Modern.az

Müharibə başlasa, nəticəsi necə olacaq – TƏHLİL

Müharibə başlasa, nəticəsi necə olacaq – TƏHLİL

Analitika

14 Fevral 2022, 08:54

Son vaxtlar Ukrayna ilə bağlı geosiyasi gərginlik həmişəkindən daha təhlükəlidir. 2022-ci ilin əvvəlində yüksək səviyyəli diplomatik təşəbbüslər silsiləsi indiyədək irəliləyişə nail ola bilməyib, Qərb liderləri Kremlin tələblərini rədd etmək yolunda birləşsələr də, hələ ciddi bir nəticə gözə dəymir.

 

Diplomatik çıxılmaz vəziyyətin fonunda Rusiyanın Ukraynaya qarşı yeni hərbi əməliyyata hazırlıq prosesi sürətlə davam edir. Eyni zamanda, Avropanın təhlükəsizliyini təmin etmək üçün vaxt getikcə qısalır, Ukrayna ətrafında hər an alovlana biləcək müharibə riski böyüyür.

 

Bir çox müşahidəçilər hazırda Pekində keçirilən Qış Olimpiya Oyunlarının başa çatdığı vaxta - fevralın son həftəsinə diqqət yetirirlər. Müharibə ehtimalını gücləndirən digər bir fakt fevralın 20-də Ukraynanın şimal sərhədi boyunca rahat şəkildə yerləşdirilən on minlərlə rus hərbçisinin iştirakı ilə Rusiya-Belarus birgə hərbi təlimlərinin başa çatmasıdır. Hazırda təxminən 150.000 rus əsgəri Ukraynaya yaxın yerdə xidmətə cəlb olunub.

 

Əlbəttə, Rusiyanın ani hücumla Ukraynanı bütünlüklə ələ keçirməsi o qədər də inandırıcı görünmür. Bununla belə, daha çox ehtimal olunan bir sıra təhlükəli ssenariləri vurğulamaq olar. Məsələn, bunlara Ukraynanın şərqindəki Donbas bölgəsində lokal eskalasiya, Belarusdan Kiyevə potensial irəliləyiş və ya Qara dəniz, Azov dənizində əməliyyatlar daxildir.

 

Rusiya-Ukrayna qarşıdurmasında Qərbin rolu...

 

Rusiyanın hərbi əməliyyatlarının mümkünlüyünü qiymətləndirərkən beynəlxalq ictimaiyyət Ukraynanın Kreml üçün əhəmiyyətini də diqqətdən kənar qoymamalıdır. Həqiqətən də, Moskvada bir çoxları mövcud böhrana bu cür yanaşır və Rusiyanın gələcəyinin ölkənin Ukrayna üzərində öz nüfuzunu bərpa etmək qabiliyyətindən asılı olduğuna inanır.

 

Şübhəsiz, Putin yaxşı bilir ki, Ukraynanın indiki Avro-Atlantik vəziyyətini dəyişdirə bilməsə, onun bütün hakimiyyəti, Rusiya tarixindəki yeri ləkələnəcək. Bu amil onun nüfuzuna da təsirsiz ötüşməyəcək.

 

Ukraynanın transformasiyası Rusiyanın özü üçün də həyəcanverici proseslər yaradır. Ukrayna demokratiyasının möhkəmlənməsi və ölkənin gələcək Avropaya inteqrasiyası Rusiyanın mövcud idarəetmə sisteminə birbaşa və birmənalı problem yaradır, Ukraynanın dövlətçiliyinin güclənməsi isə potensial olaraq 1991-ci ildə başlayan imperiya süqutunun davam etdirilməsinə təkan verə bilər.

 

Moskvanı necə dayandırmaq olar?

 

Rusiyanın nöqteyi-nəzərindən deyə bilərik ki, hazırkı qarşıdurmada tərəflər çətin ki, dayana, ona görə də hərbi qarşıdurma istisna oluna bilməz. Putin Ukraynanın itirilməsini Rusiyanın milli maraqları üçün potensial həlledici uğursuzluq kimi qiymətləndirir və bunun qarşısını almaq üçün çox yüksək qiymət ödəməyə hazırdır. Eyni zamanda, bunu əngəlləmək üçün Qərb Kremli inandırmalıdır ki, o, Ukraynanı hücumdan qorumağa gözlənildiyindən daha çox önəm verir və sonadək Kiyevin yanında duracaq.

 

Putinin son qılınc zərbəsinə beynəlxalq reaksiya indiyədək Ukraynaya artan hərbi dəstəklə yanaşı, kütləvi sanksiyalar təhlükəsi üzərində cəmlənib. İndi ağıllı siyasətçilər mövcud durumu aydınlaşdırmalı və adekvat tədbirlər görməlidir. Əks halda gözlənilməz ssenarilər işə düşə bilər.

 

Biz isə görürük ki, Qərbdən Ukraynaya hərbi texnikanın tədarükü sürətlə və əhəmiyyətli dərəcədə artırılır. Ukrayna son həftələrdə ölkənin tərəfdaşlarından çoxsaylı təyyarə dolu silahları qəbul edir, lakin bunlar da Putini çəkindirə bilməyəcək.

 

Qərb hökumətləri Ukraynaya hərbi yardıma xərc kimi baxmaqdansa, ona investisiya kimi yanaşırlar. Onların fikrincə, hərbi investisiya regional sabitlik gətirəcək.

 

O da heç kimə sirr deyil ki, Putinin daxili siyasi vəziyyəti idealdan uzaqdır. Ukrayna ilə yeni müharibə perspektivi populyar deyil və Ukrayna ilə döyüşdə verilən itkilər Rusiya Federasiyasının onsuz da kövrək olan sosial vəziyyətini qeyri-sabitləşdirə bilər. Putinin bəlkə də Ukraynanı itirməkdən daha çox qorxduğu şey elə budur.

 

Ukrayna xalqı döyüşdən qorxmur, lakin...

 

Biz yaxşı bilirik ki, ukraynalılar sonadək qətiyyətlə döyüşəcəklər. Yaxın tarix göstərir ki, onlar 2014-cü ildə öz ölkələrini müdafiə etmək iradəsini nümayiş etdirdilər. Bu gün xalqın döyüş ruhu həmişəkindən daha yüksək qiymətləndirilir. Aparılan sorğular göstərir ki, Ukraynanın döyüş ruhu keçən səkkiz il ərzində daha çox artıb və milyonlarla ukraynalı Rusiyanın işğalına fəal müqavimət göstərməyə hazır olduqlarını bildiriblər. Həqiqətən də, Putinin “kiçik qalibiyyətli müharibə” gözləyə biləcəyini söyləmək real hesab olunmaya bilər.

 

Əgər Ukrayna daha çox silah alarsa, ölkənin kifayət qədər çəkindirmə səviyyəsinə nail ola biləcəyini əminliklə demək olar. Kiyevə ardıcıl tank əleyhinə silah göndərilməsi Rusiyanın işğalının fəlakətlə başa çatması ehtimalını artırır. Rusiya hərbi planlayıcıları bunu yaxşı bilirlər.

 

Təcrübə göstərir ki, Rusiya qüvvələrinin təchizat xətləri əsasən nəqliyyat təyyarələri və helikopterlərə arxalanır, bu mənada “Stinger” sistemləri kimi zenit-raket komplekslərinin artırılması Ukraynanı daha da gücləndirər.

 

O da məlumdur ki, Rusiya hərbçilərinin gecəgörmə bacarığı ali səviyyədə deyil. Bunu Ukraynanın hərbi rəhbərliyi də bilməmiş deyil. Qərbin dediyi kimi, istənilən anda hücum əməliyyatına start verilərsə, uzun qış gecələrində görmə qabiliyyəti Ukrayna qoşunlarını kifayət qədər təsirli və təhlükəli edəcək.

 

Digər tərəfdən vurğulamaq yerinə düşər ki, bir çox Qərb paytaxtlarında Putini iki dəfə düşünməyə vadar etmək üçün lazım olan sərt sanksiyalar və hərbi dəstəyə sadiq qalmaqda anlaşılan istəksizlik var. Çoxları bu addımların iqtisadi və siyasi xərclərini qəbuledilməz dərəcədə yüksək hesab edir. Bununla belə, Rusiyanın təhdid dolu işğalı davam edərsə, bu cür narahatlıqlar beynəlxalq ictimaiyyətin üzləşəcəyi yüksək xərclərlə ölçülməlidir.

 

Hərbi əməliyyatların gözlənilən sonluğu...

 

Ukraynada böyük müharibə baş verərsə, Avropa İttifaqı milyonlarla ukraynalı qaçqına qapı açmalı olacaq ki, bu da Qərb üçün ciddi sosial və iqtisadi problemlər yaradacaq. Humanitar böhranın miqyası, ehtimal ki, İkinci Dünya Müharibəsindən sonra Avropanın şahidi olacağı ən böyük köç kimi tarixə düşəcək. Bundan əlavə, Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, münaqişə zonasına yaxın dövlətlər xüsusilə ağır zərbə alacaqlar.

 

Beynəlxalq ticarət ciddi şəkildə pozulacaq, Ukraynanın inkişaf etməkdə olan kənd təsərrüfatındakı supergücü zədələnəcək. Bu da öz növbəsində ərzaq təhlükəsizliyində Kiyevdən idxala arxalanan dünya ölkələri üçün zərərli nəticələrə gətirib çıxaracaq. Belə ki, Ukrayna Avropanın günəbaxan yağının 88%-ni, kolza toxumunun 41%-ni və balın 26%-ni təmin etməklə Aİ-yə dördüncü ən böyük kənd təsərrüfatı məhsulları ixracatçısıdır . Bu ticarətin itkisi qitənin bir sıra sənaye sahələrində hiss olunacaq.

 

Ümumilikdə isə prosesləri dərindən təhlil edərkən, belə qənaətə gəlmək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibə başlatmasına imkan verilsə, dünyanın düzəni tamamilə dəyişəcək, uzun illər regionda qeyri-sabit və böhran vəziyyəti hökm sürəcək. Həm canlı qüvvə itkisi, həm də iqtisadi itkiləri tezliklə kompensasiya etmək mümkün olmayacaq. İndi müharibədən sonrakı vəziyyəti gözə alıb, çətin olsa da, ən doğru qərarı vermək zamanıdır. Kiyev və Moskvanın hansı qərarı verəcəyi, yəqin ki, yaxın vaxtlarda hər kəsə məlum olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu