Dünya ictimaiyyətini aylarla Ukraynaya hücum etməyəcəkləri ilə inandırmağa çalışan Vladimir Putin nəhayət, Donbas və Luqansk toplumunun “israrlı xahişini” nəzərə alaraq, onları “tanıdıqdan” bir gün sonra adı çəkilən məkanların ərazilərini “qorumaq və genişlətmək” üçün “yüksək dəqiqlikli zərbələrlə” Ukraynaya məxsus “hərbi-strateji obyektlərin zərərsizləşdirilməsi əməliyyatı”na başlanılması barədə Rusiya ordusuna əmr verdi. Rusiyalı yetkililər Ukraynaya yönəlik hərbi müdaxiləni “əməliyyat” adlandırır, ciddi-cəhdlə “müharibə” sözünü işlətmirlər. Bu mənada Putin Administrasiyası sabiq sovet strateqlərini xatırladır. 27 dekabr 1979-cu ildə də Sovet dövlət rəsmiləri Əfqanıstana qoşun yeridəndə “əfqan zəhmətkeşlərinin xahişi ilə beynəlmiləl borcunu yerinə yetirmək məqsədilə məhdud saylı sövet hərbiçiləri müvəqqəti olaraq qonşu Əfqanıstan ərazilərinə keçmişlər” - deyə iddia edirdilər.
Dünya dövlətlərinin gözləri qarşısında müstəqil Ukrayna hal-hazırda havadan, sudan və qurudan dağıdıcı zərbələrə məruz qalır. Hadisələrin bu cür gedişi, təkcə bölgəyə deyil, bütünlükdə dünya üçün ciddi faciələrə səbəb ola bilər. Hər an hadisələr sürətlə dəyişir; məlumatlara görə, Kiyevin Borispol hava limanına ciddi xəsarət yetirilib, ölkənin mühüm sənaye mərkəzi Xarkov, çox önəmli liman şəhərləri Odessa və Mariupol da atəş altındadır, mülki şəxslər arasında da zərərçəkənlər və həyatını itirənlərin olduğu bildirilir.
2014-cü ildə Ukrayna xalqının sürəkli müqavimətindən sonra siyasi iqtidardan məhrum edilən Rusiyapərəst Viktor Yanukoviçdən sonra hakimiyyətə gələnləri, xüsusən də, Volodimir Zelenskini Rusiya siyasi elitası qəbul edə bilmir, onu “nasist” olaraq görür, Ukraynanı ciddi-cəhdlə “ekstrimist ünsürlərdən” təmizlənilməsini istəyir. Yeri gəlmişkən, xatırladaq ki, Rusiya rəsmilərinin “nasist” adlandırdığı V.Zelenski, milli mənsubiyətinə görə, yəhudidir və bu faktı əsla gizlətmir (Президент не скрывает, что он еврей. Bax: //nv.ua/opinion/moi-dva-chasa-s-vladimirom-zelenskim-50015037.html ).
Rusiya 18 mart 2014-cü ildən Krımı rəsmən Rusiya Federasiyasına birləşdirib, bu həftə də özlərinin müstəqilliyini elan etmiş “Donetsk və Luqansk dövlətləri”ni tanıyıb. 2014-cü ildən indiyə qədər Ukrayna tərəfi mühüm ərazilərlə bərabər, 14 mindən çox vətəndaşını da itirib. Rusiya birmənalı olaraq, Ukraynanı özünə təhlükə mənbəyi olaraq görür, heç vəchlə onun Avropa İttifaqına və NATO-ya girməsinə imkan vermək istəmir.
Rusiya siyasi elitası, çox ehtimal ki, Prezident V.Zelenskinin devrilməsinə nail olmaq istəyir. Bu planın gerçəkləşməsi naminə, əhali arasında narazılıq, ümidsizlik və V.Zelenski iqtidarına qarşı etimadsızlıq yaratmaq məqsədilə rəsmən tanıdığı “Donetsk və Luqansk” üçün qısa müddət ərzində mümkün qədər daha geniş əraziləri ələ keçirməyə çalışır. ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi, Quru qoşunları Baş Qərargah rəisi, ordu generalı Mark Milli ( Milley) əhalinin sıx yaşadığı yaşayış məntəqələrində çoxsaylı rus hərbi birləşmələrinin bir araya gəlməsinin qorxunc toqquşma səhnəsinə səbəb ola biləciyi ehtimalını vurğulamışdır (Bax: //www.tbsnews.net/world/military-power-russia-vs-ukraine-375283 ).
Ukraynada 18- 60 yaş arası, əli silah tutanların hamısı hərbi səfərbərliya çağırılıb. Müqayisə üçün qeyd edək ki, Rusiya öz hərbi potensialına görə Ukraynadan olduqca üstündür. Məsələn, Rusiyanın 12240 tankına qarşı Ukraynanın 2596 tankı, Rusiyanın 1511 qırıcı təyyarəsinə qarşı Ukraynanın 98 qırıcısı, Rusiyanın 900 min canlı qüvvəsinə qaşı Ukraynanın 200 min əsgəri müqavimət göstərməyə çalışır (Bax: //www.globalfirepower.com/countries-listing.php).
NATO yetkililəri Ukraynaya tibbi və humanitar yardım göstərəcəklərini, Rusiyaya isə ağır sanksiyalar tətbiq olunacağını vəd edirlər. Məsələ burasındadır ki, Rusiyaya indiyədək tətbiq olunmuş iqtisadi sanksiyalar Qərb dövlətlərinin umduqları səviyyədə səmərə verməmişdir.
25 fevral 2022-ci ildən başlayaraq, Böyük Britaniya Rusiyaya məxsus 5 böyük bankın və 3 rus multimilyarderinin hesablarına girişi bloklayacağını, ABŞ isə Ukrayna əleyhinə səs vermiş 351 rus deputatın bank hesablarını donduracağını, Almaniya Rusiya kompaniyalarının iştirakı ilə gerçəkləşmiş “Şimal axını-2” qaz kəmərindən imtina edəcəyini bildirmişdir. Sabiq SSRİ-nin müttəfiq respublikalarından olan Baltikyanı dövlətlər isə Ümumdünya bank sisteminə Rusiyanı beynəlxalq Svift tədiyə sistemindən çıxartmaq təklifi irəli sürmüşdür. Digər dövlətlərin də Rusiyaya qarşı sanksiyalara başlayacaqları mütləqdir. Hazırda rus rublunun kursu astronomik dərəcədə düşmüşdür. Məsələn, hazırda 1000 rubl 10 avroya bərabərdir, başqa sözlə, 1 rubl bizim 2 qəpikdən də azdır.
Almaniyanın yeni kansleri Olaf Şults Ukraynaya hücum əmri vermiş Putini çox sərt şəkildə tənqid etmişdir: “Rusiya Prezidenti Putin Ukraynaya hücum etməklə növbəti dəfə də beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, bütün Avropanın təhlükəsizliyini təhdid edir, qonşu xalqlara iztirab və məhrumiyyətlər yaşadır, saysız-hesabsız günahsız insanların həyatını təhlükəyə atır. Bu hərəkətə haqq qazandırmaq olmaz. Bu, Putinin müharibəsidir”.
(Bax: //www.deutschland.de/en/news/scholz-this-is-putins-war)
“RİA Novosti”nin məlumatına görə, 24 fevral 2022-ci ildə Rusiya hərbi birləşmələri Ukraynaya məxsus hərbi təyinatlı 74 obyekti və 11 hərbi aerodromu sıradan çıxarmışlar. Ukraynanın Havadan Müdafiə Sistemini sıradan çıxarmış Rusiya aviasiyası Ukrayna səmasında hazırda dominant vəziyyətdədir.
Adının çəkilməsini istəməyən amerikan ekspertinin mülahizəsinə görə, Kiyev, Xarkov və Xerson istiqamətlərindən sinxron şəkildə hücum edən Rusiya hərbçilərinin ümdə vəzifəsi Ukrayna dövlətinin başçısını ələ keçirməkdir. Röyter agentliyinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden Ukraynaya hücum əmrini vermiş Putinin beynəlxalq aləm tərəfindən təcrid ediləcəyini ifadə etmişdir (Bax: //www.reuters.com/article/ukraine-crisis-biden-putin/biden-says-putin-will-be-a-pariah-on-the-international-stage-idINW1N2U400U ).
Sosial paylaşım portallarında hazırda həm də informasiya müharibəsi gedir. Təxribat xarakterli şayiələr saysız-hesabsızdır. Məsələn, az öncə Kiyev şəhərinin təxminən 10 km.-lik uzaqlığındakı Qostomel hava limanının ələ keçirilməsi xəbəri yayıldı. İndi soyuqqanlı olmaq çox önəmlidir. Rusiyanın əsl məqsədinin nə olduğunu təxmin edəndə beynimdən bir istək keçir: ALLAH Azərbaycanımızı qorusun.
Ramazan SİRACOĞLU