Azərbaycan əsgəri özünün nəyə qadir olduğunu bir daha sübut etdi. Hələ bığ yerləri təzə tərləyən, ömrünün 19-na, 20-nə yenicə qədəm qoyan Azərbaycan balaları bütün Ermənistanı yerindən tərpətdi, prezidentindən tutmuş, körpəsinə “türk bizim düşmənimizdir” deyən qadınına qədər bütün erməniləri təşvişə, qorxuya, təlaşa saldı. Son günlərin cəbhə hadisələri bir daha sübut etdi ki, sülhə dəstək olan bir xalqın səbr kasasını doldurmaq düşmənə ən ağır zərbələrlə, ən layiqli cavablarla nəticələnəcək. Budur son nəticə. Ermənistan prezidenti Serj Sərkisyan şahmat taxtası üzərində mat vəziyyətində qalan, hətta fiqurlar arasında piyadanın funksiyasını yerinə yetirə bilməyən məğlub və məzlum görkəmini yenidən aldı. Qorxu dolu, həyəcan dolu ənənəvi erməni müraciətləri, erməni bəyanatları suçu olan bir şəxsin sillələndikdən sonra yalvarışına bənzədi və təbii ki, bu göz yaşları dünya ictimaiyyəti tərəfindən inamsızlıqla, bir az da kinayə ilə qarşılandı.
90-cı illərin əvvəllərindən fərqli olaraq bu gün dünya ictimaiyyəti, beynəlxalq qurumlar Ermənistanın Qarabağ münaqişəsindəki iddialarının haqsız olduğunu dəfələrlə bəyan ediblər. Serj Sərkisyan dəfələrlə danışıqlar zamanı ona ünvanlanan iradlara cavab əvəzinə, oturduğu yerdə qurcalanmaqla reaksiya verib. İstər siyasi müstəvidə, istərsə də cəbhədə Azərbaycan tərəfindən sərt cavab alan Ermənistan prezidenti hətta öz millətini aldatmağa belə, məcbur olub. Siyasi proseslərə don geyindirib müəyyən bir müddətdə milləti aldatmaq olar. Ancaq Azərbaycan əsgərinin sərrast açdığı atəşi görməmək və eşitməmək üçün Sərkisyan öz millətini kar və kor etmək iqtidarında deyil. Çünki Azərbaycan əsgərinin silahı susmayacaq, o haqq yolundan dönməyəcək, o şəhid qardaşının silahını götürüb qanını yerdə qoymayacaq.
Eşq olsun sənə Azərbaycan əsgəri. İndi bütün diqqət sənə yönəlib, baxışlar sənə dikəlib. Hətta bir neçə gün əvvələ qədər adını bir dəfə də olsun dilinə, söhbətinə gətirməyən insanlar da səndən danışır, səndən soraq gözləyir. İndi hamı dərk edir ki, Azərbaycan əsgəri bu millətin ümid yeri, güvənc yeridir.
İnsanlar daha efir məkanında dama-dama şalvar geyinib, qaşını aldırıb, üzünə pudra vuran “kişi”lərə baxmırlar. İndi insanları onların qırmızı, çəhrayı, mavi şalvarları, papaq əvəzinə qoyduqlar uzundimdikliləri, rəngbərəng maşınları, dəbdəbəli villaları, vurduqları bahalı ətirlər maraqlandırmır. Bu gün insanların sevdiyi fərqli bir dəb var, əsgər libası, əsgər çəkməsi, əsgər papağı, əsgər tərinin qoxusu. İsmətli Azərbaycan gözəlləri də bu qoxu üçün, bu libas üçün darıxırlar. Onlar da yaxşı bilirlər ki, dərk olunan mütləq bir həqiqət var. Vətənini sevən, Vətənini qoruyan ailəsini də sevib onu kişi kimi qoruyacaq.
Bu millət sənin təpərinə, gücünə inanır, arxalanır Azərbaycan əsgəri. Doğrult bu ümidləri boyuna qurban. Şəhid qardaşlarımızın ruhunu nigarançılıqdan qurtar. Düşməni məhv edib bir qucaq Qələbə payı gətir bizə. Bir az da tez qayıt. Yol üstə bir gözəl gözləyir səni...
İlham Cəmiloğlu