Modern.az

Kaş gözlərim kor olaydı - 22 il öncə Cəbrayıl işğal olunan günlər...

Kaş gözlərim kor olaydı - 22 il öncə Cəbrayıl işğal olunan günlər...

Aktual

22 Avqust 2015, 17:21

Vaqif ƏLİSOY
Keçmiş döyüşçü

Cəbrayıl rayonunun işğalından 22 il keçir. Cəbrayılla bağlı xatirələrim 2 iyul 1993-cü tarixindən başlayır. Bu xatirələr işgala aparan yolu, onun səbələrini sizlərə çatdırmaq məqsədi güdür.

Cəbrayılda yerləşən N saylı hərbi hissə və onun qəhrəmanlıq yolu haqqında bir neçə kəlmə qeyd etmək istəyirəm. Hərbi hissə əvvəllər ərazi müdafiə batalyonu kimi Milli Ordunun yaradılması haqqında fərmandan sonra formalaşmışdı. İlk vaxtlarda 72 nəfərlik şəxsi heyəti vardı. Onların da əksəriyyəti AXC üzvləri idi. Silah-sursat öz tərəfimizdən təşkil olunmuşdu. Peşəkar zabit kadrları olmadığından rayon əhalisinə müraciət etmişdik ki, kimin övladı sovet ordusu sıralarında zabit kimi qulluq edirsə, rayona qayıtsın.

Nəticədə Mübariz Qasımov kimi bir neçə zabitimiz sovet ordusundan imtina edərək batalyona gəldi. Əfqanıstanda döyüş yolu keçmiş, rayon hərbi komissarlığında çalışan kapitanlar Ruhulla Babayev, Qədir Vəlişov da batalyonun təşkilinə cəlb olundu. Sonra bu batalyon polka çevrildi.
Bu hərbi hissənin keçirdiyi 2 uğurlu əməliyyatı nəzərinizə çatdırmaq istəyirəm. Qubadlıda yerləşən sovet ordusu hissələri rayonu tərk edərkən kapitanlar Ruhulla Babayev və Qədir Vəlişovun rəhbərliyi ilə həmin hərbi hissə əfqan üsulu ilə tərk-silah edildi. Silahlar və texnika bizim polkun sərəncamına verildi.
Xocalı hadisəsindən sonra respublikada ilk dəfə olaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibindəki Hadrut rayonunun Sur kəndi azad edildi və xocalıların qisası layiqincə alındı. Hərbi hissənin bundan da uğurlu əməliyyatları çox olub. Bu başqa bir söhbətin mövzusudur. Yalnız onu bildirmək istəyirəm ki, cəbrayıllılar 1988-ci ildən 1993-cü il avqust ayının 23-nə kimi öz torpaqlarını layiqincə müdafiə etmiş, düşmənə bir qarış belə, torpaq verilməmiş, əksinə, ermənilər yaşayan qonşu Hadrut rayonunun 15 kəndi onlardan azad edilmişdi. Yalnız 4 iyun 1993-cü il Gəncə qiyamı respublikada olduğu kimi, Cəbrayılda da öz mənfi nəticələrini göstərdi, rayon rus və erməni işğalçıları tərəfindən işğal olundu.
İndi isə 2 iyuldan 23 avqusta kimi baş verən proseslər barədə...

2 iyul 1993-cü il

Səhər saat 4-dür. Qradların, topların səsinə yuxudan durdum. Görəsən, nə olub? Telefonla polis şöbəsinə zəng vurdum. Növbətçi Ənvər Qafarov cavab verdi ki, ermənilər “Günəşli” postunu ələ keçirib, indi də “Quşçular” postuna hücum edirlər. Atamın məzarı həmin yerdən 300 metr aralı yerləşirdi. Getmək lazım idi. Uşaqlar yatan otağa keçdim. Hər birinin üzündən öpdüm. Həyat yoldaşıma dedim ki, ermənilər bizim kəndə hücum edirlər, dayana bilmərəm. Uşaqlardan muğayat olsun. Anama isə heç nə deməsin.

…Biz Quşçulara çatanda döyüş şiddətlənirdi. Atamın məzarını ziyarət etdim. Sonra polislərlə birlikdə “Kilsə” adlanan yerdə qərar tutduq. Sol tərəfdəki yüksəkliyi Milli Ordu, sağ tərəfdəki yüksəkliyi isə Cəbrayıl polisi qoruyurdu. Muco ilə Vidadi PK ilə, Zülfüqar isə snayperlə düşmənə aman vermirdi. Soldakı yüksəklikdə isə Vilayət Əhmədoğlu və Maarif Novruzovun döyüşçüləri igidliklə vuruşurdular. Düşmən geri çəkilməyə məcbur oldu. Həmin döyüşdə Milli Orduda Kərəmin başçılıq etdiyi topçular mərdliklə vuruşdular.

Döyüşdə itkilərimiz də oldu. Cəbrayıl şəhər sakini, avtobus sürücüsü Arif, Milli Ordudan Mehman, Məhəmməd, adını bilmədiyim daha dörd igidimiz həlak oldu. Allah onlara rəhmət eləsin! Cəbrayılda ən çox şəhid verən kənd Böyük Mərcanlı və Daş Veysəlli kəndləri hesab olunurdu. Həlak olanlar da bu kəndlərdən idi.

3 iyul 1993-cü il

Səhər saat 5-dir. Düşmən Füzuli rayonunun Günəşli, Qaradağlı, Karazalq kəndlərini işğal edib. Xəbər gəlir ki, ermənilər kənddən girov aparıblar. Aparılanlar arasında qız-gəlinlər də var. Milli Ordunun əsgərləri, polis işçiləri, köməyə gəlmiş Balyand, Qaracallı, Doşulu, Daş Veysəlli kəndlərinin sakinləri igidliklə vuruşurdular. Silahı olmayanlar su, patron daşıyırdılar. Quşçular kəndinin sakinləri İdris, Asif, Qəşəm, anası və adını bilmədiyim digərləri əsgərlərə, polis işçilərinə qayğı göstərir, eyni zamanda döyüşürdülər.

Axşam saat 17-dir. Bir az sakitlikdir. Uşaqlar acdırlar. Ancaq bu haqda düşünmürlər də. Rəislə məsləhətləşdikdən sonra rayon mərkəzinə gəldim. Adamlar sığınacaqdaydılar. Mehmanxananın yanında bir dəstə adam vardı. Vəziyyət barədə onlara məlumat verdim. Şəhər sakini Fərəc Mirkişiyev öz şəxsi heyvanından bir baş verdi ki, əsgərlərimizə aparım. Orada nə baş verib, uşaqlar necə döyüşür? Heyvanı aparmaqda mənə yolda kömək etmək və hər şeyi geri qayıdanda camaata danışmaq üçün rəhmətlik Qabil müəllimin oğlu Vurğun da mənimlə getdi. Topuş kişinin oğlu Oqtayın taksisində Quşçulara getdik. Axşam briqada komandiri Heydər Piriyev (əvvələr bizim polkun komandiri idi, sonra N sayli briqadanın komandiri təyin edildi) yanımıza gəldi. Söhbət etdik ki, necə oldu Günəşli kimi bir yüksəklik əlimizdən getdi? Məlum oldu ki, arxa səngərdəki “Zepo” ön səngərə keçirilib, postda istənilən sayda əsgər olmayıb, olanlar da yatıb. Düşmən də bundan istifadə edib.

Alay komandirinin döyüş təcrübəsi demək olar ki, yox idi. Rayonda 3-4 ayda neçə dəfə komandir dəyişmişdi. Bütün əsgərlərin sevimlisi, Əfqanıstanda döyüş yolu keçmiş Ruhulla Babayev, Qədir Vəlişov kimi zabitlərin, Azər-Faiq, Tahir-Mahir qardaşlarının, digər igid oğlanların müxtəlif bəhanələrlə ordudan uzaqlaşdırılması bizə baha başa gəlmişdi. Müdafiə naziri Rəhim Qazıyev bu cür ordu yaradırdı. Ordu kimlərin əlində idi, bunu bütün cəbrayıllılar bilirdi. Yadıma AXC-nin ikinci qurultayı düşdü. Rəhim qurultayın sədrlərindən biri idi. Mən çıxış edib, onun fırıldaqlarından danışmaq istəyirdim. Rəhim mənim sözümü kəsdi. Yerdən isə bəziləri məni danışmağa qoymadılar. Rəhim isə məni “şalvarını çıxarıb, səni Cəbrayıla şalvarsız yola salacağam” – deyə hədələdi (həmin epizodlar lentə alınıb).

Bu anlar səngərdə gözlərim qarşısında idi.

4 iyul 1993-cü il

Nisbətən sakitlikdir. Polis işçiləri, Milli Ordu əsgərləri sakitlikdən istifadə edib, vəziyyəti təhlil edirik. Söhbət keçmiş polis komandiri R.Babayevdən, kapitan Q.Vəlişovdan gedir. Hamı Rəhim Qazıyevi lənətləyir. Onların polkdan uzaqlaşdırılmasını ən böyük təxribat hesab edirlər. Babayev polka rəhbərlik edəndə cəbrayıllılar evdə rahat yatırdı. Nizam-intizam var idi. Əsgərlər onu sevirdi. Hətta deyirdilər ki, Babayevi geri qaytarsalar, Hadrutu da alarıq. Ancaq polka döyüşmək üçün yox, yüksək maaş almaq, dolanışıq xatirinə gələnlər ona işləməyə imkan vermədilər. Hətta onu polkdan uzaqlaşdıranda yerli əhali kütləvi sürətdə ayağa qalxdı. Müdafiə Nazirliyinə etiraz teleqramları vuruldu. R.Qazıyev isə bildiyini edirdi.

Axşam saat 20.30-dur. Əlavə qüvvənin bizi əvəz etməyini gözləyirik. Bu zaman batalyon kimandirini əvəz edən Maarif Novruzov gəlib xəbər verdi ki, ratsiya ilə polkdan bildiriblər ki, ermənilər 9-cu km-dən tanklarla Cəbrayıla doğru hərəkət edirlər. Eyni xəbəri icra başçısının köməkçisi Famil də ratsiya ilə icra başçısına xəbər vermişdi. Həmişə təmkinli davranan, Cəbrayılın müdafiəsində xüsusi rolu olan polis rəisi Vaqif Məhərrəmov hamını sakitləşdirirdi. Biz vəziyyəti öyrənmək üçün onunla “Arpa dərə” adlı yerdə yerləşən rabitə maşınının yanına getdik. Biz çatanda keçmiş komandir R.Babayev də orda idi. Polk komandiri M.Həsənov dedi ki, xəbəri briqadadan polka bildiriblər. R.Babayev dedi ki, rayon mərkəzində vəziyyət pisdir. Camaat bilmir neyləsin. Babayev yuxarıdakı postla əlaqə saxladı. Postdakılar bildirdilər ki, ermənilər Günəşli, Qaradağlı kəndlərini yandırır, ancaq Cəbrayıla tərəf heç bir texnikanın hərəkəti yoxdur. Bu zaman Qaracallı kənd sakinləri Tofiq və Məmmədqulu Məmmədov qardaşları maşınla bizim yanımıza gəldilər. Onlar xəbər verdilər ki, kəndə yük maşınında bir neçə əsgər gəlib. Maşında gedə-gedə “ermənilər gəlir, qaçın” deyiblər. Camaat da kəndi tərk etməyə başlayıb.

Vəziyyət çox qorxulu idi. Bu xəbər yüksəklikdə mövqe tutan əsgərlərə çatsaydı, onlar mühasirədə olduqlarını güman edəcəkdilər.

Məsləhət oldu ki, Qaracallıya mən gedim. Orda mənim qohumlarım var, həm də camaat mənə inanırdı. Polk komandirinin maşınında kəndə getdim. Nuşirəvan müəllimin kərpic sexinin yanında nələr gördüm! İlahi, kaş gözlərim kor olaydı. Ayaqyalın, başıaçıq qız-gəlinlər, körpələr kənddən çıxırdı. Maşınlara ev əşyaları yüklənirdi. Qaracallı kənd sakinləri Nuşirəvan müəllim, Hüseyn müəllim, oğlu Asif müəllim, İxtiyar müəllim və Mehracdan xahiş etdim ki, bu, təxribatdır, yalan deyirlər. İnanan da oldu, inanmayan da. Onda yolun ortasında uzandım. Dedim ki, kim keçir, mənim üstümdən keçsin. Deyəsən, inandılar. Oradan rəislə komandirin yanına gəldim. Onlar da bir neçə maşını geri qaytara bilmişdilər.

Gecə saat 2-də R.Babayevin şəxsi maşınında rəislə rayon mərkəzinə qayıtdım. Burada hamı meydana toplaşmışdı. Məlum oldu ki, mülki-müdafiə qərargahının rəisi də ermənilərin hücumu haqda camaata məlumat verib. Əhali də onu döyüb, komendantlığa aparıb. Polis rəisi Məhərrəmov camaatı sakitləşdirdi. Hamı evinə dağılışdı.

Gecə saat 3-də polis işçilərindən Mürvət, Əvəz, Xaqani, Hafiz, Mübariz və başqaları ilə birlikdə rəis Məhərrəmovun əmri ilə yüksəklikdə mövqe tutduq. Sərəncamımızda 2 ədəd BTR də vardı. Hafizlə mən öndə, bir az arxada Mürvət, sonra o biri uşaqlar mövqe tutdu. Yanımıza Milli Ordudan 2 nəfər gəldi. Bizə 2 ədəd F-1 qumbarası da verdilər. Uşaqlar bir yerə yığıldı. Babayevdən xəbər yox idi. Hamı söz verdi ki, geri çəkilmək yoxdur. Əgər tanklar gəlsəydi, onları Mürvət və Hafiz vurmalıydı. Uşaqlarda yüksək döyüş ruhu vardı.

Səhər saat 4-də bir nəfərin ulaqla gəldiyini gördük. Hafiz onu bizim yanımıza gətirdi. Dedi ki, o, Füzulinin Rəfəddinli kəndindəndi. Doşulu Ərşad müəllimin oğlu Kərəmin qayınatasıdı.
“Gedirəm Kərəmin qardaşı Cavanşiri də götürüb qayıdam kəndə, ev əşyalarını gətirəm. Kəndi qaçaq saldılar, Milli Ordunun əsgərləri qaçdılar. 9-cu km-də nə erməni var, nə də tankı”.

Səhər bizi əvəz etdilər. Mən rayon mərkəzinə gəldim. Silahı polis şöbəsinə qaytardım. Rayon mərkəzindəki adamlar məni görəndə təəccübləndilər. Məlum oldu ki, xəbər yayılıb ki, mən - AXC Cəbrayıl rayon şöbəsinin sədri Vaqif Əlisoy axşam arvad-uşağını da, evini də yığıb qaçıb. Hər şey aydın idi. Kimlərsə yenə oyun oynayırdı. Çünki AXC RŞ İrana mal daşıyan qaçaqmalçılara, yerli mafioz qruplara həmişə mane olurdu. Onlar da indi vəziyyətdən istifadə edirdilər. Evə gəldim. Hamı evdə idi. Məni görəndə ağlaşdılar. Dedilər ki, bəs bizə zəng vurub deyiblər ki, sən həlak olmusan”. Onları sakitləşdirdim.

5 iyul 1993-cü il

Ermənilərin 2 iyuldakı hücumu zamanı işğal olunmuş Qaradağlı, Gorazallı kəndlərində mənim də qohumlarım həlak olmuşdu. Qohumlarımızdan Əmin dayının oğlunun yas yerinə Cəbrayıl Polis İdarəsinin rəis müavini Vaqif Hüseynov, Təhsil Şöbəsinin metodisti Səxavət Məhərrəmov və əmioğlu Məhəmməd Ələkbərovla birlikdə getdik. Yas yeri Füzulinin Babı kəndində idi. Orada bizə qohumumuz Bəyim müəllim (o, Gorazıllı kəndində yaşayırdı) danışdı ki, “iyulun 1-də kəndə 10-12 nəfər başında qara lent olan Milli Ordu əsgərləri gəldi. Dedilər ki, iyulun 2-də Hadruta hücum edəcəyik, ona görə də minalanmış sahəni bizə göstərin, oranı təmizləyək. Yerli əsgərlərlə birlikdə minaları təmizləyiblər. İyulun 1-dən 2-nə keçən gecə saat 4-də Günəşli postundan bir işıqsaçan güllə atıldı. Biz elə bildik ki, Cəbrayıl tərəfdən bizdəki qüvvələrə xəbər verirlər ki, hücum edək. İkinci, üçüncü güllələr açılan kimi Şəybəkdən erməni tankları kəndə girdi. Deməli, işarəni verən ermənilər imiş”.
Mən Bəyim müəllimdən və digər qohumlardan eşitdiklərimi Cəbrayıla qayaıdan kimi MTN-nin rayon şöbəsinin rəisi İbrahim Şirinova danışdım.

11 iyul 1993-cü il

AXC Cəbrayıl RŞ-nin məclisi keçirildi. Gündəlikdə 4 iyuldakı təxribatla əlaqədar məsələ dururdu. Məclis qərara aldı ki, hadisəni aydınlaşdırmaq üçün AXC RŞ adından Azərbaycan Respublikasının Prezidentinə, Ali Sovetin sədrinə teleqram vurulsun. Məktubla rayon komendantına, rayon prokuroruna, MTN-nin rayon şöbəsinin rəisinə də müraciət edildi. Tələb olundu ki, təxribatla məşğul olanlar tezliklə aydınlaşdırılsın, xalqa məlumat verilsin, kim günahkardırsa cəzalandırılsın.

12 iyul 1993-cü il

AXC Cəbrayıl RŞ-nin məclisinin qərarı ilə Əbülfəz Elçibəyə, Heydər Əliyevə teleqrama vurduq. Rayon prokuroruna, komendanta, MTN-nin rayon şöbəsinin rəisinə məktub yazdıq. Xahiş etdik ki, bu məsələ tezliklə aydınlaşdırılmalıdır. Günahkarlar ciddi cəza almalıdır. Çünki Xocalı, Şuşa, Laçın, Kəlbəcər məhz belə qurban verilib.

13 iyul 1993-cü il

Rayon prokuroru, ədliyyə müşaviri İ.Rəhimovun imzası ilə məktub aldıq. Bildirilirdi ki, məktub tədbir görülmək üçün rayon komendantı Vaqif Məhərrəmova göndərilib. Cavab veriləcək.

23 iyul 1993-cü il

Cəbrayıl rayon sovetinin 7-ci sessiyası keçirildi. Gündəlikdə iki məsələ qoyulmuşdu.

1. Rayonda taxıl biçininin gedişi.
2. Mənzillərin bölüşdürülməsindəki vəziyyət.

Söz aldım (Mən rayon sovetinin deputatıydım). Dedim ki, 4 iyuldakı təxribat baş tutsaydı, onda biz bu iki məsələni burada müzakirə edə bilməzdik.

Xahiş etdim ki, necə ki, Gəncə hadisələri Milli Məclisdə müzakirə edilirdi, biz də 4 iyun hadisələrini müzakirə edib, qərar qəbul etməliyik.

Məsələni gündəliyə salmadılar. İclasda deputatlar, idarə, kolxoz rəhbərləri də iştirak edirdi. Dedilər ki, bu haqda elə-belə məlumat vermək olar.

Sessiyanın sonunda rayon komendantı 4 iyun hadisələri haqda məlumat verdi. Mən də söz aldım. 2 iyuldan 5 iyula qədər olan hadisələri bütün detalları ilə açdım. Polk komandirinə hərbi hissədəki nizam-intizamın zəif olduğunu, ən nəhayət, bunun bir gün pis nəticə verəcəyini deputatlara xatırlatdım. Bildirdim ki, AXC Cəbrayıl RŞ-si adından Əbülfəz Elçibəyə, Heydər Əliyevə teleqram vurulub. İndi də gəlin sessiya adından teleqram vuraq, qoy gəlsinlər, yoxlasınlar. Qəbul etmədilər. Onda tələb etdim ki, mənim çıxışım olduğu kimi yazılsın. Sessiyadan sonra katib Paşa müəllim dedi ki, dediklərini qeyd etdim. Heyf ki, sənə fikir vermədilər. Bu deputatları hamı tanıyır. Sessiyada mənə deputat Qəşəm Quliyev, icra hakimiyyətinin Şahvəlli kənd üzrə nümayəndəsi Miriməli tərəfindən hücumlar oldu. Mən öz borcumu yerinə yetirmişdim.



30 iyul 1993-cü il

Səhər işə getmişdim. Mən Təhsil Şöbəsində metodist işləyirdim. Eyni zamanda AXC Cəbrayıl RŞ-nin sədri idim. Bu vəzifədə heç bir əməkhaqqı almırdım. Böyük Mərcanlı kənd orta məktəbinin müəllimi, AXC üzvü Kamil müəllim küçədə mənə rast gəldi. Dedi ki, “Səs” qəzetini oxumusan? Dedim yox. Qəzeti mənə verdi. 30 iyul tarixli “Səs” qəzetində “Yenə xəyanət” adlı məqalə verilmişdi. Məqalə rayon sakini Əmir Abbasovun müsahibəsi idi. Heç nəyi yoxlamadan qəzetin redaktor müavini S.Aran 4 iyuldakı təxribatda mənim də adımı çəkirdi. Əmir Abbasov əhaliyə məişət xidməti kombinantının direktoru idi. İşdən çıxarılmışdı. Dəfələrlə iş barədə mənə müraciət etmişdi. Mən də demişdim ki, AXC RŞ heç kəsə iş vermir. İş üçün İcra Hakimiyyətinə müraciət etmək lazımdır. Onu da deyim ki, AXC iqtidarda olduğu zaman RŞ tərəfindən heç kəsə iş verilməmişdi. Qəzeti götürüb MTN rayon şöbəsinin rəisi İbrahim Şirinovun yanına getdim. Ona etirazımı bildirdim. Mənim yanımdaca “Səs” qəzetinə zəng vurdu. Etirazını bildirdi ki, belə yazı verən zaman heç olmasa onlarla əlaqə saxlamaq lazımdı. Onda hər şey aydın olar. Söz verdilər ki, müxbir gələcək.

Sonra İbrahim müəllim mənə MTN-ə ünvanlanmış məktubu göstərdi. Doğrudan da o, hər şey haqqında öz rəhbərliyinə məlumat vermişdi. Mənə də dedi ki, belə şeylərə fikir vermə. Əsas torpaqdır. Onu qorumaq lazımdır.

2 avqust 1993-cü il

Saat 10.00-dır. Təhsil Şöbəsində öz kabinetimdə oturmuşdum. Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov mənə dedi ki, MTN-nin rayon şöbəsinin rəisi İbrahim Şirinov zəng vurmuşdu. Deyib ki, onunla  əlaqə saxlayım. İbrahim müəllimə zəng vurdum. Dedi ki, Bakıdan qonaq gəlib, səninlə görüşmək istəyir.

MTN-nin rayon şöbəsinə getdim. Yolda fikirləşdim ki, yəqin “Səs” qəzetinin nümayəndəsi S.Aran gəlib. Kabinetə girəndə İ.Şirinovdan başqa bir neçə hərbçi gördüm. Məlum oldu ki, gələn qonaqlar hərbi prokurorluqdandır.

Mayor rütbəli hərbçi (adını unutmuşam) əlindəki teleqramı mənə göstərib soruşdu ki, bu teleqramı siz vurmusunuz? Teleqramı alıb baxdım. Bu, bizim iyul ayının 12-də Əbülfəz bəyə və Heydər Əliyevə vurduğumuz teleqram idi. Məzmununu olduğu kimi yazıram: “Naxçıvan, Kələki kəndi, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə. Sürəti: Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə. AXC Cəbrayıl rayon şöbəsi bildirir ki, bu il iyulun 4-də Cəbrayıl şəhərinin boşaldılıb ermənilərə verilməsi üçün güclü təxribat hazırlanmış və həyata keçirilməsinə cəhd göstərilmiş, lakin onun qarşısı alınmışdır. Həmin təxribatı hazırlayanların aydınlaşdırılması üçün təcili olaraq səlahiyyətli komissiya yaradılmasını xahiş edirik. AXC Cəbrayıl RŞ-nin sədri V.Əlisoy”.

Mayora bildirdim ki, bəli, biz vurmuşuq. Xahiş edirəm ki, bu işlə ciddi məşğul olun. Sonra gec ola bilər. Mayor Şirinovun və mənim yanımdaca Füzuli rayon hərbu prokuroru Fəzail müəllimə telefonla teleqram haqqında danışdı və dedi ki, işə ciddi yanaşmaq lazımdır. Bu işlə respublikanın birinci şəxsi maraqlanır. (H.Əliyev nəzərdə tutulurdu).

Orada mənimlə bərabər rayon komendantı V.Məhərrəmovdan, polk komandiri M.Həsənovdan, polkun digər rəhbərlərindən 4 iyulda Cəbrayılda baş verən təxribatla əlaqədar izahatlar alındı.

14 avqust 1993-cü il

Sabah, yəni 15 avqustda “Şişqaya” əməliyyatında həlak olan şəhidlərimizin ilidir. Keçən il bu vaxt həmin döyüşdə 33 əsgərimiz şəhid olmuşdu. O qəhrəmanların meyitləri polisin, Milli Ordu əsgərlərinin və AXC üzvlərinin fədəkarlığı sayəsində geri alınmışdı. Onların şəkilləri qara mərmərə həkk olunmuş və 20 Yanvar şəhidlərinin şərəfinə ucaldılan abidənin yanında divar vurulmuşdu. Həmin əməliyyatda Gəncədən, Saatlıdan, Sabirabaddan, Sumqayıtdan, Bakıdan, Cəbrayıldan igid oğlanlar həlak olmuşdular. Cəbrayıllılar onların xatirısini həmişə uca tuturlar.

15 avqust 1993-cü il

Səhər bütün cəbrayıllılar kimi mən də “Qrad”, top səsinə yuxudan durdum. Artıq beşinci ildir ki, biz buna adət etmişdik. Rayon mərkəzinə getdim. Bir-birindən həyəcanlı xəbərlər gəlirdi. Artıq ermənilər Quşçular, Daşbaşı kəndlərini işğal etmişdilər. Ordu iflic olmuşdu. Sonra dedilər ki, İcra Hakimiyyətinin başçısı Kərim Kərimov, polk komandiri M.Həsənov Bakıdadır. Ermənilər Süleymanlı, Doşulu, Qışlaq kəndlərinə hücum edirdi.

4 iyul hadisələri baş verəndən sonra qohumların, dost və tanşların təhriki ilə söz vermişdim ki, əlimə silah almayacağam. Bilirdim ki, yenə AXC üzvləri günahkar hesab olunacaq. Çünki icra başçısı AXC üzvü idi. Onun bütün hərəkətləri AXC RŞ-nin hərəkəti kimi qiymətləndirilirdi.

Saat 12:00-da Cəbrayıl rayon İcra Hakimiyyətinə gəldim. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Elxan bəy, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı İlham bəy də gəldilər. Özləri ilə qüvvə gətirmişdilər.

Elə həmin gün bu qüvvələrin və Cəbrayıldakı yerli polisin və əsgərlərin köməyi ilə Daşbaşı postu ermənilərdən geri alındı. Düşmən itki verərək geri çəkildi. Ermənilər həmin postu işğal edərkən öldürdükləri 20-yə yaxın əsgərimizin meyitini elə hala salmışdılar ki, onları görənlərdən bir neçəsi özündən getmişdi. Meyitlərdən bəzilərinin gözləri çıxarılmış, digərlərinin boynu sındırılmış və bu kimi başqa vəhşiliklər etmişdilər.

16 avqust 1993-cü il

Səhərə qədər yata bilmədim. Daşbaşında əsgərlərimizin başına gələnlər intiqama çağırırdı. Qana-qan! Daha belə yaşamaz olmaz.

Öz-özümə sual verirdim: nə üçün ermənilər geri çəkilən zaman bizim uşaqların meyitlərini özləri ilə aparmayıblar? Axı onlar həmişə belə ediblər. 1992-ci il 28 iyul və 15 avqust əməliyyatında da belə olmuşdu. Bəlkə psixoloji təsir etmək istəyirdilər?


Səhərin açılmasını gözləyirəm. Heç bir şey yemədən, heç kəsə demədən Polis İdarəsinin yeni binasına gəldim. Bir vaxtlar, yəni düz 1 il sərhədlərimizi qoruyan “Ziyalı” batalyonu da silahlanıb. Onun sıralarında müxtəlif baxışlı, siyasi əqidəsinə görə fərqlənən oğullar birləşmişdilər. Onların ancaq bir fikri var idi: Torpaq, vətən! Polis rəisindən xahiş etdim ki, mənə də silah versinlər, döyüşmək istəyirəm. Silah verdilər. Soltanlıdan gələn könüllülərlə birlikdə azad olunmuş Daşbaşı postuna yola düşdüm. Səttar, Məhərrəm, Hacını indi də hörmətlə xatırlayıram.

17 avqust 1993-cü il

Daşbaşı postundan qayıtdım. Silahı növbətçi polisə təhvil verdim. Rayon mərkəzi ağır silahlardan atəşə tutulduğundan əhali İranla həmsərhəd kəndlərimizə köçürülürdü. Yük maşınlarına yüklənmiş ev əşyaları da aparılırdı. Polis İdarəsinin binasında şəhər sakinləri Zəkəriyyə Hüseynov, İslam İsmayılov, Aygün, Məhəmmədəli Əliyev, Mahmud Quliyev polis rəisi Məhərrəmovla söhbət edirdilər. Məlum oldu ki, Zəkəriyyə Hüseynov, İslam İsmayılov, Aygün Bakıya respublika rəhbərliyinin yanına kömək istəməyə gedirlər. Məhəmmədəli Əliyev, Tahir Səmədov, Mahmud Quliyev gedənlərə yol xərci verirdilər. Hamı onlara uğurlu yol arzulayır, vəziyyəti olduğu kimi danışmağı xahiş edirdi. Bakıda Ali Sovetin qabağında onları Cəbrayıl ziyalıları da gözləməli idi. Rəis onlara çatdıracaqdı.

Rəis postdan gələnlərə dincəlmək əmri verdi. Amma bizim güzümüzə yuxu gələrdimi... Vəziyyət doğrudan da ağır idi. Qonşu Füzulidə də şiddətli döyüş gedirdi. Axırı necə olacaq? Cəbrayılı Ağdamın taleyi gözləmirmi? Hamı narahatdır. Dincəlmək vaxtı deyildi.

Gündüz saat 11-dir. Mahmud Quliyevin maşınında İcra Hakimiyyətinə getdim.

Bakıya köhnə tanışlara zəng vurub Cəbrayıldakı vəziyyəti demək istəyirdim. İcra Hakimiyyətinin növbətçi otağında qoyulmuş telefonla Tamerlan Qarayevə zəng vurdum. Yerində yox idi. Köməkçisinə vəziyyəti dedim. Söz verdi ki, Tamerlan bəyə çatdıracaq. Sonra Rövşən Cavadova zəng vurdum. Dedi ki, “Vaqif, vəziyyətdən xəbərim var”. Telefonla danışan zaman icra başçısının müavinləri Vaqif Məmmədov, Arif Məhidov, hüquq şöbəsinin müdiri Qürbət də orda idi.



18 avqust 1993-cü il

Əhali kütləvi sürətdə rayon mərkəzini tərk edirdi. Yol kənarında durub gedənlərə baxırdım. Axı niyə belə oldu? Bu suala cavab tapa bilmirdim. Tahir, Mahir, Habil mənə ürək-dirək verirdi. Axı bu beş ildə ermənilərə qan udduran Cəbrayıl niyə bu günə düşdü? Kapitan Ruhulla Babayevin Cəbrayıldan uzaqlaşdırılması cəbrayıllılara baha başa gəldi. Əgər o an R.Qazıyev, Ə.Hümbətov kimiləri əlimə düşsəydi, onları özüm güllələyərdim.

O qarışıq günləredə TMR elan edən Ə.Hümbətov müsəlman deyildi. Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda ana-bacılar göz yaşı tökür, balalarımızın fəryadı göyə ucalır, igid oğlanlarımız həlak olurdu. Bu adam isə… Yox, o, insan deyil! Əgər belələri məhv edilməsə, Azərbaycanın xilası yoxdur. Məgər Rəhimin, Əlikramın xəyanətini görmürdülərmi? Əgər hökumət onların cəzasını verməsə, Allah özü onların cəzasını verəcək. Ancaq hələ gec deyil. Kömək gəlsə, Cəbrayılı xilas etmək mümkün olacaq. Yoxsa, Qubadlı, Zəngilan rayonlarının vəziyyəti pis olacaq. Allah, o günü mənə göstərmə.

Bakıya zəng vurmaq istəyirəm. Hara zəng vururam, cavab verən yoxdur. Birdən “Səhər” qəzeti yadıma düşdü. 39-00-02-yə zəng vururam. Şakir Yaqubov cavab verir. Qəhər məni boğur. Rabitə otağında telefonçu Nəsib dayı və müdir Məmməd Əliyev məni sakitləşdirir. Ağlaya-ağlaya Şakir müəllimdən xahiş edirfəm ki, birtəhər Milli Məclisdə İbrahim İbrahimova xəbər verin, Cəbrayılda vəziyyət pisdir. Dərdimizi ordakılara desin.
Şakir müəllim söz verdi ki, “arxayın ol, çatdıracağam”. Öz-özümə fikirləşirəm, hanı əslən Cəbrayıldan olan deputatlar? Murad Babayev, Əli Həsənov, Abbasqulu Fərzəliyev niyə susur? Axı namus, qeyrət, torpaq əldən gedir?

19 avqust 1993-cü il

Vəziyyət get-gedə ağırlaşırdı. Ermənilər Qışlaq, Süleymanlı, Doşulu, Qaracallı, Balyand, Daşkəsən kəndlərini işğal ediblər. Respublikanın hər yeri ilə əlaqə kəsilib. Orduda fərarilik kütləvi hal alıb. Deyilənə görə, Bakıdan kömək gəlir. Bakıya gedənlər (dövlət rəhbərləri ilə görüşə gedənlər) qayıdıb. Baş nazir Surət Hüseynov söz verib ki, kömək edəcək. Mən ona inanmıram. S.Hüseynov, R.Qazıyev, Ə.Hümbətov eyni adamdır. Azərbaycanın bugünkü məğlubiyyəti onların adı ilə bağlıdır. Dəfələrlə Cəbrayıl və Füzuli şəhərləri təyyarələrdən bombalandı.
19 avqustda da öz təyyarəmiz Şahvəlli kəndini bombaladı.

20 avqust 1993-cü il

Saat 19.30-du. Mahir, Tahir Allahverdiyev qardaşları, Azər İsmayılovla birlikdə Polis şöbəsinin qabağında dayanmışıq. Xəbər gəlir ki, ermənilərin bir tankı Şahvələdli tərəfdən rayon mərkəzinə girib. Vahiməyə düşən dinc sakinlər qaçırdılar. Kimdən soruşuruq ki, tankı görmüsənmi, hamı cavab verir ki, belə deyirlər. Tahir, Mahir, Azər silahsızdır. Məndə bir AKM avtomatı, 2 ədəd F-1 qumbarası var. Polis starşinası Yəhya Mirzəyevdən xahiş etdim ki, silah versinlər. Dedi ki, yoxdur. Bir də xahiş etdim. Yenə dedi ki, yoxdur. Xahiş etdim ki, heç olmasa, bir ədəd qranatatan və tank əleyhinə qumbara verin. Əgər deyilənlər düzdürsə, biz onların qabağını saxlayacağıq. Tahir, Mahir, Azər bütün silah növlərindən istifadə etməyi bacarırdı. Nəhayət, polis starşinası Müzəffər dayının və rəis müavini Vaqif Hüseynovun təkidindən sonra bizə 1 AKM avtomatı, 2 ədəd F-1 qumbarası və 1 ədəd tank əleyhinə qumbara verdilər. Yol polis müvəkkili, starşina Ramil də 1 ədəd tank əleyhinə qumbara götürdü. Ramil öz maşını ilə “Çinar” istiqamətində, biz isə “Bəyalı” deyilən istiqamətdə, yəni tank gələn Şahvələdli istiqamətində irəlilədik. Ermənilər müxtəlif təyinatlı silahlarla şəhəri atəşə tutduğundan ehtiyatla irəliləmək lazım gəlirdi. Mərmilər sağımızda, solumuzda partlayırdı.

Şahvələdli istiqamətində tank görünmürdü. Demək yalan deyirmişlər. Axı, bu xəbərləri yayanlar kimlər idi? Bunların məsləyi, imanı yox idimi? Söz verdik ki, belə adamlardan kimi tutsaq, yerindəcə güllələyək.

Geri qayıtdıq. Polis şöbəsinin qabağında heç kəs yox idi. Hamı xəstəxananın yanına – “El” yoluna qalxmışdı. Qaranlıq idi. Ramil də gəlib çıxdı. O, yanımızdan qaçan əsgərə “qaçmayın, kişisiniz, qeyrətiniz yoxdur sizin?” deyərək, ağlayırdı. Birdən Ramil dedi ki, Polis şöbəsinin anbarında külli miqdarda hərbi sursat var. “Onları düşmənə qoymaq olmaz. Onu partladacağam”. Ramil özü Füzuli rayonundan idi. Onunla çox döyüşdə olmuşam. Yüz nəfər Ramil kimi oğul olsaydı...

Tahir, Mahir, Azər söz verdik ki, heç yerə gedən deyilik, şəhərdə qalırıq. Heç olmasa, əclaflardan bir neçəsini gəbərtməyə imkanımız var.

Mirzəcanlı məhləsinə girdik. 20 avqust 1993-cü il tarixində şəhərdə Azər, Tahir, Mahir, Kamran Mehdiyev, Elman Paşaoğlu, Cəmil Fətəliyev, hamının “dəli” kimi tanıdığı Davud Hüseynovun qardaşı Maksimdən başqa keç kim yox idi. İdris kişinin oğlu Familin həyətində gecələdik. Mədəniyyət şöbəsinin müdiri Fikrətlə xəbər göndərdik ki, rəhbərlərə deyin ki, şəhərdə erməni yoxdur. Qoy, bütün qüvvələr şəhərə qayıtsın.

21 avqust 1993-cü il

Səhər alatoranlıqda Zəngilandan qüvvələr gəldi. Bir ədəd T-72 tankı “Qartal” adlanan yüksəkliyə qalxdı. O, Hərəkül yolunu gözləməli idi. Artıq Bakıdan, Zəngilandan, Qubadlıdan göndərilən qüvvələr şəhərə girmişdi. Polis şöbəsinin qabağında xeyli qüvvə var idi. Polis şöbəsinə gələndə bir qız (rayonda hamı onu dəli hesab edirdi. Sən demə, o da gecə rayondan çıxmayıb. Anası hamamda xidmətçi işləyirdi) yolda qabağımı kəsdi: “Əlisoy, qurban olum, düzünü de, ermənilər Cəbrayılı tutacaq?”. Qəhər məni boğdu. Onu qucaqladım. Hər ikimiz ağlamağa başladıq. Əlimlə Polis şöbəsinin qabağındakı qüvvəni göstərib dedim ki, arxayın ol, bacı, hər şey yaxşı olacaq.

Yadıma dostlarımın, anamın, qardaşımın sözü düşdü: “Cəbrayıldakı hadisələri AXC-nin üstünə yıxacaqlar. Gəl, döyüşə getmə”. Mən isə elə düşünmürdüm. Axı, Heydər Əliyev özü demirdimi ki, kimin qeyrəti varsa, kim öz ata-babasının qəbrini qorumaq istəyirsə, əlinə silah alsın. Bəs, indi nə oldu? Geri çəkilmək olmazdı. Kim nə deyir-desin. Öləcəyəm, silahı əlimdən yerə qoymayacağam. Şikarın, Mirələmin, Kazımın, Arifin, Mehmanın qanı yerdə qalmamalıdır. Mənim günahım varsa, cavab verməyə hazıram. Mayor İsgəndərin dediklərini rəis Məhərrəmova çatdırıb, geriyə, posta qayıtdım.

22 avqust 1993-cü il

Səhər tezdən Mehdiyev Kamrangilə gəldim. Rayon cavanlarından Rövşən Rüstəmov, Həsən Əliyev, “ağsaqqal” Cəlil Fətəliyev, Elman Paşaoğlu, Tahir, Mahir qardaşları, Habil bir yerə yığışdıq. Dedik ki, mübarizəni axıra qədər aparacağıq.

Habillə biz Çinar kəhrizinə tərəf getdik. Mədəniyyət evinin müdiri Fikrət Məmmədova, həkim Sabirə dedik ki, Mahmudludakı adamlara deyin ki, hər evdən bir kişi silah götürüb gəlsin. Söz verdilər. Şəhidlər Xiyabanına gəldik. Şəkillərə baxdım. Gəncəli Fərman, Bayram, Firdovsi, Füzulidən Əbdürrəhman, Mirələm, Faiq, Tofiq… Qardaşlar, yəqin qəbriniz od tutub yanır. Vətən, torpaq əldən gedir. Durun ayağa, qurban olum sizə. Axı, günahımız nə idi? Nəyə görə Cəbrayıl düşmən tapdağına çevrilməlidir? Hanı Sürətin ordusu? Bakını, ətraf rayonları bir neçə gündə zəbt edən Surət niyə susur?

Habil məni sakitləşdirdi. Habilə dedim ki, qardaş, bunların şəkilləri ermənilərin əlinə düşməməlidir (Şəhid qəbiristanlığına vurulmuş şəkillər). Əgər ermənilər şəhərə hücum etsələr, onları çıxarmaq lazımdır. Əgər mən ölsəm, bunu siz edərsiniz (Günahımın ən böyüyü bu oldu ki, o şəkilləri çıxara bilmədim. Onların ruhu qarşısında borclu qaldım).
Saat 11-də yolüstü posta qalxanda Kamran Mehdiyevə dəydim. O, söz vermişdi ki, Faiqin qanını almamış ölməyəcək. Dedim ki, sən yeriyə bilmirsən. İmkan var, çıx get, biz qalırıq. Getmədi. Cəbrayılı ən axırıncı tərk elədi. Posta gəldim. Xəbər verdik ki, Xubyarlı kəndində 2 ədəd təzə kombayn və bir ədəd traktor var. Gəlin onları aparın. Söz verdilər, amma aparmadılar. Bakıdan gələn polis işçiləri Muradın, Mirinin, Elçinin yanında xəbər verdilər ki, sizdən arxada Laçın batalyonu dayanıb. “Raypo” istiqamətini isə Zəngilandan gələn Milli Ordu, Cəbrayıl “Ziyalı” batalyonu, bir də Bakıdan gələn yanğınsöndürənlər qoruyurlar. Artıq qaranlıq düşmüşdü. Hərəküldə işıqlar görünürdü. Bizimkilərə xəbər verdik ki, düşmən Hərəkülə qüvvə yığır. Oranı atəşə tutmaq lazımdır. Dedilər bilirik. Tədbir görürük.

23 avqust 1993-cü il

Səhər tezdən, Tahir, Habil, Mahirlə Polis şöbəsinə gəldik. Rəis uşaqlardakı silahı görüb soruşdu ki, silahları sizə kim verib? Cavab verdilər ki, o gün Mahmudluda “kim döyüşmək istəyir, silah götürsün” dedilər. Biz də kitaba qol çəkib, növbətçi polis kapitanı Ramildən silah aldıq. Rəis silahları geri qaytarmağı tələb etdi. Onlar silahı qaytaranda mən də qaytardım. Məhərrəmov dedi ki, sən qaytarma. Dedim ki, uşaqlardan alırsan, mən də verirəm. Silahları rəis müavinləri Firat Məmmədovun, Vaqif Hüseynovun, Bakıdan gələn polis işçilərinin komandirləri Xanların və Mehdi müəllimin yanında qeyd etdirib, qaytardıq. Rəis bildirdi ki, “şayiələr baş alıb gedir. Beş ildir bu Cəbrayıl yolunda can qoyursan, amma qədrini bilmirlər. Sənin salamat qalmağını istəyirəm. Mən bilirəm ki, siz təmiz adamlarsınız”.

Hər şey mənim üçün aydın idi. AXC üzvü olduğum üçün məni düşmən kimi qələmə vermək istəyirdilər. Təbliğat öz işini görürdü…

Öz evimizə, Tahirgilin, Habilgilin evinə dəydik. Hər şey yerində idi. “Çinar” kəhrizinə dəydik. Xan Çinarın kölgəsində bir az oturub su içdik. Habil dedi ki, “silahım olmasa da, heç yerə gedən deyiləm”. Biz söz verdik ki, silahsız olsaq da, şəhərdən çıxmayaq. Əgər ermənilər şəhərə girsələr, silah əldə edə bilərik.

