Rusiya-Ukrayna müharibəsində 15-ci gündür. İki həftədir davam edən qanlı döyüşlər səngiməyib, əksinə Rusiya qoşunlarının hava və qurudan hücumları getdikcə daha da kəskinləşir, hər iki tərəfdən itkilər artır. Qərb dövlətlərinin və dünyanın əksər ölkələrinin çağırışlarına baxmayaraq, Moskva məqsədinə nail olmayanadək Ukraynada hərbi əməliyyatları dayandırmaq niyyətində deyil. Bununla belə Rusiya rəsmiləri Kiyevlə danışıqlarda maraqlı olduqlarını bəyan edirlər. Eyni zamanda Qərbin Rusiyaya yönəlik "ölümcül" sanksiyaları da ara vermir. Bütün bunların fonunda müharibəyə nə vaxt son qoyulacağı hamını düşündürən əsas sual olaraq qalmaqdadır.
Bu barədə Modern.az-a danışan politoloq Cümşüd Nuriyev Rusiyada müharibədən sonrakı vəziyyətin acınacaqlı olduğunu bildirib:
“Rusiyanın daxilində çox ciddi problemlər yaranıb. Prezident Vladimir Putinin ətrafı, xüsusilə də generalları onu aldadıb. Artıq Rusiyada generalların həbsi başlayıb. Qeyri-rəsmi məlumatlara əsasən, bunların sayı onlarladır. Hələlik həbsləri rəsmiləşdirmirlər. Amma görünən odur ki, Ukraynada casus şəbəkəsi yaratmalı olan generallar milyardlar xərclənməsinə baxmayaraq, heç nəyə nail ola bilməyiblər”.
Politoloqun sözlərinə görə, Rusiyanın nəzərdə tutduğu ildırımsürətli müharibə baş tutmayıb. Bu baxımdan Moskvanın geri çəkilməsi hələ gözlənilmir:
“Rusiyanın geri çəkilmək şansı yoxdur. Onsuz da Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Bundan sonra Rusiyanın itirəcəyi heç nə qalmayıb. Ancaq Rusiya hazırda çox aqressivləşib və çox təhlükəli vəziyyətə gəlib çıxıb. Ona görə də, Rusiya Kiyevi, Xarkovu, Odessanı tutmamış dayanmayacaq. Müharibə davam edəcək. Amma Rusiyanın qeyri-rəsmi məlumatlarına görə, Putin göstəriş verib ki, mart ayının sonlarına qədər, yəni ən azı 40 gün ərzində Ukraynanın Dnepr çayına qədər olan şərq hissəsi tamamilə Rusiyanın əlinə keçməlidir. Bundan sonra rus ordusu orada dayanacaq”.
Rusiyanın planlarına gəlincə, C.Nuriyev savaşın hələ davam edəcəyini söyləyib:
“Plana əsasən, Ukraynanın həm Azov dənizinə, həm də Qara dənizə çıxışı dayandırılmalıdır. Ukraynanın ordusu, hava hücumu əleyhinə sistemi, hərbi dəniz qüvvələri tamamilə çökdürülməlidir. Eyni zamanda bufer zona yaradılmalıdır. Tanınmamış Donetsk və Luqanskdan sonra hələ bir neçə vilayətə, yəni Sumı, Çerniqov, Odessa, Xerson vilayətlərinə respublika statusu verilməsi məsələsi müzakirə olunur. Beləliklə, 6-7 dövlət yaratmaq istəyirlər ki, Ukrayna əbədi olaraq Rusiyanın imperya missiyalarının qurbanına çevrilsin. Nə qədər ki, Putin qoyduğu məqsədə çatmayıb, müharibə bitməyəcək. Çünki onun danışıqlarda irəli sürdüyü şərtləri Ukrayna qəbul etməyəcək”.
“Düzdür, bəzən Zelenski deyir ki, həm Donetsk, həm də Luqanskla bağlı danışıqlara hazırdır. Artıq hər şey gecdir. Zelenski təcrübəsizliyindən həm Amerika, həm də Qərb çox ustalıqla yararlandı. Eyni zamanda bundan Rusiya da yararlandı. Heyif, Ukrayna bizim yaşadığımız taleyi yaşamalı oldu. Biz 90-cı illərdə bu taleyi yaşadıq. Amma şükürlər olsun ki, problemi Azərbaycan özü həll etdi. Ukraynanın ayağa qalxması üçün xeyli vaxt lazımdır. Ona görə də müharibənin tezliklə yekunlaşmasına inanmıram”.