Modern.az

Dünyanı qorxuya salan NÜVƏ HƏDƏSİ - Hamı Putinin qərarını gözləyir

Dünyanı qorxuya salan NÜVƏ HƏDƏSİ - Hamı Putinin qərarını gözləyir

Analitika

2 Mart 2022, 09:54

Ukraynada qızğın döyüşlərin getdiyi bir vaxtda Rusiya nüvə təhdidi ilə dünyanın diqqətini özünə çəkib. Bir neçə gün əvvəl müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla yüksək vəzifəli hərbi rəsmilərlə görüşən Rusiya Prezidenti Vladimir Putin Qərb dövlətlərinin Rusiyaya qarşı "qeyri-dost hərəkətlər" və "qanunsuz sanksiyalar" tətbiq etdiklərini bildirib. O buna görə də, Rusiya ordusuna nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi əmr edib.

 

Putinin bu addımı dünyanın siyasi arenasına ciddi rezonans doğurub. Ehtimal edilir ki, Rusiya Ukraynaya qarşı döyüşlərdə nüvə silahlarını işə salacaq. 

 

 

Bu barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, nüvə silahından istifadə dünyanı faciəvi vəziyyətə sala bilər.

 

Onun sözlərinə görə, nüvə silahının istifadəsi mümkün deyil: “Bu təhdidlər yersizdir. Normal adam belə fikirlər səsləndirməməlidir. Çünki nüvə silahı dünyanın məhvi deməkdir. Amma siyasi oyunlarda bu təzyiq vasitəsi kimi səsləndirilir. Təəssüflər olsun ki, artıq bu cür təhdidlər adət halını alıb. Hesab edirəm ki, nüvə təhdidi Rusiya hökumətinin mövqeyinin zəifliyini göstərir”.

 

 

Hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, artıq Rusiya bütün döyüş qüvvələrini hazır vəziyyətə gətirib:

 

“Döyüşə hazırlıq vəziyyətinin mərhələləri var. Rusiyanın nüvə silahları həmişə hazır vəziyyətdə olur. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin çıxışlarından birində demişdi ki, kritik vəziyyət yaranarsa, nüvə silahlarından istifadə oluna bilər. Hesab edirəm ki, nüvə silahından istifadənin bəşəriyyət üçün hansı nəticələr doğuracağını bu barədə anlayışı olan və ya olmayan hər kəs başa düşə bilər”.

 

 

Ekspertin fikrincə, nağıllarda olduğu kimi əsas cini butulkadan çıxarmaq olmaz:

 

“Cin dedikdə burada nüvə silahını nəzərdə tuturam. Nüvə silahı yerləşdiyi mənzildən atıldıqdan sonra artıq nəsə barədə danışmaq gec olacaq. Mənə elə gəlir ki, aparıcı dövlətlərdə bunun təhlükəsini anlayan yetərincə insan var. Düşünürəm ki, bu kritik vəziyyətdə ortaq məxrəcə gələ biləcəklər və nüvə silahına ehtiyac olmayacaq. Bu silahın istifadəsi çox geniş bir əraziyə, bütün insanlığa təsir edə bilər”.

 

“Rusiya çox zamanlar öz siyasi hədəflərinə nüvə silahına arxalanaraq çatıb. Ukrayna ilə bağlı siyasi hədəfə də bununla nail olmağa çalışır. Ancaq biz proseslərə baxdıqda görürük ki, Rusiya meydanda tək deyil. Çin açıq olmasa da müəyyən şəkildə Rusiyaya dəstək verir. Eyni zamanda Hindistan kimi böyük dövlət öz dəstəyini göstərir. Avropanın özündə də Rusiya ilə bağlı parçalanmalar var. Bütün bunlara baxmayaraq, Rusiya nüvə silahına əl atmadan müəyyən məsələləri həll edə bilər”, - deyə ekspert bildirib.

 

 

Hərbi ekspert indiki durumda nüvə silahından istifadə edilməsinə inanmadığını söyləyib:

 

“Hazırda Ukraynada məhdud sayda qruplar qarşıya qoyulan fəaliyyətləri həyata keçirir. Hesab edirəm ki, tapşırıqları yerinə yetirəcək əsas qüvvələr tam şəkildə istifadə olunmayıb. Hər halda itkilərə baxanda Ukrayna tərəfi Rusiyanın itkiləri ilə bağlı məlumatlar verir. Bəzən də əksinə Rusiya Ukraynanın itkiləri ilə bağlı məlumat yayır. Ancaq “feyk” məlumatlar da verilə bilir. Bu müharibədə olan məsələdir. Bir hərbçi kimi o materiallara baxanda bunu müşahidə edə bilirəm. Bu da informasiya müharibəsində istifadə olunan taktikadır. Bu müharibə kimi müharibə deyil. Çünki bu elan olunmamış müharibədir. Eyni zamanda bir ölkə digər ölkəni işğal məqsədilə deyil, qarşıya qoyduğu başqa məqsədlərə görə hücum edirsə, bu da onu göstərir ki, qarşıya qoyulan məqsədlərə nail olduqdan sonra Rusiya ordusu Ukraynadan çəkilə bilər. Hər halda müharibə çox çirkin şəkildə gedir. İnsanlar ölür, qaçqın düşür. Ancaq vəziyyət göstərir ki, Rusiya hələ elə kritik vəziyyətdə deyil ki, nüvə silahından isifadə etsin. Müharibə Ukraynanın ərazisində gedir. Döyüşlər Rusiyanın ərazisində cərəyan edərsə, onda nüvə silahından istifadə gündəmə gələ bilər”.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu