Modern.az

Lavrov Antalyadakı nəticəsiz görüşə niyə gəlmişdi? - ŞƏRH

Lavrov Antalyadakı nəticəsiz görüşə niyə gəlmişdi? - ŞƏRH

Analitika

10 Mart 2022, 17:40

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ukraynalı həmkarı Dmitri Kuleba ilə Antalyada keçirdiyi bugünkü görüş nəticəsiz başa çatdı. Siyasi ekspertlər Türkiyə xarici işlər naziri Mövlud Çavuşğlunun vasitəçiliyilə keçirilmiş nəticəsiz görüşlə bağlı fikirlərini bildirirlər.

Modern.az-ın məlumatına görə, görüşü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə Antalyada hər hansı razılaşma əldə etməyə gəlməmişdi:

“Onun buna səlahiyyəti yoxdur. Sadəcə, Rusiya prezidenti Vladimir Putin Ankaraya “yox” deməmək üçün nazirini Antalyaya göndərdi. Bütün səlahiyyət Kreml sahibindədir, o isə hələ ki geri çəkilmək istəmir. Türkiyə üzərinə düşəni - yorulmadan vasitəçilik təşəbbüslərini davam etdirir, atəşkəsə və sülhə çalışır. Ancaq əgər tərəflərdən birinin - Rusiyanın işğalı davam etdirməkdən geri çəkilmək niyyəti yoxdursa, bu müddətdə danışıqlar nəticə verməyəcək”.

Siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Rusiya tərəfi görüşə Türkiyənin təklifini geri çevirməmək, Ukrayna isə Belarusda qurulan masadan ayrılmaq üçün gəlib;

“Görüşdən sonra verilən açıqlamalar da bunu göstərir. Moskva istəyir ki, Ukrayna Krım və Donbası tanısın, “neytral status”la razılaşsın.

Kiyev isə təklif edir ki, ABŞ, Fransa, Almaniya, Rusiya və Türkiyənin iştirakı ilə Ukraynanın təhlükəsizliyinə zəmanət verilsin, Krım və Donbası da müzakirə edə bilərlər”.
 

Ekspert deyir ki, bu prosesdə müzakirələrin və razılaşmaların hansı masada olması önəmlidir:
 

“Türkiyə, yaxud Avropa masasında Ukrayna istədiyinə tam nail olmasa belə, razılaşmanın Putinin tələbləri çərçivəsində olmayacağı da məlumdur və Kiyev daha güclü olan üçüncü tərəfin vasitəçiliyi ilə zəmanət əldə edə bilər.

Moskva özünün qurduğu Belarus masasında Kiyevin təslim olmasına çalışır: Lavrov buna görə bildirir ki, onlar Belarus platformasında danışmaq istəyirlər;

Belarusda üç nəticəsiz görüş keçirilib, növbəti raundun vaxtı bilinmir və görünən budur ki, Rusiya Ukraynaya Belarus masasında şərtləri qəbul etdirmək üçün hücumu davam etdirəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu