Modern.az

Cinsini dəyişən Hətəmpaşa şəxsiyyət vəsiqəsini necə dəyişmişdi?

Cinsini dəyişən Hətəmpaşa şəxsiyyət vəsiqəsini necə dəyişmişdi?

Aktual

25 İyun 2015, 14:39


Bakıda Hətəmpaşa ləqəbli transseksualın qətlə yetirilməsi medianın gündəmindən düşmür. Səbail rayonu ərazisində qeydə alınan hadisədə Siyəzən şəhər sakini, 27 yaşlı Dəmirova Ayla Altay qızı keçmiş sevgilisi tərəfindən bıçaqlanıb. Onunla eyni evdə yaşayan rəfiqələri Ayla Dəmirovanın bıçaqlandığını gördükdə ona yardım etmək istəyiblər. Lakin onlar da bədən xəsarətləri alıblar. Ayla Dəmirova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətlə yetirilənin yaxınlarının sözlərinə görə, Aylanı Şahlar adlı keçmiş sevgilisi qısqanclıq zəminində qətlə yetirib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

Qeyd edək ki, mərhum Ayla Dəmirova cinsini dəyişmiş transseksualdır. O, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu kimi də tanınıb. Sonradan isə cinsini dəyişərək qadına çevrilib və ardınca da ad-soyadını rəsmən dəyişdirib.

Maraqlıdır, cinsini dəyişmiş şəxs hansı yoxlamalardan sonra ad və soyadını dəyişdirə, yeni şəxsiyyət vəsiqəsi ala bilər? Azərbaycan qanunvericiliyi buna yol verirmi?

Modern.az saytı bu suallarla Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik isə sorğumuza yazılı cavab verəcəyini bildirdiyindən rəsmi açıqlama hələ ki gecikir.



Bununla belə, məsələ ilə bağlı suallarımız hüquqşünas Əlövsət Əliyev cavablandırıb.

O bildirib ki, Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na görə, Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktları VVAQ şöbələrində, ölkə hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı isə konsulluqlarda həyata keçirilir.

“Qeydiyyat şöbələri və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır. Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

Ekspert qeyd edib ki, adları çəkilən qurumlar doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir: “Güründüyü kimi cinsini dəyişmə faktı şəxsin haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydinin aparılmasına əsas deyil. Ona görə də VVQ şöbələri cinsini dəyişmiş şəxslərin doğum haqqında şəhadətnaməsində dəyişiklik etməkdən imtina etməlidirlər.

Bu halda cinsini dəyişmiş şəxslər VVAQ şöbələrindən rəsmi cavab almalıdırlar. Aldıqları cavablara müvafiq tibbi sənədləri əlavə etməklə məhkəməyə müraciət etməlidir. Məhkəmə təqdim olunan sənədlər əsasında şəxsin cinsinin dəyişdirilməsi vəzifəsini qeydiyyat şöbəsinin üzərinə qoyulması haqda qərar qəbul etməlidir. Bundan sonra həmin şəxs əvvəl doğum haqqında şəhadətnaməsini, daha sonra isə şəxsiyyət vəsiqəsini dəyişdirməlidir”.

Mütəxəssis nə zamansa Azərbaycan qanunvericiliyində dəyişiklik ediləcəyinə ümid edir: “Hesab edirəm ki, dəyişiklik edilən zaman adın, ata adının və soyadın dəyişdirilməsi qaydaları kimi, cinsini dəyişmiş şəxslərin də məlumatlarının dəyişməsi qaydası qanunda nəzərdə tutulacaq. İlk olaraq baş vermiş hadisədən təəssüflənirəm. İnanıram ki, hüquq-mühafizə orqanları ayrı-seçkilik etmədən bu məsələni obyektiv araşdıracaqlar. Çünki, bu, son bir il ərzində cinsi azlıqlara qarşı törədilən 3-cü ölümlə nəticələnən cinayətdir”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU