Modern.az

Sarkisyanın “sürpriz” gedişi nəyi dəyişəcək - TƏHLİL

Sarkisyanın “sürpriz” gedişi nəyi dəyişəcək - TƏHLİL

Analitika

25 Yanvar 2022, 08:52

Yanvarın 23-də axşam saatlarında Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. O, qərarını Prezident postunun Ermənistanın daxili və xarici siyasətinə təsir alətlərinin olmaması ilə izah edib. Sarksiyan vurğulayıb ki, o, hər zaman konstitusiya islahatlarının tərəfdarı olub və əslində, hökumət artıq konstitusiya islahatları ilə bağlı komissiya yaradıb. 3 ildən artıqdır ki, bu postu tutan Armen Sarkisyanın Prezidentin heç bir səlahiyyətə malik olmadığını indi başa düşməsi ayrı bir müəmmadır.

Ermənistanın SSRİ-dən müstəqillik əldə etdikdən sonra ilk konstitusiyası 1995-ci ildə qəbul edilib. Bu konstitusiyaya görə, ölkədə yarım-prezident idarəetmə sistemi mövcud idi. Nəzəri olaraq bu sistem prezident və baş nazir arasında səlahiyyətləri bölüşdürməli idi. Ancaq praktikada Ermənistan Prezidenti bütün səlahiyyətləri əlində saxlayırdı və Baş nazir ciddi proseslərdə iştirak etmirdi.

2015-ci ildə keçirilmiş referendumda Ermənistan parlamentli respublikaya çevirildi. Referendumda iştirak edən seçicilərin 66.2%-i kontitusiya dəyişikliklərinin lehinə səs verdi. Yeni dəyişikliklərə əsasən, Ermənistanda prezidentin səlahiyyətləri azaldıldı. O ancaq mərasim funksiyalarını icra edir, siyasi böhran yarananda seçkilər təyin edir və hökumətin göndərdiyi təyinatları və parlamentin qanunlarını təsdiq edir.

Parlament üsul-idarəsinə keçid prosesi Ermənistanda demokratikləşmə ab-havası yaratsa da, prosesə rəhbərlik edən ovaxtki prezident Serj Sarkisyanın məqsədi başqa idi. Belə ki, 2008-ci ildə hakimiyyətə gələn Serj Sarkisyan iki dəfə prezident seçilmişdi. Ermənistanın həmin vaxtki konstitusiyasına görə, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi. Sarkisyan parlamentar sistemə keçməklə baş nazir olmaq və hakimiyyətini qorumaq istəyirdi.

Düzdür, Sarkisyan keçid prosesinin əvvəlində bildirmişdi ki, o, Baş nazir olmaq niyyətində deyil. Ancaq sonradan fikrini dəyişdi. Buna cavab olaraq Ermənistanda etiraz aksiyaları başladı. Həmin vaxt parlamentin müxalif deputatı olan Nikol Paşinyanın rəhbərlik etdiyi aksiyalar Sarkisyanın istefası ilə başa çatdı və Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi.

Ermənistanda hökumət dəyişdirilsə də, prezident Armen Sarkisyan öz vəzifəsində qaldı. Paşinyan hakimiyyətə gəldikdən sonra onu asanlıqla prezident postundan uzaqlaşdıra bilərdi. Ancaq Sarkisyan və Paşinyan birlikdə işləməyə qərar verdilər.

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda 10 noyabr bəyanatından sonra ciddi iğtişaşlar başladı. Armen Sarkisyan siyasi qüvvələr arasında vasitəçi rolunu oynamağa çalışsa da, bacarmadı. Daha sonra o, Paşinyanı istefaya çağırdı, ancaq bu da nəticə vermədi. Paşinyan ona qarşı qiyama qalxmış Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən uzaqlaşdırmaq istədikdə Sarkisyan buna qarşı çıxmağa cəhd etdi və yenə bacarmadı. Faktiki olaraq Ermənistan Prezidentinin ölkənin daxili və xarici siyasətinə heç bir təsiri yoxdur və görünür, aktiv siyasətlə məşğul olmaq istəyən Sarkisyana bu vəzifə olduqca darıxdırıcı gəlirdi. Odur ki, yanvarın 23-də istefa qərarını verdi. Ermənistan yarım-prezident idarəetmə sisteminə keçərsə, Sarkisyanın öz komandası ilə siyasətə qoşulacağı iddia edilir.

