Rusiya Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıyıb. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı xalqa müraciətində bildirib. Rəsmi Moskvanın qondarma qurumların suverenliyini tanıması dünyanın siyasi gündəminin əsas xəbərinə çevrilib. Artıq iki gündür ki, bir çox ölkələr Ukraynaya dəstək nümayiş etdirərək, Rusiyanın mövqeyinə etirazlarını bildirirlər.
“Müstəqillik elan olunandan bəri Ukraynadan maddi dəstək üçün Rusiyaya çoxsaylı müraciətlər gəlməyə başlayıb. 1991-2013-cü illərdə Rusiyanın müxtəlif yardımlarından Ukrayna büdcəsi üçün ümumi fayda, ekspert hesablamalarına görə, təxminən 250 milyard dollar təşkil edib. Aydın idi ki, Ukrayna hakimiyyəti Rusiya ilə bağlı bütün hüquq və üstünlüklərə malik olacaq, lakin heç bir öhdəlik daşımayacaq şəkildə hərəkət etməyə üstünlük verəcək. Tərəfdaşlıq əvəzinə, Kiyev hakimiyyəti tərəfindən bəzən tamamilə qeyri-rəsmi xarakter alan asılılıq üstünlük təşkil etməyə başladı. Enerji tranziti sahəsində daimi şantajı və bayağı qaz oğurluğunu xatırlamaq kifayətdir”,- deyə Putin xalqa müraciəti zamanı sözügedən qərarına aydınlıq gətirib.
Separatçı rejimlərin tanınmasından sonra iki ölkə arasında münasibətlər necə davam edəcək? Rusiyaya qarşı hansı sanksiyalar tətbiq olunacaq?
Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov qarşıda iki ölkəni gözləyən prosesləri və Qərbin sanksiya planını Modern.az saytına şərh edib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin qərarından sonra bəzi insanlar düşünürdü ki, Moskvaya qarşı sərt sanksiyalar tətbiq olacaq:
“Fevralın 22-si səhər saatlarından etibarən Qərb dövlətlərinin Moskvaya qarşı sanksiyaların tətbiqi məsələsində kifayət qədər ehtiyatlı mövqe tutduğuna şahidlik edirik. Məsələn, “The Washington Post” Ağ Evin yüksək rütbəli rəsmisinə istinadla yazır ki, Rusiya qoşunlarının Donbasda yerləşdirilməsi ehtimalı prinsipial olaraq yeni bir addım deyil. Bu, Cozef Bayden komandasının Moskvaya qarşı çoxlarının gözlədiyindən daha yumşaq sanksiyalar paketinə hazır olması kimi başa düşülə bilər".
Ekspert hesab edir ki, buna baxmayaraq, ABŞ prezidentinə təzyiq daha da artıb:
"Təzyiqlər Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı olan güclü lobbi, o cümlədən respublikaçılar və demokratlar tərəfindən həyata keçirilir. Oxşar vəziyyət Avropa İttifaqının aparıcı dövlətlərində də müşahidə olunacaq.
Eyni zamanda, Vladimir Putinin fevralın 21-də axşam çıxışı zamanı Ukrayna ilə bağlı kifayət qədər sərt bəyanatları vardı. Putinin Ukraynada “əsl dövlətçiliyin heç vaxt sabit ənənəsi olmayıb” ifadəsində bir çox mesajlar var. İndiki halda təmas göstərir ki, yaxın gələcəkdə Moskva çətin ki, Kiyevlə ikitərəfli ictimai danışıqlara hazır olsun. Lakin bu, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə qapalı məsləhətləşmələr, habelə, üçüncü dövlətlərin vasitəçiliyi ilə aparılan danışıqlar imkanlarını ləğv etmir".
Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov isə Modern.az-a açıqlamasında qeyd edib ki, bu, təkcə Ukraynanın deyil, bütün Avropa qitəsinin təhlükəsizlik məsələsidir:
“Dünya nizamı artıq dəyişir. Üstəlik, biz görürük ki, Kreml hələ də bir növ hərbi işğal haqqında mızıldanan Qərbi üstələyib. Rusiya Federasiyası atəş belə açmadan ərazilərini böyüdür. Bundan sonra Ukrayna üçün hadisələrin inkişafı barədə cəmi iki ssenari var. Bunlar pis və daha dəhşətli hadisələrdir.
Proseslər Ukraynada siyasi böhrana gətirib çıxaracaq növbədənkənar seçkilər və hökumətin, siyasi sahənin yenidən formatlaşdırılması ola bilər. Allaha dua edirik ki, silahlı münaqişənin qaynar mərhələsinə gətirib çıxarmayan düzgün qərarlar qəbul edilsin”.