. Uşaqların anadan olduqdan 8 gün sonra sünnət olunması bir çox arqumentlə əsaslandırılır.

1. Uşaq orqanizmi 8-ci günə qədər möhkəmlənir.
2. 8 gün uşağın səhhəti barədə aydın təsəvvür formalaşdırmağa və zərərsiz şəkildə sünnət etməyə imkan verir.
3. Doğuşdan keçən 8 gün uşağın anasının özünə gəlməsinə və bütün yəhudilər üçün əlamətdar olan sünnət mərasiminə qatılmağa kifayət edir.
4. Yəhudi körpəsi anadan olduqdan sonra mütləq şənbə gününü yaşamalıdır ki, sonra sünnət oluna bilsin.

Bu ayinlə bağlı müəyyən istisnalar da var. Belə ki, əgər doğuluşundan keçən 8 gün ərzində körpənin tibbi göstəriciləri yerində deyilsə, (qızdırma, sarılıq) onda qaydalara əsasən, körpə sağaldıqdan 7 gün sonra sünnət oluna bilər.

Yəhudilikdə sünnətə aid olan qaydalardan birinə əsasən, əgər qadının, yaxud onun doğma bacısının sünnət mərasimindən sonra 2 övladı vəfat edibsə, yeni körpəsi üçün bu ayin yalnız onun 13 yaşı tamam olduqdan sonra icra oluna bilər və ya ümumiyyətlə, ömrünün sonuna qədər sünnət olunmaya bilər.

Yəhudiliyə görə, hər bir yəhudi 13 yaşı tamam olduğu zaman yetkin sayılır. Bundan sonra o, hər bir hərəkətinə görə cavab verməli olacaq. Lakin əgər o, bu yaşa qədər sünnət olunmayıbsa, onda bu ayini ya şəxsən icra etməli, ya da xüsusi təlim görmüş “moel” adlandırılan şəxsə müraciət etməlidir. Əsas qaydalardan biri mərasimin sutkanın gündüz vaxtlarında keçirilməsinin şərt olmasıdır. Bu səbəbdən yəhudilər mərasimi daha çox səhər çağı keçirirlər.   

Yəhudilikdə ayinin icra olunma məqamına gəlsək, sünnəti “moel” adlandırılan xüsusi şəxs həyata keçirir. Moel mütləq şəkildə nə vaxtsa sünnət olunmuş yəhudilərdən olmalıdır. Dini qaydalara görə, körpəni sünnət etməyə ilk namizəd onun atasıdır. Yəhudilər hesab edir ki, bu,  onun atalıq borcudur. Lakin əgər ata bu funksiyanı icra etməkdən imtina edirsə, hesab olunur ki, o, öz ömrünü qısaldır. Müəyyən hallarda isə körpənin atası bu sünnət etmə funksiyasını tam yerinə yetirə bilmirsə, ona ailə üzvləri, qohumlar yardım göstərə bilərlər.

Ənənəvi olaraq sünnət sinaqoqlarda səhər duası başa çatdıqdan sonra keçirilir. Lakin sinaqoqla yanaşı, körpənin yaşadığı ev də bu ayinin icrası üçün münasib sayılır. Sadəcə, şərt olaraq bu zaman sünnət edilən körpənin yanında yaşı 13-ü keçmiş 10 ailə üzvü olmalıdır. Sünnət mərasimində müsəlmanların kirvə aldandırdığı şəxs yəhudilərdə “sandak” adlanır. Əgər sünnət olunan körpədirsə, sandak onun ayaqlarından, böyük yaşdadırsa isə başından tutur. Sandak çox nüfuzlu bir şəxs sayılır. Buna görə adətən, dindar həyat tərzi sürüb ətrafdakılar üçün nümunəvi şəxs olmalıdır.

Yəhudilər adətən sandak kimi körpənin babasını, yaxud yaşlı ailə üzvlərini seçirlər. Qaydaya görə, sünnət ayini bitdikdən sonra sandak mərasimdə iştirak edən hər kəsə xeyir-dua verir. Həmin gün yəhudilərdə nəinki bütün ailənin, həm də bütün nəslin bayramı kimi qeyd olunur.

Sünnət prosesi zaman ənənəvi alətlərdən – xüsusi bıçaqdan yaxud iti ülgücdən istifadə olunur.

Müasir dünyada sünnət mərasimlərinin tibbi baxımdan keçirilməsi ilə bağlı diskussiyalar geniş yayılıb. Çoxları bu ayini lazımsız və uşağa əzab verən, sünnətdən sonra ilk vaxtlarda infeksion xəstəliklərin körpəni yoluxdura biləcəyi ilə bağlı xəbərdarlıqlar edirlər. Lakin elmi araşdırmalar sünnət edilən kişilərin bir çox xəstəliklərdən daha az əziyyət çəkdiyini müəyyən edib. Bugünkü yanaşmadan asılı olmayaraq, min illər boyu icra edilən sünnət adəti istər İslam, istərsə də iudazim dininin və bu dinə sitayiş edən xalqların zənginliyidir.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi