Ukrayna böhranının mərkəzində tarixin və bəşəriyyətin təbiəti ilə bağlı fundamental sual durur: Dəyişiklik mümkündürmü? İnsanlar davranışlarını dəyişə bilərmi? Yoxsa dekorativ hadisələr istisna olmaqla, dəyişməz olaraq keçmişin faciələrini yaşamağa məhkum olan tarix əbədi olaraq təkrarlanır?
Bu suallara cavab axtaran düşüncə məktəblərindən biri dəyişiklik ehtimalını qəti şəkildə rədd edir, onlar, dünyanın cəngəllik olduğunu, güclülərin zəifləri ovladığını düşünür, bir ölkənin digərini məhv etməsi üçün yeganə maneənin hərbi güc olduğunu iddia edir. Bu, həmişə belə olub və olacaq. İş o yerə çatıb ki, cəngəllik qanunlarına inanmayanlar nəinki özlərini aldadırlar, hətta öz varlıqlarını təhlükə altına qoyurlar. Əslində belə düşünənlərin heç biri uzun müddət yaşaya bilməz.
Başqa bir düşüncə məktəbi, cəngəllik qanunlarının təbii qanunlara aidiyyəti olmadığını müdafiə edir. Çünki insanın yaratdığı meşə qanunları onların özləri tərəfindən dəyişdirilə bilər. Cəmiyyətdə yayılmış inancın əksinə olaraq, mütəşəkkil müharibənin ilk konkret tapıntıları yalnız 13.000 il əvvələ aid arxeoloji qeydlərdə görünür. Həmin tarixdən sonra da müharibə üçün arxeoloji sübutların olmadığı bir çox dövrlər olub. Müharibə cazibə qüvvəsi kimi təbiətin əsas qüvvəsi deyil. Onun intensivliyi və mövcudluğu əsas texnoloji, iqtisadi və mədəni amillərdən asılıdır. Bu amillər dəyişdikcə müharibə də dəyişir.
Belə bir dəyişikliyin sübutu həyatımızın hər anında özünü göstərir. Son onilliklərdə nüvə silahları fövqəldövlətlər arasındakı müharibələri qəzəbli kütləvi intihar aktına çevirdi. Bu, dünyanın ən güclü dövlətlərini münaqişəni həll etmək üçün daha az zorakılıq yolları tapmağa sövq etdi. İkinci Pun Müharibəsi və ya İkinci Dünya Müharibəsi kimi böyük dövlətlər arasında müharibələr tarixin böyük bir hissəsində meydana çıxsa da, son yetmiş ildə super güclər arasında birbaşa müharibə olmayıb.
Eyni dövrdə qlobal iqtisadiyyat maddi əsaslı iqtisadiyyatdan biliklərə əsaslanan iqtisadiyyata çevrildi. Əvvəllər bəşəriyyətin əsas sərvət mənbələri qızıl mədənləri, buğda sahələri və neft quyuları kimi maddi sərvətlər olduğu halda, bu gün əsas sərvət mənbəyi bilikdir. Neft yataqlarını zorla ələ keçirə bilərsiniz, ancaq bu yolla bilik əldə edə bilməzsiniz. Nəticədə, fəthin səmərəliliyi getdikcə azalıb.
Nəhayət, qlobal mədəniyyətdə böyük bir silkələnmə baş verdi. Tarix boyu bir çox elit qruplar, məsələn, Hun liderləri, Vikinq kralları (“jarl”) və Qədim Romadakı patrisitlar müharibəyə müsbət yanaşırdılar. Böyük Sarqondan Benito Mussoliniyə qədər bir çox hökmdarlar fəth yolu ilə özlərini əbədiləşdirməyə çalışırdılar (Homer və Şekspir kimi sənət adamları belə xülyalara böyük məmnuniyyətlə kömək edirdilər). Digər elitalar, məsələn, kilsə üzvləri müharibəni pis, lakin qaçılmaz hesab edirdilər.
Bununla belə, son bir neçə nəsil tarixdə ilk dəfə olaraq, müharibəni həm pis, həm də qaçınılmaz hesab edən elitalar dünyaya dominantlıq edirdi. Eyni zamanda bir neçə nəsil də, tarixdə ilk dəfə olaraq, müharibəni həm şər, həm də qarşısını almaq mümkün olan elitaların hakimiyyəti altına düşdü. Hətta Corc Buş və Donald Tramp kimilər (hələ Merkelləri və Ardernləri demirəm) Hunların Atillasından və ya Qotların Alarixindən (Vestqot hökmdarı və sərkərdəsi – red.) çox fərqli siyasətçilərdir. Bu cür fiqurlar tez-tez xaricdən istila deyil, daxili islahatlar vədləri ilə hakimiyyətə gəlirlər. Pablo Pikassodan Stanley Kubrickə qədər sənət və düşüncə dünyasının görkəmli adları müharibənin memarlarını vəsf etmək əvəzinə, mənasız dəhşətlərini təsvir etməklə tanınırlar.
Bütün bu dəyişikliklər nəticəsində dünyanın əksər hökumətləri aqressiv motivlərlə aparılan müharibələri mənfəət əldə etmək üçün məqbul vasitə kimi görməyi dayandırdılar. Bu prosesdə əksər dövlətlər öz qonşularını fəth etmək və ilhaq etmək fantaziyalarından əl çəkdilər. Beləliklə, Braziliyanın Uruqvayı və ya İspaniyanın Mərakeşi işğal etməsinə təkcə hərbi gücün mane olması iddiası doğru deyil.
Sülh parametrləri
Qaynar müharibənin bu gün öz qüvvəsini itirməyə başlaması bir çox statistikalarda açıq şəkildə görünür. 1945-ci ildən bəri xarici müdaxilə ilə sərhədlərin yenidən cızılması nisbətən nadir görünən hadisədir və beynəlxalq səviyyədə tanınan heç bir ölkə xarici işğallarla xəritədən silinməyib. Vətəndaş müharibələri və üsyanlar kimi digər müharibə növləri mövcud olmaqda davam edirdi. Lakin bütün növ müharibələr nəzərə alındıqda belə, 21-ci əsrin ilk iki onilliyində insanların zorakılıq hərəkətləri intihar, avtomobil qəzaları və ya piylənmə ilə əlaqəli xəstəliklərdən daha az ölümə səbəb olurdu. Başqa sözlə, barıt indi şəkərdən daha az öldürücü maddədir.
Alimlər öz arqumentlərini dəqiq statistik məlumatlar əsasında qururlar, lakin müəyyən məsələlərdən danışarkən riyaziyyatdan kənara çıxmaq vacibdir. Müharibənin gözdən salınması statistik hadisə ilə yanaşı psixoloji hadisəyə çevrildi. Bu prosesin ən mühüm xüsusiyyəti “sülh” termininin mənasında genişmiqyaslı dəyişikliyin baş verməsi idi. Tarixin çox hissəsində sülh yalnız “müharibənin müvəqqəti olmaması” mənasında istifadə edilirdi.
Məsələn, 1913-cü ildə insanlar Fransa ilə Almaniya arasında sülh bağlandığını deyəndə bu, Fransa və Almaniya ordularının artıq birbaşa əlaqədə olmadığı anlamına gəlirdi. Ancaq bunu eşidən hər kəs iki ölkə arasında hər an müharibənin başlaya biləcəyinin fərqində idi.
Son bir neçə onillikdə “sülh” termini “müharibənin qeyri-mümkünlüyü” anlamında istifadə olunur. Bir çox ölkələrin qonşuları tərəfindən işğal edilməsi və fəth edilməsi demək olar ki, mümkünsüz hala gəlib. Yaxın Şərqdə yaşayan biri kimi bu tendensiyada istisnaların olduğunu yaxşı bilirik. Bununla belə, belə tendensiyaları görmək istisnaları qeyd edə bilmək qədər vacibdir.
“Yeni sülh” sadəcə təsadüf və ya fantaziya deyil. Bu, dəqiqliklə hesablanmış ölkə büdcələrində öz əksini tapıb. Son illərdə bütün dünyada hökumətlər büdcələrinin orta hesabla cəmi 6,5 faizini silahlı qüvvələrinə xərcləyərək, özlərini təhlükəsiz hiss edirlər. Bundan əlavə, təhsilə, səhiyyəyə və rifaha ayrılan xərclər əhəmiyyətli dərəcədə artır.
Biz bu inkişafları düzgün qiymətləndirmirik, lakin bütün bəşər tarixini nəzərə alsaq, onlar təəccüblü yeniliklərdir. Hər bir şahzadə, xan, sultan və imperatorun minilliklər boyu ən böyük pulu hərbi xərclərə ayrılıb. Cəmiyyət üçün nə təhsilə, nə də səhiyyəyə bir qəpik də pul xərcləyiblər.
Müasir sivilizasiyanın sözsüz ki, ən böyük siyasi və mənəvi nailiyyəti müharibələrin azalmasıdır, bu, ilahi möcüzə və ya təbiət qanunlarının dəyişməsi ilə deyil, daha çox insanın daha yaxşı seçimlər etməsi nəticəsində baş verib. Təəssüf ki, müharibələrin azalması insanların seçimləri ilə bağlı olduğu üçün həm də geri qayıda bilər.
Texnologiya, iqtisadiyyat və mədəniyyət günü-gündən dəyişməyə davam edir. Kiber silahların yayılması, süni zəka əsaslı iqtisadiyyatlar və yeni militarist mədəniyyətlər tarixdə gördüyümüz ən dəhşətli müharibə dövrünü alovlandıra bilər. Buna görə də, sülhdən zövq almaq üçün demək olar ki, hər kəsin düzgün seçim etməsinə ehtiyacımız var. Digər tərəfdən, yalnız bir tərəfin səhv seçimi müharibəyə səbəb ola bilər.
Məhz bu səbəbdən Rusiyanın Ukraynaya təcavüzü təhlükəsi dünyanın hər yerində insanları narahat edir. Güclü ölkələrin öz zəif qonşularını “yeməsi” yenidən normaya çevrilərsə, bu, bütün dünyada insanların emosiyalarına və davranışlarına dərindən təsir edəcək. Cəngəllik qanunlarına qayıdışın ilk və ən bariz nəticəsi hərbi xərclərin kütləvi şəkildə artması olacaq. Müəllimlərə, tibb bacılarına və sosial işçilərə xərclənməli olan pullar bunun əvəzinə tanklara, raketlərə və kibersilahlara ayrılacaq.
Bu həm də iqlim dəyişikliyinin qarşısının alınmasında və ya süni zəka və gen mühəndisliyi kimi bəşəriyyətə dağıdıcı təsir göstərə biləcək texnologiyaların tənzimlənməsində zəruri olan qlobal əməkdaşlığa xələl gətirəcək. Şübhəsiz ki, sizi məhv etməyə çalışan ölkələrlə işləmək asan deyil. Həm iqlim dəyişikliyi, həm də süni zəkaya əsaslanan silahlanma yarışı sürətlənsə də, qaynar qarşıdurma təhlükəsi artacaq və növümüzün sonunu gətirə biləcək.
Tarixi gedişat
Əgər tarixi dəyişikliyin qeyri-mümkün olduğuna, bəşəriyyətin əslində heç vaxt cəngəlliyi tərk etmədiyinə və bunun heç vaxt baş verməyəcəyinə inanırsınızsa, yerdə qalan yeganə seçim ovçu və ya ov olmaqdır. Belə bir seçim olarsa, əksər liderlər tarixə alfa yırtıcısı kimi düşməyi seçəcək və öz adlarını tarix imtahanları adları əzbərləməyə məhkum olan bədbəxt tələbələrin amansız işğalçılar siyahısına əlavə edəcəklər.
Bəs dəyişiklik mümkündürsə? Kim bilir, bəlkə cəngəllik qanunu qaçılmazlıq deyil, daha çox seçimdir? Əgər belədirsə, qonşu ölkəni fəth etməyi seçən istənilən lider bəşəriyyətin yaddaşında bizim bildiyimiz Teymurləngdən daha pis və daha xüsusi yer tutacaq. Belə bir şəxsiyyət tarixə bəşəriyyətin ən böyük nailiyyətini məhv edən və cəngəllikdən çıxdığımızı düşündüyümüz vaxt bizi geri çəkən insan kimi düşəcək.
Ukraynada nə baş verəcəyini bilmirəm. Amma mən bir tarixçi kimi dəyişikliklərin mümkünlüyünə inanıram. Məncə, bu, sırf sadəlövhlük deyil, daha çox realist yanaşmadır. Bəşər tarixində yeganə sabit olan şey dəyişikliyin özüdür. Biz bunu bəlkə də ən yaxşı ukraynalılardan öyrənəcəyik. Bir neçə nəsildir ki, ukraynalılar zorakılıq və amansızlıqdan başqa demək olar ki, heç nə görməyiblər. Onlar Birinci Dünya Müharibəsi zamanı dağılana qədər iki əsrlik çar avtokratiyasına dözdülər. Bundan sonra qısamüddətli müstəqillik cəhdi Rusiyada siyasi hakimiyyəti bərpa edən Qırmızı Ordu tərəfindən tez bir zamanda darmadağın edildi. Sonra ukraynalılar Qolodomorun dəhşətli süni qıtlığına, Stalinist terroruna, nasist işğalına və onilliklər boyu ruhu sarsıdan kommunist diktaturasına şahidlik etdilər. Sovet İttifaqı dağılanda tarix, deyəsən, ukraynalıların yenidən qəddar istibdad yolu tutacağına zəmanət verirdi: “Onlar başqa hansı dildən başa düşürdülər ki”?
Lakin Ukrayna xalqı özü üçün başqa yol seçdi. Tarixə, yoxsulluğa və keçilməz görünən maneələrə baxmayaraq, onlar demokratiya qurublar. Rusiya və Belarusdan fərqli olaraq, Ukraynada müxalif namizədlər hakim siyasətçilər üzərində dəfələrlə seçkilərdə qələbə qazanıblar. 2004 və 2013-cü illərdə avtokratiya təhlükəsi ilə üzləşən ukraynalılar azadlıqlarını müdafiə etmək üçün iki dəfə ayağa qalxdılar. Necə ki, demokratiya onlar üçün yeni anlayışdır, bu “yeni sülh” də elədir. Hər ikisi son dərəcə kövrəkdir və hər ikisi də qısa ömürlü olmaq təhlükəsi altındadır. Bununla belə, hər ikisi olduqca mümkündür və toxumları əkiləndən sonra dərin kök salmaq potensialına malikdir. Köhnə hər şey nə vaxtsa yeni olub. Hamısı insanların üstünlüklərindən asılıdır. Hər şey insanın seçimindən asılıdır.
***
Məqalənin müəllifi Yuval Noah Harari İsrail tarixçisidir. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. “Sapiens: Bəşəriyyətin qısa tarixi” (2014) və “Homo Deus: Sabahın qısa tarixi” (2015) əsərlərinə görə tanınır.
QEYD: Tərcümə Modern.az saytına məxsusdur. Məqalə ilk dəfə “The Economist” jurnalında dərc olunub.
Hazırladı: Akif İsmayılov