Bu ilin aprel ayında Fransada prezident seçkiləri baş tutacaq. Rəy sorğuları seçkilərin birinci turunda heç bir namizədin mütləq səs çoxluğu (yəni səslərin 50%-dən çoxunu) qazanmayacağını göstərir. Ölkənin hazırkı prezidenti Emmanuel Makron artıq seçkilərdə iştirak edəcəyini açıqlayıb. Bununla da bütün diqqətlər bir sual üzərində cəmləşib: Makronun seçkilərdə əsas rəqibi kim olacaq?
Seçkilərdə 40-dan artıq şəxsin iştirak edəcəyi bildirilsə də, favorit namizədlər arasında sağ-mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Valeri Pekres, ifrat sağçı (radikal millətçi) Milli Cəbhə partiyasının nümayəndəsi Marin Le Pen, sağçı “Yenidən fəth” (Reconquête) partiyasının nümayəndəsi Erik Zemmurun adı çəkilir.
5 illik ağrılı və çətin hadisələrlə üzləşən, bəzən uğursuzluğa düçar olan Makron seçkilərdə əsasən sağ qanadı təmsil edən siyasətçilərlə yarışacaq. Makron 5 il ərzində “sarı jiletlilər”dən tutmuş pandemiyaya qədər bir çox çətin proseslərdən keçdi. Prezidentlik dövrünün sonuna yaxın onun reytinqi əvvəlki illərlə müqayisədə aşağı düşsə də, hələ ki sorğulara liderlik edir. Bundan əlavə, Makronun koronavirusla bağlı gördüyü tədbirlər əleyhinə çoxminlik aksiyalar indiyədək səngiməyib, etirazlar hər ötən gün daha da qızışır.
Makrona qarşı kütləvi narazılıqlar fonunda “Buldozer” ləqəbli Valeri Pekres Fransanın ilk qadın prezidenti olacağını bəyan edib. O, özünü “üçdə biri Tetçer və üçdə ikisi Merkel” kimi təsvir edir.
Xatırladaq ki, ermənipərəst mövqe tutan Pekres bir müddət əvvəl qanunsuz olaraq Xankəndi şəhərinə səfər edərək, gerçək mahiyyətini ortaya qoymuşdu. Bu isə ondan xəbər verir ki, “Buldozer” Fransa prezidenti seçilərsə, qərəzli mövqeyinə görə, Makrondan heç nə ilə fərqlənməyəcək. Əksinə terrorçu ermənilərin əl-qolu daha da açılacaq.
Prezidentliyə digər iddialı şəxs - üçüncü dəfə namizədliyini irəli sürən Marin Le Pen qloballaşmanın əleyhinədir, həmçinin Aİ-nin genişlənməsinə qarşıdır. O, əvvəllər blokdan çıxmaq üçün referendum keçirməyə çağırıb, lakin 2019-cu ildən sonra Fransanın Aİ və ya avrozonadan çıxmasının tərəfdarı olmadığını bildirib. Le Penin partiyası, həmçinin Fransa cəmiyyətinin “de-islamizasiyası”na çağırır və Rusiya ilə tərəfdaşlığın qurulmasının lazım olduğunu müdafiə edir.
Le Penin reytiqinin düşməsinə səbəb qismən ifrat sağçı namizəd Erik Zemmurun yüksəlişidir. “Fransanın Trampı” adlandırılan keçmiş jurnalist bir müddət əvvəl irqçi çıxışlarına görə cəzalandırılmışdı. Zemmur tarixi həqiqətə zidd olaraq gülünc siyasi mövqelər sərgiləyib. O, İkinci Dünya Müharibəsinin sonunda Fransanı xilas edənin Amerika deyil, Rusiya qoşunları olduğunu bildirib.
Zemmur, həmçinin qeyd edib ki, onu digər sağ namizədlərdən fərqləndirən cəhət odur ki, o, Fransaya immiqrasiyanı tənzimləmək deyil, tamamilə aradan qaldırmaq istəyir.
Fransa siyasi spektrinin sağında yuxarıda adı çəkilən 3 namizəd yarışacaq.
Sol cinahda vəziyyət çətindir. Solçu namizədlərin demək olar ki, heç bir şansı yoxdur. Favorit namizədlər arasında “La France insoumise” qrupunun lideri Jan-Lük Melenşonun adı çəkilir. Le Pen kimi o da prezident seçkilərində üçüncü dəfə iştirak edəcək. O, əmək hüquqlarının artırılmasının və Fransanın rifah proqramlarının genişləndirilməsinin tərəfdarıdır.
O, həmçinin sosial-iqtisadi bərabərsizliyi düzəltmək üçün sərvətin kütləvi şəkildə yenidən bölüşdürülməsini istəyir və Avropa İttifaqını korrupsiyaya uğradığı və neoliberal ideologiya üçün alət olduğunu iddia edərək sərt şəkildə tənqid edir.
Hazırda ölkə rəhbəri Makron isə özünü mərkəzdə göstərərək sağ və sol cinahdan səs toplamağa çalışır. Əslində 5 il əvvəl hakimiyyətə gələndə də bu taktikadan istifadə etmişdi.
Sorğularda Makronun birinci turda daha çox səs toplayacağı görünür. Onun ən azı səslərin 25%-ni qazanacağı ehtimal edilir. Le Pen (17%), Pekres (16%), Zemmur (13%) və Melanşon (10%) sorğularda Makronun arxasınca gedir.
Bundan savayı, Sosalist partiyasının namizədi, Paris şəhərinin meri Anne Hidalqonun birinci turda 5%-ə yaxın səs toplayacağı proqnozlaşdırılır.
Rəy sorğularından da göründüyü kimi, Fransada prezidentin kim olacağı ikinci turda müəyyənləşəcək. İkinci tura birinci raundda ən çox səs toplamış iki namizəd keçəcək. Hər hansı ciddi dəyişiklik olmasa, Makronun ikinci tura keçəcəyi olduqca böyük ehtimaldır. Bu gün Fransa siyasi dairələrində və mətbuatında ən çox müzakirə olunan mövzu yuxarıda adı çəkilən namizədlərdən kimin ikinci tura keçəcəyi və keçməyənlərin kimə dəstək verəcəyidir.
Sorğulardan görünür ki, Makron ikinci turda 57% səslə qalib gələcək. Le Penin ikinci tura keçəcəyi təqdirdə səslərin 43%-ni, Pekresin isə 47%-ni toplayacağı ehtimal edilir. Ancaq rəy sorğularında xəta payının 10%-ə qədər olduğunu nəzərə aldıqda, səsləri bir-birinə yaxın olan namizədlərdən kimin qələbə qazanacağını dəqiq demək mümkün deyil.
Fransada ikinci tura seçkilər şahmat əvəzinə daha çox kart oyununa bənzəyir. Ehtimal edilir ki, Marin Le Pen ikinci tura çıxsa, o, Zemmurun bütün səslərini və Pekresin tərəfdarlarının üçdə birinin səsini qazanacaq. Zemmur ikinci tura keçsə Le Pen tərəfindən dəstəklənəcək, amma Pekresin tərəfdarların ona dəstək verəcəyi şübhə altındadır. Pekress ikinci tura keçsə, o, ultrasağçılar istisna olmaqla, bütün sağ cinahı öz ətrafında toplaya biləcək.
İlk raundda Zemmurun olması Marin Le Peni zəiflədəcək, lakin Pekressə təsir etməyəcək. Pekresin davranışları açıq-aydın Le Peni və onun tərədarlarını qıcıqlandırır. Bu o deməkdir ki, ilk turda Pekresin əsas rəqibi prezident Makron deyil, Marin Le Pen olacaq. Ondan səsləri “oğurlamaq” üçün istənilən fürsət respublikaçı namizədin ikinci tura getməsini təmin edəcək.
Bizim üçün Fransa seçkiləri il bağlı maraqlı olan digər məqam ermənilərin və Ermənistanın bu seçkilərə təsiridir.
Fransa Avropa İttifaqında ən böyük, dünyada isə Rusiya və ABŞ-dan sonra üçüncü ən böyük erməni diasporuna ev sahibliyi edir. Əsasən 1920-ci illərin əvvəllərində gələn, daha sonra Yaxın Şərq və Ermənistandan müxtəlif miqrasiya dalğaları ilə böyüyən 600 minlik erməni icması Marsel-Lyon-Paris oxu boyunca yerləşib. Ermənilər Fransanın akademik, elmi, siyasi və iqtisadi dairələrində təmsil olunur. Fransada sonuncu dəfə keçirilən bələdiyyə seçkilərində bir neçə erməni namizəd iri şəhərlərin meri seçilib.
Hər seçkiqabağı olduğu kimi, aprel ayında baş tutacaq səsvermədə də namizədlər erməni seçicilərin səsini və dəstəyini qazanmaq uğrunda yarışa giriblər. Pekres və Zemmur artıq Ermənistana səfər edib, burada hökumət rəsmiləri ilə görüşüb. Onlar Fransada erməni diasporunun nümayəndələri ilə də danışıqlar aparıb.
Bir müddət əvvəl erməni mətbuatı Makronun Ermənisana səfər edəcəyini bildirmişdi. Amma hələlik bu səfər baş tutmayıb. Makron ermənilərin səsini qazanmaq üçün seçkilərə yaxın bu səfəri həyata keçirə bilər. Eyni zamanda digər bir ehtimal var ki, hazırkı prezident daha fərqli ermənipərəst addımlarla ermənilərin rəğbətini qazansın.
Sorğularda da göründüyü kimi, seçkilərin ikinci turunda kimin qazanmasından asılı olmayaraq, iki namizəd arasında səs fərqinin az olacağı məlumdur. Bu, Fransanın siyasi həyatında bölünmənin və qütbləşmənin daha da dərinləşəcəyini göstərir.
Akif İsmayılov