Saat 16.00-da şəhər “Qrad”, minaatanlardan, toplardan atəşə tutuldu. Sonra avtomat səsləri gəldi. Döyüş “Raypo” tərəfdə gedirdi. Kamrangilə tərəf getdik. Bizim durduğumuz “Qartal” postu da güclü atəşə tutulurdu. Sonra polisə gəldik. Cəbrayıl polisinin qüvvəsi burada idi. Rəis yox idi. Polis işçiləri İlham, Tahir tələb edirdilər ki, bu qüvvəni götürüb “Qurban təpəsi”nə qalxıb orada mövqe tutmaq lazımdır, ya da qabağa getmək. Kiçik leytenant Rəfael dedi ki, rəisin əmri olmadan o, heç nə edə bilməz. Bu zaman Zəngilandan köməyə gələn BMP-2 sürətlə şöbəyə yaxınlaşdı. Dedilərki, ermənilər “Raypo” tərəfdən müdafiəni yardılar. Kim irəli getmək istəyir, minsin maşına. Heç kəsin yerindən tərpənmədiyini görən BMP-dəkilər söyüş söyməyə başladılar. Bu zaman QAZ-66 maşın da sürətlə gəlib şöbənin qabağında dayandı. Maşının üstündəki qara bir oğlan avtomatdan atəş aça-aça söyüş söyür, maşındakı yaralıya kömək eləməyə çağırırdı. Sonra yerə düşdü ki, minaatanı burada qurmaq lazımdır ki, “Raypo” tərəfə atəş açaq, heç olmasa orada mühasirəyə düşənlər çıxa bilsinlər. Onlara kömək edib, minaatanı quraşdırdıq.

“Qartal”da dayanan polislər də qaça-qaça şöbəyə gəldilər. Həlak olan və yaralananlar var idi. Mən Mehdi müəllimdən soruşdum ki, nə üçün mövqeyi qoyub gəlmisiniz? Uşaqların hamısı dedi ki, “o gün bizə sənin yanında demədilər ki, bəs arxada Laçın batalyonu dayanıb? Bax, oradan, həm də qabaqdan bizi atəşə tutdular. Güclə mühasirədən çıxdıq”. “Raypo” tərəfə gedən BMP-2 də geri qayıtdı. Dedilər ki, ermənilər “Raypo” tərəfdən şəhərə girir, müqavimət göstərən yoxdur. Bu zaman QAZ-66-da gələn Vilayət Əhmədoğlu 25 nəfərlik bir dəstə ilə şöbəyə yaxınlaşdı. Ermənilərin hansı istiqamətdən hücum etdiyini öyrənib, öz uşaqları ilə maşınla oraya yola düşdü. Yerdə qalan polis işçiləri, Milli Ordu əsgərləri Minbaşılı kəndinə tərəf çəkilməyə başladılar. Minbaşılıda onların qabağını Cəbrayılın müdafiəsinə rəhbərlik edən podpolkovnik Şabanov və İcra Hakimiyyətinin başçısı Kərim Kərimov kəsdi. Bizim isə silahımız yox idi. Həm də mülki şəxslər olduğumuzdan bizə heç nə demədilər. Ailəmizdən xəbər tutmaq üçün piyada, sonra isə Xələfli kənd sakini Atlıxanın maşınında Hacılı kəndinə, oradan piyada Mahmudluya gəldik.

24 avqust 1993-cü il

Anamdan, qardaşımın ailəsindən, həyat yoldaşımdan və 3 uşağımdan xəbər tuta bilmədim. Kimi gördümsə “buradadırlar” dedi. Mahmudlu sərhəd məntəqəsinə gəldim. Rəisin sürücüsü Şirvan mənə dedi ki, “ananı Hasanlıya apardım”.
Həyətdə tanımadığım adamlar sıraya düzülüb posta getməyə hazırlaşırdılar. Öyrəndim ki, bunlar gələn yanğınsöndürənlərdir. Fuğanlı kəndinə posta gedirlər. Rəis müavini Vaqif Hüseynovdan xahiş etdim ki, mənə də silah versinlər. Köhnə tanınmış mayor İsgəndər də burada idi. Yolda maşın saxladıb minib Fuğanlı kəndinə gəldik. Kənddə heç kəs yox idi. Cəbrayılın polis işçilərindən başqa. Biz onları əvəz etdik. Vəziyyəti bizə izah etdilər: Fuğanlıdan Cəbrayıla gedən yolu Milli Ordu əsgərləri, sağ cinahı Çərəkən-Horovlu istiqamətini biz qorumalı idik. Burada öyrəndim ki, Milli Ordu qüvvələrinə Vilayət Əhmədoğlu və Horovlu kəndindən olan leytenant Fazil başçılıq edirlər. Onların ixtiyarında 3 T-72 tankı, bir ədəd BMP-1, 1 ədəd BTP var idi. Uşaqların yanına getdim. Fazillə, Vilayətlə, Əşrəf Məmmədvəliyevlə görüşdüm. Mayor İsgəndər bəy mənimlə idi. Vilayət dedi ki, “mən Hərəküldə elə bir yerdə mövqe tutmuşdum ki, oradan düşmənə ağır zərbə vura bilərdim. Ancaq ratsiya ilə mənə xəbər verdilər ki, mühasirədəsiniz, postu tərk edin. Postdan çıxıb bir az irəliləmişdik ki, qabağımızı kəsdilər. Əlli nəfər idik. Bizimlə qarşılaşanlar ruslar idi. İstəsəydilər hamımızı qırardılar. Başımızın üstündən atdılar. İmkan yaratdılar ki, oradan çıxaq. 23 avqustda isə şəhərin içinə girdik, Döyüşdük. Ancaq qabaqlarını saxlaya bilmədik. Ölənlərin cəsədini sizin 48 nömrəli mənzilin podvalına qoyduq ki, sonra götürək”.

Axşam saat 17-də şəhər sakini Qələbə bizim yanımıza gəldi. Oğlunu axtarırdı. Oğlu orada idi. Mənə dedi ki, “sizin ailəni Beyləqanda gördüm”.
Saat 18.00-da yanğınsöndürənlərlə posta qalxdıq. Yanğınsöndürənlərin komandiri mayor rütbəli bir zabit idi. Ratsiya gətirmək bəhanəsi ilə aradan çıxmışdı. Gecə saat 1-də yanğınsöndürənlər öz aralarında nə isə danışıb, mayor İsgəndərlə bizim yanımıza gəldilər. Dedilər ki, “biz gedirik. Bizi bura qırdırmağa gətiriblər. Aldadıblar”. Möhkəm mübahisə düşdü. Əlində PK tutmuş bir oğlan dedi ki, “gəlin, bizimlə gedək. Siz canınızdan bezmisiniz, ölüm axtarırsınız”. Mən dedim ki, onda PK-nı mayor İsgəndərə verin, bizim getməyə yerimiz yoxdur. Ölsək də burada öləcəyik. Əgər getsəniz xəbər verəcəyik ki, postu icazəsiz tərk edib gedirsiniz.
Onlar bizi orada qoyub uzaqlaşdılar. Biz Vilayətgilin yanına gəldik. Mayor İsgəndər, Cəbrayıl polis işçiləri Əvəzə, bir də Etibara vəziyyəti dedik. Bildirdik ki, sağ cinahda adam yoxdur. Bizə qüvvə verin, posta qalxaq. Vilayətlə Fazil dedi ki, 2 rotada cəmi 23 adam qalıb. Qüvvə yoxdur, görün nə edirsiniz. Gedən yanğınsöndürənlər də bir azdan bizim yanımıza gəldilər. Dedilər ki, “fikirləşdik ki, sizi tək qoyub getməyi kişiliyimizə sığışdıra bilmərik”.

25 avqust 1993-cü il

Postdan çıxıb Mahmudluya gəldim. Eşitdim ki, icra başçısı K.Kərimov, batalyon komandiri S.Mirzəyev həbs edilib. Kərəm Əliyev yeni icra başçısı təsdiq edilib. Otaqda Ali Sovetin deputatları Abasqulu Fərzəliyev və Əli Həsənov oturmuşdu. Kərəm Əliyevlə mən uzun müddət qonşu olmuşduq. Qardaşı Asiflə dost idik. Deputatların yanında K.Əliyevə dedim ki, Heydər Əliyevə məlumat verilib ki, “Vaqif Əlisoyun (mənim) batalyonu var. Onlar Cəbrayılda təxribatla məşğuldur”.
K.Əliyev bunun yalan olduğunu və anamın məni axtardığını söylədi.

Gündüz saat 1-də Mahmudlu sərhəd məntəqəsinə gəldim. Burada yaxın adamlardan biri mənə dedi ki, “Əlisoy, sən çox əziyyət çəkmisən, ancaq sənin haqqında pis şayiələr yayıblar. Silahı ver, özün də get, ananı, uşaqlarını axtar”.
Növbətçi kapitan Familə “AGM” avtomatını və 3 ədəd F-1 qumbarasını qaytarıb, kitaba qol çəkib yola çıxdım.

Bir yük maşınına mindim. Beyləqana qədər nələr görmədim. Öz-özümə deyirdim ki, niyə bir gülləyə rast gəlmədim? Niyə həlak olmadım ki, bunları indi mən görürəm? Ancaq bir şeyə arxayın idim, gec-tez xalqı bu bəlaya düçar edənlər layiqli cəzalarını alacaqlar. Onların adlarını mən bilirəm. Heç kəsdən qorxmuram. Onların adları: R.Qazıyev, S.Hüseynov, Ə.Hümbətov. Məhz R.Qazıyevin səbəbinə Milli Ordu bu iki nəfərin əlində cəmləşmişdi.

Anamı, ailəmi tapmaq mənimçün o qədər də asan olmasa da, həyatım boyu İmişli cəbhəçiləri Tariyel bəyə, Rafiq bəyə, Fuad bəyə minnətdaram. Onlar mənim ailəmi tapıb, onlara qayğı göstərmişdilər. Sağ olun, qardaşlar!

28 avqust 1993-cü il

28 avqust 1993-cü il “Səhər” qəzetinin 161-ci sayında “Fərdi qaydada olmaz” məqaləsini oxuyanda dəhşət məni bürüdü. MTN-nin birinci müavini Qobustanda yerli və xarici jurnalistlər qarşısında çıxış edərək bildirmişdi ki, AXC Cəbrayıl RŞ-nin sədri Vaqif Əlisoy həbs edilib. Səbəb budur ki, guya mən şəhid meyitlərini və girovları dəyişən zaman onların valideynlərindən pul almışam.

“Səhər” qəzetinə zəng vurdum. Şakir Yaqubov mənə “Əlisoy qardaş, xahiş edirəm, tez redaksiyaya gəl”, – dedi. Qardaşım Ruslanla birlikdə “Səhər” qəzetində oldum. Şakir müəllim, müxbir S.Qaradağlı ilə görüşdüm. Çox sağ olun, qardaşlar, məni başa düşdünüz! Kömək etdiniz.

Bir şeyə təəccüb edirəm. Niyə MTN Gəncədəki, Saatlıdakı, Sabirabaddakı, Göyçaydakı, İmişlidəki şöbələrinə müraciət edib öyrənmirdi bəzi şeyləri. Axı 28 iyun, 15 avqust 1992-ci ildə şəhid və girov düşənlər həmin rayonlarda yaşayıblar. Onlardan hər bir məlumatı almaq olar. Böhtan atmaq, insanı ləkələmək asan işdir. Bəs vicdan?

SON SÖZ

1954-cü ildə Qubadlıda anadan olmuşam. 1972-ci ildə Cəbrayılda Maksim Qorki adına orta məktəbi, 1976-cı ildə Azərbaycan Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirmişəm. 1979-cu ilə qədər Kəlbəcər rayonunun Qaraxanqallı kəndində müəllim işləmişəm. 1978-89-cu illərdə Cəbrayılın Hovuslu kəndində müəllimlik fəaliyyətimi davam etdirmişəm. 1989-cu ildən Cəbrayıl Təhsil Şöbəsində metodist işləmişəm. 1988-ci ildə xalq hərəkatına qoşulmuşam. AXC Cəbrayıl RŞ-nin yaradıcılarındanam. 1990-cı ilin yanvarında rus ordusu tərəfindən həbs edilmişəm. Novoçerkask, Şaxta, Rostov, Metex, Xankəndində həbsdə saxlanılmışam. Həbsdən azad olunanda general Safonovun dedikləri bu günə kimi yadımdadır: “Azadlıq istəyirdiniz, onu da gördünüz. Sizi ona görə buraxırıq ki, orada gördüklərinizi gedib hər yerdə danışın. Başını qaldıran zindanlarda olacaq”.

Azad olunandan sonra mübarizəni davam etdirmişəm. Əlimdə silah polis işçiləri ilə birlikdə erməni faşizminə qarşı mübarizə aparmışam. Əsirlərin və girovlarln dəyişdirilməsi üzrə Dövlət Komossiyası yaradılana qədər 60-dan yuxarı şəhid və girovları, Cəbrayılın polis işçiləri, Milli Ordu əsgərlərinin köməyi ilə azad etmişəm.

Bu gün Azərbaycanın torpaqları işğal altındadır. Hələ Xocalı işğal altında olanda demişdim: “Neçə ki, Xocalının əvəzi çıxılmayıb, heç bir azərbaycanlının başında papaq gəzdirməyə haqqı yoxdur”.

Ədalət Əfşarlının sözlərini öz sözlərim kimi qəbul edirəm.

Hər bir acı məğlubiyyətdən sonra nəticəsiz olaraq günahkarlar axtarılır, təxribatdan danışılır, satqınlıqdan söhbət gedir, xalq isə gözləyir ki, günahkarlar tezliklə aşkar olunacaq. Müharibə vaxtı həmişə satqın da, təxribatçı da olub və olacaq. Bu kəslər öz mənafelərini hər şeydən üstün tutan nadanlardır. Bunları sadə adamlar arasında axtarırıq. Əslində isə onları vəzifə tutanlar axtarmaq lazımdır. O kəslər üçün hakimiyyət qoxusu ana südünün qoxusundan daha əziz, daha üstün tutulur.

Şuşalı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı satqın, xəyanətkar ola bilməz. Çünki onların doğma torpaqda əzizlərinin ruhu yatır.

Azərbaycanı şəhərlərə, rayonlara, muxtar qurumlara bölənlər xalq üçün canından keçənlərə qara yaxıb, əlini işdən soyudanlara, öz xidməti işindən çox var-dövlət həsrəti ilə yaşayanlar gec-tez cavab verəcəklər.

Heç bir hədə məni öz yolumdan döndərə bilməz. Ermənilərə qarşı nifrətim sonsuzdur. Faiqin, Mirələmin, Allahverdi Bağırovun, Ramiz Qəmbərovun, Vəzirin, Yusifin, Bayramın, Kazımın, Şikarın qanını almayınca ölmək yoxdur.

Məni yaşadan Əliyar Əliyevin, Həsənqulunun, Qorxmazın ruhudur. Ermənidən qorxum yoxdur. Onların görüşünə dəfələrlə silahsız getmişəm.

Allahdan qorxsunlar, erməniyə güllə atanları şərə salanlar. Öz baltalarımızdan qorxuram, yaman qorxuram…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi