Namidə Bingöl
Hadisələr ildırım sürətilə cərəyan edir. Cəmiyyət daxili siyasətin seçki karvanını dörd gözlə izləsə də, arada havanın dəyişkən olması gözlənilməz gerçəklikləri ortaya qoyur.
Yeri gəlmişkən, Xəzərin mavi suları üzərində Rusiyanın “bomba rəqsi” region dövlətlər üçün heç də xoş sürpriz olmadı.
Mavi ekranlarımızın düşdüyü durum isə tam fərqlidir.
Sanki kim hansı havaya və necə oynamalı olduğunu unudub. Milli Teleradio Şurası isə....
Həftənin siyasi hesabatını təqdim edirəm.
Yola saldığımız həftə informasiya baxımından zəngin həftə oldu. Kimi toplantı keçirdi, bəzilərinin deputatlığa namizədlikləri qeydə alınmadı, digərləri isə deputat kürsüsü qazanmaq üçün fəal mübarizəyə qoşuldu.
Bir sözlə, indiki proseslər çox sürətlə cərəyan edir. Hətta o dərəcədə cərəyan edir ki, çayı keçməmiş arzu planını gen-bol doldurmuşuq.
Cəmil Həsənlinin siyahısı
Milli Şuranın sədri Cəmil Həsənli hamını qabaqladı. Cəmil bəy sən demə, günlərdir seçki siyahısını “yastığının altında” gizlədirmiş. Qorxduğu üçün yox ha, sürpriz etmək üçün.
125 seçki dairəsi üzrə 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınsa da, Cəmil bəyin təbirincə desək, boşuna əmək sərf etməyə dəyməz.
Uzun sözün qısası, gedin işinizlə məşğul olun, seçki bitib, deyir Cəmil Həsənli!
YAP İcra katibinin müavini Siyavuş Novruzov isə Milli Şura sədrinə 2 dəfə deputat olduğunu xatırladıb.
Onda belə çıxır ki, Cəmil Həsənli də tərtib olunmuş siyahı hesabına Milli Məclisə ayaq açıb?! Özü də 2 dəfə deputat seçilməklə?!..
“Deputat”, “at-at”, “mənə verin mandat” və yaxud da...
“Ha-ha-ha”, “hi-hi-hi” tipli mahnıları ilə tanınan müğənni Elza Seyidcahanın falçılıq qabiliyyəti olmasa da, dəlisov düşüncəyə malik olduğunu hər kəs bilir.
Namizədliyinin Dairə Seçki Komissiyasında qeydə alınmadığını görən xanım Seyidcahan bir əsdi, bir coşdu, bir daşdı ki, gəl görəsən. Təqdimatını elə formada qurdu ki, elə bil siyasət şoudur. İlginc açıqlamalarda bulundu, 54 saylı Dairə Seçki Komissiyasını, həmin dairənin -Şabran-Siyəzənin hazırki deputatı Tahir Süleymanovu “yıxıb-sürüdü”...
Elza xanım Tahir Süleymanova yetdi, yetməyəndə isə bir daş atdı ki, bəs deputatlar 3 ay bundan öncədən Milli Məclisə təyinat alıb. İşə bax ha! Belə yerdə deyiblər e, “dəlidən doğru xəbər”...
“Açaram sandığı, tökərəm pambığı” deyən Elza Seyidcahan axır ki, dirəşib istəyinə nail oldu, Mərkəzi Seçki Komissiyası xanım müğənninin deputatlığa namizədliyi qeydə aldı. Əhsən mübarizənə... Kim bilir, bəlkə Elza Seyidcahan deputat da olacaq...
Yeri gəlmişkən, pambıq yığımı mövsümü yekunlaşmaq üzrədir. Bundan sonra açılan sandıqdan heç nə çıxmayacaq. Çünki heç vaxt həqiqət yalanın ayaq açmasına imkan verməyib.
Həmçinin, təbiəti deputat olmadan da xilas etmək olar.
Yaxşısı budur ki, bundan sonra kosmosa uçuş haqda da düşünəsiz. Yerlərdə kifayət qədər idarəedici qüvvələr var. Ən yaxşı halda, göylərə üz tutun!
Rəhbərlərin “duel yağışı”
Milli Teleradio və Yayımı Şurası televiziyalarda bəzi verilişlərdə nöqsanların olduğunu üzə çıxardı. Televiziyaların mövcud durumu masa arxasında müzakirəyə çıxarılsa da, məsələnin mahiyyəti daha geniş şəkil aldı.
ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli arasında söz savaşı informasiya üzərində bir az da mürəkkəbləşdi. Hətta, vəziyyət o yerə gəlib çatdı ki, tərəflər məhkəməyə üz tutdu. Düzü, MTRŞ-nın hədəfi təkcə ANS televiziyası olmasa da, Xoşqədəm Baxşəliyevanın müəllif və aparıcısı olduğu verilişlərin bağlanması Mirşahin Ağayevin dirəniş göstərməsinə gətirib çıxardı. İki qurum arasında yaranan narazılıq şəxsi konteksdə davam etməyə başladığından müdaxiləni yersiz hesab edirəm.
Amma məsələnin bir başqa tərəfi də var. Televiziyalarımız zövqsüz tamaşaçı kütləsi yetişdirməkdədir. Nə qədər acı olsa da, hər birimizin evində zövqsüz tamaşaçı artıq formalaşıb.
Əgər yaxınlarımızın arasında axşama normal ət qazanı qaynada bilməyəni görməzlikdən gəlib, Xoşqədəmin verilişində kövrək notlara köklənmişiksə, pulu olmadığına görə müalicə oluna bilməyən xəstəmizin taleyinə biganə qalıb, Zaurun verilişində türk musiqiləri altında şoulaşan talelərə bulaq suyu axıdırıqsa, yazıqlar olsun bizə.
Biz o tamaşaçıyıq ki, Xuan Karlosların, Amadorların, Mariyaların həyat hekayəsində öz taleyimizi axtarmağa çalışmışıq.
Dövləti dövlətimizdən, qitəsi qitəmizdən uzaq, milli dəyərləri, adət-ənənələri yabançı olan hansısa braziliyalının ərindən boşanıb eyni anda 2 nəfərlə “sevgili” olması səhnələri bizi o zaman kökümüzdən biabrçı formada ayırdı.
Əcnəbi serialların yayımının dayandırılması haqqında qərar çıxarılan zaman bir çox qadınlarımızın düşdüyü durumu sadəcə görmək kifayət idi.
Həyat yoldaşına “bu gün nə çay, nə də yemək var. Çünki “Amaci” bir də olmayacaq” deyən evdar qadınlarımız sözün əsl mənasında xəyal qırıqlığına uğramışdı.
Təəssüf ki, serialların yayımı dayandırılandan sonra serial tipli verilişlərin efirlərə ayaq açması tamaşaçı zövqünü bir az da sıfıra endirdi. Görünür, biz nə etdiyimizi və nə edəcəyimizi heç vaxt düşünməmişik.
Bizim sevgimiz gözqamaşdırır. Kərə yağı adı altında uzaq Afrika çöllərində yetişən palma yağını millətə “sırıyıb” canını məhv etdiyimiz kimi, mavi ekranlardan beyinləri daha da cılızlaşdırırıq.
Təəssüf ki, “Zaurun verilişində filankəsin taleyi heç bilmədik necə oldu. Verilişlər də bağlanmağa vaxt tapdı” sözlərini böyük yanğı ilə dilə gətirən tamaşaçılarımızın durumu bu gün çox “ağırdı”.
İnsanlar xoşbəxtliklərini ailələrinin, valideynlərinin, övladlarının sanki yanında olmasında yox, Zaurun, Mikayılın, Xoşqədəmin verilişlərinə baxmaqla tapırlar.
Qarabağ boyda dərdi olan bir millət elə formada maariflənməlidir ki, müharibədə müdrik atılan silah, sülh prosesində təmkinlə atılan imza qədər faydalı olsun.
Bəlkə, yaxın qonşumuz olan Rusiyanın İŞİD-i Xəzər dənizi üzərindən bombardman etməsindən dərs götürək?!
Mavi ekranlarımızda bayağı formada “vur çatlasın, çal oynasın” deyib əyləndiyimiz vaxt, Rusiya mavi Xəzərin üzərində “bomba rəqsi” nümayiş etdirirdi. Rəqsdən rəqsə də fərq var ha! Mavi ekranlarımızla mavi Xəzərimiz arasında məsafə fərqi çox azdır. Ona görə də dərin düşünüb təqdim etmək lazımdır ki, “ŞOULAŞAN” tamaşaçılarımız qəfil bomba səsinə “ŞOK” olmasın!