Unudulmaz Musa müəllim - Baş nazirin sabiq 1-ci müavini vəfat edib

Unudulmaz Musa müəllim - Baş nazirin sabiq 1-ci müavini vəfat edib

12 Mart 2019, 15:52

Azərbaycan xalqına ağır itki üz verib. Görkəmli dövlət xadimi, xeyirxah, səmimi, sadə, mehriban, nəcib, qayğıkeş, eyni zamanda qətiyyətli və prinsipial  insan  Musa Salam oğlu Məmmədov 87 yaşında vəfat edib.


Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələ rayonunda qulluqçu ailəsində dünyaya göz açıb, 1948-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin il də aspiranturaya daxil olan M.Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb. Bir müddət institutda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləyib.


Musa Məmmədov 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunub. O, 1968-1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq  Yem Sənayesi Komitəsinin sədr müavini və respublika tədarük nazirinin müavini işləyib. Bacarığını, aqrar sahəni dərindən bilməsini nəzərə alınmaqla Musa Məmmədov nazirin müavini təyin edilib (1970-1979-cu illər). O, peşəkar və səriştəli kadr kimi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nəzər-dıqqətini cəlb edib və “Azərkəndkimya” Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə irəli çəkilib (1979-1984). Musa Məmmədov ona göstərilən bu  yüksək etimadı ləyaqətlə doğruldub, özünü bacarıqlı rəhbər işçi, kənd təsərrüfatının bütün sahələrini dərindən bilən bir mütəxəssis kimi göstərə bilib. 1984-1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986-1989-cı illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989-2001-ci illərdə respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışıb.


Pensiya yaşında belə o,  öz zəngin təcrübəsini, bilik və bacarığını paylaşmaq istəyi ilə son günlərə kimi isə kənd təsərrüfatı nazirinin müşaviri vəzifələrində çalışıb. Kənd təsərrüfatı və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin, bir çox monoqrafiyaların, bir neçə kitabın, ixtiraların müəllifidir, iqtisad elmləri doktoru, kənd təsərüfatı elmləri namizədidir.


Musa Məmmədov ümumimilli lider  Heydər Əliyevin ən yaxın siladaşlarından olub.  Onun xidmətləri partiya və dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan SSR Ali Sovetinin (X-XII çağırış) deputatı olub. “Qırmızı Əmək Bayrağı”, “Oktyabr inqilabı”, iki dəfə “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. İki dəfə respublika Ali Sovetinin fəxri fərmanı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iki qızıl, iki gümüş və bürünc medalları ilə, iki dəfə sərginin Fəxri diplomları ilə təltif edilib. Elm və texnika üzrə Dövlət mükafatı laureatı, respublikanın əməkdar aqronomu adına layiq görülüb. Respublikada aqrar sahənin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində göstərdiyi  əvəzsiz xidmətləri və yüksək insani keyfiyyətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.

    
Dərin zəkası, istedadı, işgüzarlığı ilə o, keçmiş SSRİ məkanında da öz sahəsi üzrə böyük nüfuz sahibi idi. Təsadüfi deyil ki, Musa Məmmədov  SSRİ ərazisində nisbətən az meşə ehtiyatına malik olan ölkəmizdən SSRİ Kənd Təsərrüfatı  Nazirliyinin kollegiyasına üzv  seçilmişdi. O,  Azərbaycanda həm də, meşə sahəsi üzrə ilk və yeganə  generaldır.  Meşəçilklə də bağlı onun xidmətləri əvəzsizdir.  Onun  təşəbbüsü ilə  xaricdən gətirilən  tez yetişən ağaclar  meşə sahələrinin artmasına, daha çox meşə materialı əldə olunmasına imkan yaradıb.  Onun  yazdığı  “Azərbaycanın meşələrində bitən ağac və kol bitkiləri” adlı irihəcmli fundamental əsər çoxillik, fədakar fəaliyyətin nəticəsində ərsəyə gəlib. 

  
Böyük şəxsiyyət, layiqli vətəndaş, istedadlı alim- pedaqoq  Musa Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq. 

Allah rəhmət eləsin! Qəbri nurla dolsun...


Abid Tahirli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Qardaş yumruğu” İranı qorxuya saldı