Onu da bildirək ki, Ermənistan Prezidentinin sistemdən narazılıq bildirməsi müharibədən sonra ortaya çıxıb. O, 2020-ci ilin noyabr ayının 29-da Moskvada diaspor nümayəndələri ilə görüşü zamanı ölkədə konstitusiya islahatlarının zəruri olduğunu vurğulamışdı. Sarkisyan bildirib ki, Ermənistan parlamentli respublika olsa da, onun fikrincə, prezident də xalq tərəfindən seçilməlidir.

Klassik parlamentar respublikalarda prezident parlament və ya parlament tərəfindən yaradılan qurumlar tərəfindən seçilir. Ancaq xüsusən Şərqi və Orta Avropanın parlamentar respublikalarında prezidentin xalq tərəfindən seçilməsi praktikası geniş yayılıb. Amma həmin vaxt ekspertlər bunun Ermənistan üçün təhlükəli ola biləcəyini deyirdi. Xalq tərəfindən birbaşa prezident seçilməsi Ermənistanın onsuz da qütbləşmiş cəmiyyətini daha da parçalayacaq. Qütbləşmə Ermənistanda sabit partiyaların oturuşmasına imkan verməyəcək. Prezidentin birbaşa xalq tərəfindən seçilməsi, şübhəsiz ki, Ermənistanın çökməsinə gətirib çıxarmayacaq, amma siyasi partiyaların və partiya sistemlərinin institusionalizasiyasına maneə törətməklə Ermənistanda onsuz da yarasız olan idarəetmə sisteminin daha da fəaliyyətsizliyinə gətirib çıxaracaq.

Paşinyana gəldikdə isə, o, hakimiyyətə gəldikdən sonra sistem dəyişikliyi ilə bağlı bir-birinə ziddi fikirlər səsləndirir. Ötən ilin yanvar ayında Paşinyan bəyan edib ki, yarım-prezident idarəetmə forması məsuliyyətsiz idarəetmə sistemidir. O, həmçinin qeyd edib ki, Ermənistan üçün bu variant istisna edilməli və ölkədə ya tam parlament idarəetmə sistemi olmalıdır, ya da tam prezident:

“Biz heç olmasa bu idarəetmə sisteminin bizim üçün problem olduğuna əmin olana qədər idarəetmə sistemini dəyişməməliyik. Bu sistem hazırda yenidir, görək nə olacaq”.

Paşinyan daha sonra - ötən ilin mart ayının əvvəlində İrəvanda Respublika meydanında tərəfdarları ilə keçirilən mitinqdə parlament idarəetmə formasından yarım-prezident idarəetmə formasına keçidlə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, yarım-prezident formasına qayıtmaq Ermənistanda sabitliyə zəmanət verəcək və gələcəkdə “daxili siyasi böhranların formalaşmasına” mane yaradacaq.

Xatırladaq ki, ötən il dekabrın 18-də Paşinyanın qərarı ilə konstitusiya islahatları şurasının yenidən formalaşdırılması prosesinə start verilib. Əvvəlki şura ləğv edilib, yeni şuranın sədri ədliyyə naziri Karen Andreasyan təyin olunub.

Ermənistan mətbuatında yayılan son məlumatlar göstərir ki, Paşinyan yarım-prezident sistemində keçmək fikrində qalmağa davam edir. Paşinyan sistemi dəyişərək hakimiyyətini daha da gücləndirmək və daha uzun müddət hakimiyyətdə qalmaq niyyətindədir.

Bundan əlavə, Ermənistanda parlament sisteminə çevrilmə ilə bağlı ictimaiyyətin məyusluğu başa düşüləndir. Ancaq birbaşa və sistemli dəyişikliyin olmaması daha dərin problemdir. Yarım-prezident sisteminə qayıdış Ermənistanda siyasi sistemin daha dərin çatışmazlıqlarını aradan qaldıra bilməyəcək. Çünki bu ölkədə problem sistemdə deyil, mövcud institutların, hökumətin fəaliyyətsizliyindədir. 2018-ci ildən etibarən Ermənistanda hakimiyyət sturukturları arasında hesabatlılığın, kommunikasiyanın, vəzifələrin bölüşdürülməsinin olmaması bu sturukturları sıradan çıxarıb.

Son olaraq, bir daha qeyd edək ki, idarəetmə sisteminin dəyişdirilməsi Ermənistanın sistemli problemlərini həll etməyəcək, əksinə daha da dərinləşdirəcək.

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu