Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatdakı vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin və Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun həyata keçirilir.
Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları, tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir.
Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.
Azərbaycanın Silahlı Qüvvələrində bu rütbələr var:
Quru Qoşunları:
Gizir, baş gizir, kiçik leytenant, leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant, polkovnik, general-mayor, general-leytenant, general-polkovnik.
Ali hərbi rütbələr, xüsusilə general rütbəsi hansı halda və kim tərəfindən geri alına bilər?
Hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib. O qeyd edib ki, ali hərbi rütbədən məhrumetmə məhkəmə qərarı əsasında icra oluna bilər: “Cinayət Məcəlləsinin 48-cı maddəsinə görə hərbi qulluqçular və hərbi vəzifəlilər ağır, xüsusilə ağır cinayətlərə görə məhkum olunduqda məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan vətəndaşlığını itirdikdə onlara verilən hərbi rütbələrdən məhrum edilə bilər və ya əsgər rütbəsinə endirilə bilərlər.
Xüsusi hərbi rütbələrə, məsələn, general rütbəsinə malikdirsə, onların rütbədən azad edilməsi ilə bağlı məhkəmə hökmü əsasında rütbəni verən orqana təqdimat verilir.
Başqa sözlə desək, məhkəmə qərarı ilə şəxs barəsində ağır, xüsusilə ağır cinayətlə bağlı hökm çıxarılırsa, təqdimat Azərbaycan prezidentinə verilir”.
Hüquqşünas qeyd edib ki, verilən təqdimatda adları çəkilən şəxslərin rütbədən azad edilməsi göstərilir: “Azərbaycanın mövcud qanunvericiliyində ali hərbi rütbə sayılan general rütbəsini ancaq prezident verə bilər. Məhkəmə qərarı əsasında hazırlanan təqdimat prezidentə göndərilir. Həmçinin prezident özü, şəxsin ali hərbi rütbəsinin geri alınması ilə bağlı da qərar verə bilər”.
Əliməmməd Nuriyev deyib ki, əvvəllər Konstitusiya Məhkəməsinin qərarına əsasən bir qayda olaraq ali hərbi rütbədən məhrumedilmə məhkəmənin qərarı ilə icra edilib.
Gülşən RAUFQIZI