Bu yaxınlarda Azərbaycan 8 erməni hərbi qulluqçunu ölkəsinə təhvil verdi. Əvəzində Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Azərbaycana məlumat verəcəyinə dair öhdəlik götürdü.
Baş nazir Nikol Paşinyan bu istiqamətdə əməkdaşlıq vəd etsə də, bir neçə gün sonra Ermənistan Xarici İşlər Nazirliyi (XİN) çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan açıqlama yayaraq, İrəvanın özünə öhdəlik götürmədiyini açıqladı. Bildirildi ki, guya Ermənistan tərəfi 8 diversantın azad edilməsinin qarşılığında heç bir öhdəlik üzərinə götürməyib.
Ermənistan XİN-in məlum açıqlamasını Modern.az-a şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, İrəvana öhdəliklərini yerinə yetirmək üçün təzyiq göstərilməlidir.
“Biz 8 erməni diversantı geri qaytardıq, onlar da bizə Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlıların basdırıldıqları kütləvi məzarlıqların yerini bildirməli idilər. Sonradan bundan imtina etdilər. Hətta həyasızcasına bildirdilər ki, bizim belə bir məlumatımız yoxdur. Halbuki, bu məlumatlar qarşı tərəfdə kifayət qədər var. Xocalı, Xankəndi ətrafında, hətta Ermənistanın özündə əsirlər və girovlarımızın kütləvi şəkildə öldürülməsi barədə məlumatlarımız mövcuddur.
Bu işlər çətin də olsa, iki ölkə arasında aparılmalıdır. Ermənistan bunu etməyə məcburdur. Əlbəttə, ermənilərin ən vacib məsələlərdə cığallıq nümayiş etdirməsinin şahidi olmuşuq. Bu yaxınlarda UNESCO-nun missiyası Azərbaycana və Erəmnistana gəlməlidir. Onlar əsas diqqəti bu bölgədə xristian abidələrinin qorunması ilə bağlı məsələlərə yönəltmək istəyirlər. Amma təkcə xristian abidələrindən danışılmalı deyillər. Bölgədə Azərbaycan xalqının abidələri, məscidləri təcavüzə məruz qalıb. Daşı daş üstündə qoyulmayan 8 şəhərin, 200-dən çox kəndin dağıntıları var. Eyni zamanda fauna və floraya vurulan ziyan ödənilməlidir”.
Politoloq xatırladıb ki, ermənilər azərbaycanlılara məxsus məzarlıqlarda qəbirləri açaraq, oradan qızıl dişləri söküblər. Onun sözlərinə görə, bu kimi faktlar missiyanın səfəri zamanı diqqətə çatdırılmalıdır:
“Ermənistan xalq olaraq ölkəmizə qarşı təcavüz edib. Amma bunun müqavilində heç məyusluq hissi də keçirmirlər. Bizim Birinci Qarabağ müharibəsi dövründən ermənilərdə 5500-dən çox əsir və girovumuz qalıb. Onların üzərində mütəmadi olaraq tibbi eksperimentlər keçirir, yaxud da ağır işlərə cəlb edərək, amansızlıqla dinc insanları öldürüblər. Biz həmin şəxslər barədə məlumat istəyirik. Onların ailələri var, bütün bunların hamısı nəzərə alınmalıdır”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə mediaya açıqlamasında ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etsə də, rəsmi İrəvanın sərgilədiyi destruktiv mövqe bunun tamamilə əksini göstərir. Ermənistan XİN-in illərdir ki, gizlətdikləri məzarlıqların yerlərini açıqlamaqdan imtina etməsi, erməni rəhbərliyinin bəşəri dəyərlərdən uzaq olduğundan xəbər verir. Bu həm də İrəvanın təxribatçı xislətindən əl çəkmədiyini bir daha sübut edir.