Şair Məmməd İsmayıl vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
O, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik kəndində anadan olub. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı alıb.
1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışıb.
1989–1993-cü illərdə Xalq hərəkatında iştirak edib və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışıb.
1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olub.
Şairin son bir neçə həftədə səhhətində problemlər yaranmışdı.
Allah rəhmət eləsin!